Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya

0
6

Ekspert: “20 Yanvar şəhidlərinin matəm mərasimində, Xocalı soyqırımı zamanı Ağdamda yas tutan analar ”Şah Hüseyn, vah Hüseyn” deyib sinə vururdular”

Sərhəd gərginliyi zamanı şəhid olanların dəfnləri zamanı bir qrup dini şüarlar səsləndiriblər. Bu isə  cəmiyyətdə narahatlıqla qarşılanıb. İddialar bundan ibarətdir ki, həmin adamlar qətiyyən səmimi dindarlar deyil, sadəcə? din adı altında fürsət düşən kimi İran təbliğatı aparan şəbəkə üzvləridir. Ancaq onların heç də hamısının şəbəkə adamları olmadıqları, sadəcə? cahillikdən, bilməzlikdən prosesə qoşulduqları da deyilir. Vəziyyət o həddə çatdı ki, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməli oldu.

Bundan sonra isə ictimaiyyət sanki bu məsələ ilə bağlı iki qütbə bölündü. Bəzi şəxslər dini dəyərləri aşağılamağa başladı. Şiə məzhəbinin rəğbət bəslədiyi şəxslərin təhqir olunması isə inanclı şəxslər tərəfindən qıcıqla qarşılandı.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a  dedi ki, bu məsələ əsl mahiyyətindən kənara çıxaraq inancın təftiş edilməsinə, hətta milli təhlükəsizlik məsələsinə qədər aparıldı: “Əlbəttə, yanlış yanaşmadır. Əvvəlcə bu cür yas tutulması mövzusundan başlayaq. İnsanlar dinindən, irqindən asılı olmayaraq adətən hər hansı sosial, məişət hadisəsi zamanı meyar – ölçülər müəyyən edirlər. Yəni tutalım ki, Azərbaycanda qəhrəmanlıq göstərən biri haqqında Babək, Koroğlu, Şah İsmayıl Xətai, Qaçaq Nəbi kimi epitetlər deyilir. Yəni bu şəxslər Azərbaycan xalqının qəhrəmanlıq etalonudur və meyar kimi qəbul olunur. Yaxud da elm adamları, incəsənət nümayəndələri üçün bu cür onlarla, yüzlərlə meyar şəxslər var. Eyni meyar birbaşa dini mövzulara da aiddir. İgidliyin, sədaqətin nümunəsi Həzrət Əbəlfəzl Abbas hesab olunur. Sona qədər qardaşının yanında olub, canını onun yolunda qurban verib. Yaxud müdrikliyin, elmin nümunəsi Həzrət Əli (ə) qəbul olunub. O cümlədən şəhadətin meyarı, ölçüsü Həzrət Hüseyndir (ə). Yəni İslam dinində Həzrət Həmzə, Cəfər Təyyar və İmam Hüseyn (ə) şəhadət simvollarıdır. Əlbəttə, İslam tarixində şəhid edilən çoxlu sayda böyük şəxsiyyətlər, müqəddəslər var. Amma bu sadaladığım şəxslər seçilir. Ələlxüsus da Həzrət Hüseyn (ə), İmam Hüseyn (ə) fədakarlığın, əqidə yolunda dönməzliyin və hər şeyini, o cümlədən canını qurban vermənin ən möhtəşəm nümunəsidir. Bunu İslamdan anlayışı olan hər kəs etiraf edir. Tarixən də şiələr arasında İmam Hüseynə (ə) matəm və onu yad etmək xüsusi rituala çevrilib və bu gün də davam edir. Bu səbəbdən də şiələr arasında dünyadan köçənlər, xüsusən də şəhid olanlar üçün matəm məclislərində İmam Hüseynin (ə) yad edilməsi bir ənənəyə çevrilib. Bu, şəriət hökmü və ya dini fərz deyil, ənənədir. Bunun İranla əlaqələndirilməsi də absurddur”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Ekspert əlavə edib ki, Azərbaycanda Bibiheybət, yəni 8-ci İmam Rzanın (ə) bacısı Həzrət Həkimənin, həmçinin 5-ci imamın övladları Həzrət İbrahim və İsmayılın məzarlarının olması göstərir ki, şiə – Əhli Beyt inancı burada yeni deyil,  qədimdən mövcud olub: “Hətta sovet dövründə belə bu ənənə yaşayıb. Məsələn, kadrlarda var, 20 Yanvar şəhidlərinin matəm mərasimində, Xocalı soyqırımı zamanı Ağdamda yas tutan analar “Şah Hüseyn, vah Hüseyn” deyib sinələrinə vururdular. O zaman nə İran təbliğatı vardı, nə də dindarlıq tam azad deyildi. Yəni bu, Azərbaycan xalqının artıq ənənəsinə çevrilmiş adətdir. Bunu hansısa xarici ölkənin missioner və ya kəşfiyyat fəaliyyətinə bağlamaq xalqa təhqirdir. Konkret faktın üzərinə gəlsək, əlbəttə, din və adətlər ifratı rədd edir. Matəm də milli-dini ənənələrə əsaslanmalıdır. Digər tərəfdən, əgər ailəsi etiraz edərsə, orada əza məclisi qurmaq doğru olmaz. Daha yaxşı olar ki, bu cür hallarda şəhidin ailəsinin fikri nəzərə alınsın. Əgər etiraz edirsə, kimsə orada zorla əza məclisi etməməlidir. Amma bütün bunlar detallardır, hansısa bir dəfn mərasimində kimin və ya kimlərinsə ifrat hərəkətləri olubsa, bunu bütünlüklə bir məzhəbin – inancın adına bağlamaq, ümumiyyətlə, bu mərasimləri inkar etmək doğru deyil. Azərbaycan tarix boyu fərqli inancların yanaşı yaşadığı ölkə olub. İndi də fərqli inanclara dini görüşlər əsasında deyil, qarşılıqlı hörmət və dözümlülüklə yanaşmaq lazımdır. Unutmaq olmaz ki, hər xalqın özünəməxsus adət və ənənələri var. Hətta bu gün Okeaniyanın kiçik xalqlarının ənənələri yaşadılır və hörmət görürsə, bizim min illik ənənələrimizi rədd etmək və bunu kütləvi kampaniyaya çevirmək ölkədə dini sabitliyə zərbədir. Dediyim kimi, bütün inancların ardıcılları arasında ifratçılığa meylli qruplar var, amma bu cür ifratçılıq heç yerdə bütünlükdə o inancın və ya cərəyanın inkarına səbəb olmur. Yalnız Azərbaycanda buna cəhdlərə rast gəlirik”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code