Şəhid Vüsal Allahverdiyev kimi igid oğulları tanıtmalıyıq!

0
42

                          İşğalçı Ermənistan və onun havadarlarının 1988-1993-cü illərdə ərazi bütövlüyümüzə qarşı apardıqları məkrli siyasət nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. O zaman ölkəmizdə qeyri-sabit mühit vardı: hakimiyyətdə olan şəxslərlə hakimiyyətə gəlmək istəyən şəxslər arasında. Qonşu dövlətlər bu məqamdan məharətlə istifadə etdilər, nəticə etibarı ilə torpaqlarımızın 20 faizdən çoxu işğal edildi,  1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrildi.

1993-cü ilin avqust ayında dogma ev-eşiyindən zorla çıxarılan ailələrdən də biri Qubadlı rayonundan məcburi köçkün Tahir Qafar oğlu Allahverdiyev və onun ailə üzvləridir. Tahir və qardaşı Mahir I Qarabağ müharibəsində iştirak edib. Tahir, müharibə veteranıdır. Həmçinin, dayısı Akif Alıyev I Qarabağ müharibəsi veteranı və II dərəcəli müharibə əlilidir. O, ailə üzvləri ilə birgə Sumqayıt şəhərində məskunlaşıb. 2 övlad böyüdüb, 1 oğul və qız. Oğlu Vüsal 1988-ci il avqustun 16-da doğulub. 5 yaşında ikən Vüsalın taleyinə məcburi köçkünlük düşüb. Vüsal 1995-ci ilin sentyabr ayında Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib, orta təhsilini Qubadlı rayonundakı 2 nömrəli tam orta məktəbdə davam etdirib. 2006-cı ildə 11-ci sinfi bitirib. Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olub. 2010-cu ildə bu ali təhsil ocağını bitirib. 2010-2011-ci illərdə  AR Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətini başa vurduqdan sonra, dəqiq desək, 2012-2015-ci illərdə “Unibank” Kommersiya Bankında istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb.Vüsal bir müddət “Kontakt Home” Mağazalar Şəbəkəsində kredit mütəxəsisi vəzifəsində çalışıb. 2020-ci ildən “Kapital bank”da “Bir kart olmayan Kredit Təşkilatı” MMC-nin 20 nömrəli Filialının müdiri vəzifəsində çalışıb.

2020-ci ilin avqust ayında Tovuz-Qazax bölgəsində erməni silahlı birləşmələrinin törətdikləri vəhşilik Türk dünyasının qeyrətli övladlarının, həmçinin, Bank sektorunda mühüm vəzifədə çalışan Vüsal Allahverdiyevin də işıqlı gələcəyini alt-üst etdi. O, nə iş yerində, nə də evdə duruş gətirə bilmədi: AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsinə müraciət edərək, könüllü surətdə Azərbaycan Ordusuna daxil olmaq və ön cəbhəyə yollanmaq niyyətini bildirdi. Xidmət əməkdaşları Vüsalın ərizəsini qeydiyyata aldılar, lakin, döyüşçü qismində ön cəbhəyə yollanmasına hələ ehtiyac olmadığını qeyd etdilər. Tovuz hadisələri zamanı Vüsal belə bir söz söyləmişdi:”Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”

2020-ci il sentyabrın 27-də başlanan II Vətən savaşı zamanı V.Allahverdiyev yenidən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsinə müraciət edərək ön cəbhəyə getmək niyyətini açıqladı. Çox çətinliklə də olsa arzusuna çatdı, oktyabrın 1-də Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdən birinə göndərildi. “Həmlə” Taborunun tərkibindəki qısa müddətli hazırlıqdan sonra savaş meydanına atıldı. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının, eyni zamanda, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən ölüm-dirim savaşında iştirak edib. Döyüş yoldaşları təsdiqləyir ki, V.Allahverdiyev əsl türkçü, vətənpərvər insan idi. O, savaş meydanında nər oğlu nər kimi hərəkət edirdi. Deyirdi ki, “”…bir işin sonu şəhidlikdirsə, şəhidlikdən niyə qorxmalıyıq?” O, ağır döyüşlər zamanı bir neçə dəfə yaralanmış yoldaşlarını min bir əzabla savaş meydanından çıxarmışdı. Vüsal Allahverdiyevin sonuncu döyüşü 2020-ci il oktyabrın 30-da Xocavənd istiqamətində baş tutdu. Cəsur əsgər bu dəfə də döyüş yoldaşlarını xilas etmək üçün özünü düşmən tərəfindən atılan mərmi üzərinə tərəf atır. Nəticədə şəhid olur, səngər yoldaşları salamat qalır. Dövlət Başçısının müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Vüsal idmanla məşğul olur, asudə vaxtında Türk tarixinə aid kitabları mütaliə edərdi. Həmçinin, Türk dünyası tərəfindən rəğbətlə qarşılanan istedadlı müğənni Azərin xanımın, hərbi mars və mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında lentə alınan mahnı və marşları çox böyük maraqla dinləyərdi. 

Əksər Azərbaycan vətəndaşları Vüsal Allahverdiyev kimi ər oğulu tanımır. Halbuki Vüsal bəy rahat iş-gücünü ataraq ön cəhbəyə yollanmış və şəhid olmuşdur. Biz, Qubadlı rayonunun yetirməsi, şəhid Vüsal Allahverdiyev kimi ər oğulların tanıdılması üçün var qüvvəmizlə çalışmalıyıq.

Ruhun şad olsun, Vətən oğlu!

                  Ruhuna hörmət və ehtiramla,

                               Şamil Sabiroğlu(Ələkbərli),

              “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,

                  medonline.az və sabiroghlu.az saytlarının baş redaktoru,

                  müharibə veteranı.

                      23.XI.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code