Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib.

0
33

Məlum olduğu kimi, Azərbaycan-Bolqarıstan arasında ən yüksək səviyyədə fəal siyasi  münasibətlər mövcuddur. Ölkələrimizin münasibəti strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında müəyyən etmək olar. Bu gün, Bolqarıstan və Azərbaycan iki dost, strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bu Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapıb. Digər tərəfdən, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunu da bu aspektdə xüsusi qeyd etmək lazımdır. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikib. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə də, Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli, genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün də çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaq. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Şübhəsiz ki, bu məqam mavi yanacaq ixrac edən Azərbaycanın dünya enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyən Azərbaycan böhranlı məqamda da Avropa ölkələri üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin Bolqarıstana səfəri bir daha təsdiqləyir ki, Avropa dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və mövcud genişlənmə dinamikasını qoruyub saxlamağa hazırdır. Bundan əlavə, deyə bilərik ki, dövlət başçısının bütün bu təşəbbüsləri Azərbaycanın geosiyasi mövqelərinin möhkəmlənməsinə böyük töhfədir. Hər iki dövlət başçısının apardığı məqsədyönlü siyasət, dostluq əlaqələrinin genişləndirilməsi təşəbbüsünə əsasən,  Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

                           Sabit Mehdiyev.

                      Yeni Azərbaycan Partiyası

 Beyləqan rayon təşkilatının məsləhətçisi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code