Şəhid baş leytenant Tural Əsgərlinin xatirəsinə həsr edilən tədbir keçirildi

0
20

Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə gedən ölüm-dirim savaşında şəhid olan oğullardan biri də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əsgərli Tural Ələmdar oğludur. O, 1993-cü il aprelin 20-də Naxçıvan MR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində doğulub. Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi və Bakıda-Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirib. 2016-cı ilin aprel savaşının və 2020-ci il sentyabrın 27-də başlanan II Vətən savaşının iştirakçısıdır.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaşda baş leytenant Tural Əsgərlinin rəhbərlik etdiyi bölüyün şəxsi heyəti xüsusi qəhrəmanlıq nümunəsi göstərərək Kəlbəcər istiqamətində düşmənə sarsıdıcı zərbələr vurdu. Özü isə düşmənin bir neçə gözətçi məntəqəsinin ələ keçirilməsində şəxsi igidlik nümunəsi göstərdi. T.Əsgərli 2020-ci il oktyabrın 1-də şəhid oldu. Onu oktyabrın 3-də Bakıdakı II Fəxri xiyabanda dəfn etdilər. Tural bəy ailəli idi, Sevgi və Sunay adlı 2 azyaşlı körpəsi yadigar qalıb.

Dövlət Başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən T.Əsgərli 3-cü dərəcəli “Rəşadət ordeni”nə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub(ölümündən sonra).

Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid T.Əsgərlinin ailəsi Bakının Sabunçu rayonunda hazır yaşayış sahəsi ilə təmin olunub. Bu yaxınlarda Ramana qəsəbəsindəki küçələrdən birinə şəhid Tural Əsgərlinin adı verilib.

Avqustun 20-də Ramana qəsəbəsində şəhid T.Əsgərlinin adını daşıyan küçənin açılış mərasimi oldu. Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az və sabiroghlu.az saytlarının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi. Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri vəzifəsini icra edən Vətən müharibəsi iştirakçısı Zülfüqar Cəfərov, Ramana qəsəbə Bələdiyyəsinin sədri Turqay Qəribov, Sabunçu rayon İcra Hakimiyyətinin Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif  Osmanov, Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktoru, Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova,  Azərbaycan-Türk Xalqlarının Qardaşlığı İctimai birliyinin sədr müavini, ehtiyatda olan zabit Telman Kərimov, Azərbaycan-Türk Xalqlarının Qardaşlığı İctimai birliyinin sədr müavini,  Prezident Təqaüdçüsü, şair Abil İslam, ehtiyatda olan polkovnik – leytenant Namiq Heydərov, Laçın rayonundan məcburi köçkün, şair-publisist Rövşən Atakişiyev və başqaları çıxış edərək şəhid adının uca tutulduğu üçün Dövlət Başçısına təşəkkür etdilər. Çıxış edənlər şəhid Tural Əsgərlinin xatirəsini daim əziz tutacaqlarını qeyd etdilər.

 Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, torpağa və şəhidlərə həsr edilən şeirlər səsləndirildi. Tural bəyin anası Nüşabə Əsgərova, həyat yoldaşı Vüsalə Xanım şəhidin adını uca tutduqları üçün Dövlət Başçısına və Azərbaycan xalqına öz minnərdarlıqlarını bildirdilər.

Redaksiyadan: Tədbirin baş tutmasında zəhməti olan hər bir şəxsə təşəkkür edirik.

                              Şamilə Şamilqızı,

             “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, medonline.az saytının müxbiri.

                                Bakı, 22.08.2022.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code