“Əgər avqustun 25-dən sonra Qarabağdakı erməni silahlıları könüllü təslim olmasa…”

0
14
1993-1994-cü illərin qış aylarında 3000-3500 metrədək yüksək dağ şəraitində keçirilmiş  Murovdağ əməliyyatının iştirakçısı, keçmiş tabor komandiri, istefada olan mayor Gəray Əsədovla Moderator.az üçün bu dəfəki söhbətimizdə Milli Ordumuzun son uğurlu antiterror əməliyyatının nəticələri və əhəmiyyəti, həmin əməliyyatlar zamanı azad edilmiş strateji yüksəkliklərdə I Qarabağ savaşı zamanı keçirilmiş döyüşlər, bundan sonra Qarabağda ordumuzu gözləyə biləcək strateji hədəflər və s. barədə danışdıq.
-Gəray bəy, I Qarabağ savaşında döyüşlərdə və atəşkəs dövründəki zabit kimi hərbi xidmətiniz zamanı kifayət qədər təcrübə qazanmış bir peşəkar hərbçi kimi Milli Ordumuzun Qarabağda apardığı son antiterror əməliyyatlarını necə dəyərləndirirsiz?
 
-Kifayət qədər peşəkar və yüksək səviyyədə keçirilən əməliyyatlar oldu. Azərbaycan ordusu çevik antiterror əməliyyatı çərçivəsində ən azı, 3 strateji yüksəkliyi və ümumilikdə 164 kvadrat kilometrlik ərazini qanunsuz erməni birləşmələrindən azad etdi…
 
Öncə Qarabağ silsiləsindəki əsas zirvələr azad olundu. O istiqamətdə Laçın dəhlizinə, Ermənistanın Gorus şəhəri istiqamətinə, eləcə də Şuşa və Xankəndinə nəzarət etmək üçün iki əsas yüksəklik var. Kəlbəcər tərəfdən gələndə sağ istiqamətdə 1918 metr hündürlüyü olan Hoçaz dağıdır, sol tərəfdə isə 2295 metrlik Sarıbaba dağıdır. Sol tərəfdə xeyli şimala doğru yerləşən 2679 metrlik Qırxqız yüksəkliyi də Laçın dəhlizi ilə yanaşı,  Xankəndi şəhəri və  Xocalı rayonuna nəzarət üçün vacibdir. Odur ki, ordumuzun Sarıbaba və Qırxqız yüksəkliklərini azad etməsi böyük uğurdur… 
 
Bir tərəfdən Kəlbəcərin Yanşaq və Bağırlı, digər tərəfdən isə Ağdaban və Çayqovuşan kəndlərinin yaxınlığında yerləşən 2374 metrlik strateji Buzdux dağının azad olunması da çox böyük hərbi-siyasi əhəmiyyətə malikdir.  Yəni Buzdux kimin əlindədirsə, o, Tərtər-Ağdərə-Kəlbəcər magistral yolunu tam nəzarətə götürür. Və bundan sonra keçmiş Dağlıq Qarabağın qalan əraziləri ətrafındakı həlqə tamamilə daralır…
 
-Adı çəkilən yüksəkliklər birinci Qarabağ savaşında da xüsusi strateji əhəmiyyət kəsb edib və bir neçə dəfə əldən-ələ keçib. Bu mövzuda yaddaşınızda nələr qalıb?
 
-Yadımdadır ki, Laçın şəhəri və ətraf kəndlərin işğalından sonra 1992-ci ilin sentyabrında  erməni işğalçılarından azad edilən Sarıbaba yüksəkliyi 1992-ci il noyabrın 16-da  yenidən işğal olunmuşdu. Həmin dövrədək mənim də iştirakçısı olduğum döyüşlərdə Milli Ordumuz həmin yüksəkliyi qoruyub saxlamışdı. Təəssüf ki, sonradan müəyyən qüvvələrə bağlı bəzi ordu birləşmələrimiz Sarıbabanı tərk etdiyindən digər qüvvələr bu yüksəkliyi müdafiə edə bilmədi. Ermənistan ordusu üçün Hoçaz kimi, Sarıbaba da Laçın dəhlizinə, ayrıca Şuşa-Laçın-Gorus avtomobil yoluna nəzarət üçün çox vacib idi… Dağın bir üzü Qaragav deyilən yerdi, Şuşanın Sarıbaba, Göytala, Cəmillər, İmanqulular kəndləri, digər tərəfində isə Laçının Bülüldüz, Xırmanlar, Tığık-1, Tığık-2, Fingə və s. kəndləri yerləşir. Qarabağ dağ yaylasına aid olan Qırxqız dağının qərb yamacında isə Laçın rayonunun Fərraş, Çorman, Şamkənd, Nağdalı və s. kəndləri var. 1990-cı illərdə həmin kəndlərdə də ordumuzun gərgin döyüşləri olub…
 
-Bildiyimizə görə, 1993-1994-cü illərdəki Murovdağ əməliyyatında Buzdux yüksəkliyi ətrafındakı döyüşlərdə də iştirak etmisiz…
 
-Bəli, doğrudur. Milli Ordumuzun bu günlərdə keçirdiyi uğurlu əməliyyatlar sayəsində qanunsuz erməni birləşmələrindən azad etdiyi 2374 metrlik Buzdux yüksəkliyi Birinci Qarabağ savaşında hərbi əməliyyatların ən qızğın nöqtələrindən biri olmuşdu. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın da yazı və müsahibələrində həmin yüksəkliyin adı çəkilir…  

Bildiyimə görə, o vaxtkı döyüşlərin qızğın çağında hətta Rusiya prezidenti Boris Yeltsin də Azərbaycan Prezidenti Heydər Əliyevə zəng edib ki, Azərbaycan ordusu Buzdux yüksəkliyindən geri çəkilsin… 
 
Yadımdadır ki, Murovdağ əməliyyatı ilə bağlı istintaq materiallarında da Buzdux istiqamətinə aid ciddi faktlar var idi. Erməni komandirlərin bizim kəşfiyyat tərəfindən tutulmuş radio-danışıqlarında qeyd olunurdu ki, Beyləqan istiqamətindəki bir moto-atıcı alay və üstəgəl 300 nəfərlik Dizak dustaqlardan ibarət qrup Kəlbəcər rayonunun Ağdaban-Çayqovuşan kəndləri ərazisinə göndərilsin.  Ağdaban, Çayqovuşan kəndləri isə Buzduğ dağının dibindədir…

Ümumiyyətlə, o vaxtkı əməliyyat məlumatlarımıza görə, 1994-cü il yanvarın 28-dən başlayaraq ermənilər Buzdux dağı ətrafına 4 min nəfərə yaxın canlı qüvvə toplamışdı.  Yəni demək istəyirəm ki, 1994-cü ilin yanvarındakı gərgin əməliyyatlar zamanı nə Ermənistan, nə də Rusiya Buzdux dağının Azərbaycanın nəzarətinə keçməsini istəmir və maksimum çalışırdılar ki, həmin yüksəklik erməni qüvvələrinn nəzarətində qalsın. Yadınızda, ötən ilin sentyabrında da sizinlə də Rusiya “sülhməramlı” kontingentinin öz məsuliyyət zonalarına aid xəritələrində Buzdux dağını xüsusi olaraq göstərmələri  və əslində həmin yüksəkliyin Azərbaycanın nəzarətində olmasının vacibliyi haqda söhbətimiz olmuşdu… Yəni Rusiya ordu komandanlığı indi də Buzduxun dəyərini anlayırdı… Bu baxımdan həmin istiqamətdə döyüşlərdə olmuş bir keçmiş hərbçi komandir olaraq mənim üçün də maraqlıdır ki, Rusiya tərəfi Azərbaycan tərəfinin hərbi təzyiqi ilə yanaşı,  hansı siyasi-diplomatik təzyiqi ilə də üzləşib ki, Buzdux kimi yüksəkliyin faktiki olaraq öz  məsulliyyət zonasından çıxarılmasına razılıq verib…

 
-Sizcə, Yuxarı Qarabağın qalan hissəsini, o cümlədən Xankəndi və Xocalını tam nəzarətə götürmək üçün bundan sonra qarşıda hansı strateji yüksəklik və məntəqələrin azad edilməsi vəzifəsi dayanır?
 
-Hesab edirəm ki, əgər avqustun 25-dən sonra Qarabağdakı qanunsuz silahlı birləşmələr könüllü şəkildə silahı yerə qoyub təslim olmasalar,  hazırda əlimizdə olan 2020-ci ilin 44 günlük müzəffər savaşında şəhid və qazilərimizin canı-qanı bahasına azad edilmiş Talış-Suqovuşan istiqamətindən Sərsəng su anbarına doğru yol açmaq, həmin istiqamətdəki hayların “Tonaşen” adlandırdıqları Təpəkənd, “Levonarx” adlandırdıqları Göyarx, Lüləsaz(“Akopkamari”) məntəqələrini azad edib Sərsəng su anbarını nəzarətə götürmək gərəkdir. Tərtərçayın axını istiqamətində Sərsəngin sol sahilində Murovdağ silsiləsinin ətəyindəki “Aterk” adlanan Həsənriz,  İmarət Qərvənd, Kərəmli, Zərdəxaç  və s. kəndləri də götürüldükdən sonra Tərtər-Kəlbəcər yolu bizim üçün tamamilə açılacaq…
 
-Sərsəng su anbarının yaxın gələcəkdə azad olunması üçün bu günlərdə Azərbaycan ordusunun  keçirdiyi antiterror əməliyyatı nəticəsində  Kəlbəcər rayonunun hayların “Drmbon” adlandırdıqları Heyvalı kəndindəki artilleriya hərbi hissəsi və azı bir post məhv edilməsi və eyni rayonun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilməsi nəticəsində erməni silahlılarının xeyli canlı qüvvəsinin məhv edilib və yaralanması, həmçinin bir neçə “D-30” haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilməsinin də böyük əhəmiyyəti olacaq, yəqin ki?
 
-Bəli, əlbəttə. Heyvalı da, Yuxarı Orataq da Sərsəng su anbarının sağ sahilində yerləşən çox strateji əhəmiyyətli məntəqələrdir. 1992-1993-cü illərdə həmin məntəqələrin azad edilməsi və müdafiəsi uğrunda neçə-neçə Azərbaycan oğlu şəhid olub. İnşallah, tezliklə həmin kəndləri də azad edər ordumuz… Ağdam-Xocalı istiqamətində də Fərrux yüksəkliyi artıq bu ilin mart ayından azad olunub, şərqdə Laçın tərəfdən bayaq xatırlatdığımız Qırxqız dağı azad edilib.  Qalır Xocalı rayonu ərazisindəki Ulubaba, Sağsağan dağı kimi o qədər də hündür olmayan yüksəkliklər ki, ordumuz onları da asanlıqla azad edəcək və Xocalı, Xankəndinə yol xeyli açılacaq. Yəqin ki, öncə dediyim kimi, avqustun 25-dən sonra Qarabağdakı qanunsuz silahlı birləşmələr könüllü şəkildə silahı yerə qoymasalar, artıq son və həlledici antiterror əməliyyatı başlayacaq və ordumuz Şuşa ətrafındakı Böyük Kirs(2725 m), Kiçik Kirs(2346) və Keçəldağ(2214 m) kimi yüksəklikləri də azad edərək qısa müddətdə keçmiş Dağlıq Qarabağ ərazisini, demək olar ki, tam  nəzarətə götürəcək…
 
-Siz  1993-1994-cü illərdə, dekabr-yanvar aylarında, yəni qışın oğlan çağında keçirilmiş Murovdağ savaşı zamanı 3500 metrə yaxın  Ömər aşırımı, Koroğlu kimi yüksəkliklərdə hücum əməliyyatlarında iştirak etmisiz. Keçmiş Dağlıq Qarabağ ərazisi əsasən dağlıq ərazilərdir. Bu ərazilərdə keçirilən müdafiə və hücum əməliyyatlarına qatılan döyüşçülərimiz əsasən hansı vərdişlərə yiyələnməlidir?
 
-Azərbaycan ordusunun ixtisaslaşmış hərbi birləşmələri hər cür şəraitdə; həm dağ, həm meşə, həm çöl şəraitində döyüşməyə hazırdır. Konkret desək, Azərbaycan əsgəri yetərincə püxtələşib. Hesab edirəm ki, artıq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həll edə bilməyəcəyi problem qalmayıb. Çünki istər Ermənistandakı, istərsə də Qarabağdakı erməni ordusunun bizim orduya qarşı qoyulacaq hərbi birləşmələri də, texnikası, silah-sursatı da yoxdur. Əsas odur ki, ordumuzun xüsusi birləşmələri operativ və çevik şəkildə və əsasən düşmənin  arxasında işləyir…
 
Məsələn, Kəlbəcərin Ağqaya kəndi ətrafında keçirilmiş əməliyyatdan kiçik bir misal: Almalıq və Laçın kəndlərindən keçib həmin kəndə çıxırsan. Rusiya hərbçilərinin məsuliyyət zonası Ağqaya kəndindən keçirdi. Həmin kənd yaxınlığındakı erməni postlarını almaq üçün bizim xüsusi təyinatlılar öncədən gizli şəkildə gedib kənd ətrafında mövqelərini qurublar. Və düşmənin gözləmədiyi bir məqamda hücum edib  Ağqaya ətrafındakı postları azad ediblər. Yəni qanunsuz hay birləşmələri bir də ayılıb ki, artıq Azərbaycan xüsusi təyinatlılarımız onların arxasındadır və təslim olmağa məcbur qalıblar. 
 
Buzdux kimi bir yüksəkliyin də qısa müddətdə  azad olunması göstərir ki, ordumuzda hərbi və fiziki hazırlıq baxımından kifayət qədər püxtələşmiş, təpərli və dizibərk oğullarımız yetərincədir…
 
Və ən əsası, birinci Qarabağ müharibəsi ilə, yəni 1990-cı illərlə müqayisədə ordumuz dəfələrlə inkişaf edib. Hazırda xüsusi ixtisaslaşmış dağ-atıcı alaylarımız da, həmlə qruplarımız, xüsusi təyinatlılarımız, qardaş Türkiyənin böyük dəstəyi ilə hazırlanmış “Komandos” birləşmələrimiz də var…    
 
-Yəqin ki, bütün hallarda dağ şəraitini də nəzərə alaraq havalar soyuyanadək, təxminən 8 Noyabr Zəfər Gününədək Qarabağdakı əsas hərbi əməliyyatları yekunlaşdırsaq, yaxşı olar?
 
-Bilirsiz, əvvəla, öncə dediyim kimi, avqustun sonunda əməliyyatlar başlasa, qısa müddətdə, uzağı 10-15 günə uğurla yekinlaşacaq. İkincisi də hava şəraiti dediyimiz orta yüksəkliklər şəraitində də təxminən noyabrın 20-dək hərbi əməliyyatlar aparmağa imkan yaradır…
 
İnşallah, Qarabağda tam və qəti qələbə bizimlədir. Allah şəhidlərimizə rəhmət eləsin və ordumuzu qorusun!..
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code