Kəlbəcər rayonu bu gün, özünün yeni inkişaf dövrünü yaşayır

0
11

  Tarixi faktlardan məlum olduğu kimi,1987-ci ilin sonunda Ermənistan açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsinə iddia qaldırdı. Bu iddialardan öncə Ermənistanın təhriki ilə Azərbaycanın Qarabağ bölgəsində, eləcə də, Ermənistanda yaşayan azərbaycanlılara qarşı mülki şəxslərin ölümü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnmiş hücumlar baş vermişdir. Ərazi iddialarının irəli sürülməsindən qısa bir müddət sonra, 250.000-dən çox azərbaycanlı Ermənistandan qovuldu. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində isə, münaqişə konkret olaraq, hərbi mərhələyə qədəm qoydu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevda görüb və ölkənin gələcək taleyini ona etibar edib. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Nəhayət, 1994-cü il may ayının 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul olunub.

Bildiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də,  Kəlbəcər rayonu olub. Kəlbəcər rayonunun işğalı, o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

 “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Rəsmi İrəvanın hərbi cinayəti saysız-hesabsızdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

Qürurverici bir haldır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Prezident İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Artıq, bu gün, infrastruktur layihələrinin icrası davam edir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Vətən müharibəsindən sonra, ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Kəlbəcərin çox böyük təbii enerji potensialı var. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri:

16.08.2021:

  • Azərbaycan bayrağının ucaldılması.
  • Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimi.

26.06.2022:

Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu müharibədə Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu. Bütün dünya gördü ki, 30 il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişəsinin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi, ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

 

                                                   Hörmətlə,  Müşfiq Əliyev

                                                     Azərbaycan Respublikası

                                                     Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

                                                     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

                           Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

                                                             BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code