XTQ-nin kapitanı: “Erməni kombat deyirdi ki, “Yaşma”nın gəlib bizi öldürməsini gözləyirəm” – FOTO

0
7

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, kapitan Famil Məlikov Publika.az-a müsahibə verib.

Dosye: Kapitan Famil Məlikov 1990-cı ildə Salyan şəhərində anadan olub. 1996-2007-ci illərdə Salyan şəhərindəki Mərdan Muradxanov adına orta məktəbdə təhsil alıb. Uşaqlıqdan hərbi sahəyə həvəsi olub. Bu həvəs onu 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə gətirib. 2011-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. Sonradan Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursunda təhsilini davam etdirib. 2012-ci ildən peşəkar zabit Azərbaycan Ordusu sıralarında ilk olaraq ön xətdə xidmət etməyə başlayıb. İki il Murov dağında xidmət edib, daha sonra N saylı hərbi hissələrdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrə olan həvəsi 2015-ci ildə onun xüsusi təyinatlı qüvvələr kursuna getməsinə vəsilə olub. O, xüsusi təyinatlı qüvvələr kursuna yazılıb və onu fərqlənmə ilə bitirib və 2015-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində müvafiq vəzifələrdə xidmət edib.

Xidmət müddətində dalğıc, paraşüt, dağçılıq, xüsusi təyinatlı qüvvələr, anti-terror, amfibiya, yaşayış məntəqələrində döyüş, xüsusi əməliyyat kurslarında iştirak edib.

2016-ci ilin aprel döyüşlərinin iştirakçısıdır. Aprel döyüşlərində strateji obyektlərin sıradan çıxarılmasında, hakim yüksəkliklərin ələ keçirilməsində şəxsən qrup komandiri kimi iştirak edib. Famil Məlikov həmçinin, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Döyüş tapşırıqlarını icra edərkən göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub. Həmçinin, hərbi xidmətdə olduğu dövrdə Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi, 100 illiyi yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalla təltif edilib.

– Cənab kapitan, Vətən müharibəsində keçdiyiniz döyüş yolu barədə danışmağınızı istərdik…

– Bizim uzun müddət gözlədiyimiz Vətən müharibəsinin başladığı ilk gündən Kəlbəcər-Murovdağ istiqamətində döyüş tapşırıqlarına cəlb olunmuşam. Murov yüksəkliyinin düşmən tapdağından azad edilməsi və düşmən arxasında strateji təminat yollarının ələ keçirilməsində və bir sıra düşmən obyektlərinin, düşmən kolonlarının sıradan çıxarılması tapşırıqlarında iştirak etmişəm. Sonra döyüş yolumu Cəbrayıl istiqamətində davam etdirmişəm. Cəbrayıl şəhərinin işğaldan azad olunmasında iştirak etmişəm. Cəbrayıl şəhərinə girən ilk dəstənin qərargah rəisi olmuşam. Orada az heyətlə, yəni 120-130 nəfərlik heyətlə 450 nəfərə yaxın düşmən alayını darmadağın edib, xeyli sayda canlı qüvvəsini məhv etmişik, texnikalarının çox hissəsini qənimət götürmüşük. O döyüş mənim üçün həlledici döyüş oldu. Çünki mən həmin döyüşdə ağır yaralandım. Ümumiyyətlə, müharibə dövründə ən ağır döyüşlər Cəbrayıl rayonunda gedib. Çünki ərazi relyefinə görə düzənlik ərazi idi. Örtük gizlənməsi yox idi. Düşmən isə hakim yüksəkliklərdə oturub rahatlıqla bizim hərəkət və fəaliyyətimizi, manevrlərimizi müşahidə edib ona qarşı tədbirlər görməyə çalışırdı. Buna baxmayaraq içimizdə düşmənə olan nifrət və Vətənimizə olan sevgimiz bu məhdudiyyətlərə üstün gəldi. Biz tapşırığı müvəffəqiyyətlə yerinə yetirərək oktyabrın 4-də cənab Ali Baş Komandana azad edilən ilk şəhər Cəbrayılın azad edilməsini məruzə etmişik. Mən çox qürurluyam ki, şəhərin azad olunmasında şəxsən özüm iştirak etmişəm.

– Məruzə edən siz idiniz?

 – Xeyr, məruzə edən başqa döyüş yoldaşımız idi. Mən həmin döyüşdə artıq yaralanmışdım. Şəhər azad olundu, mən yaralandım.

Hal-hazırda həmin alayın yerində bizim bölmələrimiz xidmət göstrərir. Cəbrayıl şəhərində məşhur “vışkalar” deyilən yer var. Kim Cəbrayıla gedibsə, orada düşmənin vurulmuş texnikalarının qalıqlarını görə bilər. Orada həddindən artıq çox düşmən texnikası məhv etmişdik. Orada bir tank taboru var idi, gücləndirməyə gəlmişdi. Biz əlimizdə olan tank əleyhinə vasitələrlə ilk növbədə onların texnikalarını vurub hərəkətlərini iflic vəziyyətə saldıq. Demək olar ki, onlar şoka düşmüşdülər. Onlar bizi öndən gözləyirdilər, biz onları arxadan yaxalamışdıq.

– Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralandığınzı bildirdiniz. Yaralandıqdan sonrakı anları necə xatırlayırsınız?

– Döyüş meydanından silah yoldaşlarımın sayəsində təxliyyə olundum. Aldığım yaralar çox ağır olduğundan məni ordu sıralarından ehtiyata buraxdılar. Artıq 2021-ci ilin iyul ayından ehtiyatdayam. Düşmənin atdığı əl qumbarası qəlpəsi boğaz nahiyyəmdən dəydi, sol qolumun hərəkəti məhdudlaşdı və həmin anda tək əllə də olsa, döyüşü davam etdirirdim. Əlverişli mövqeyə çəkilmək istəyəndə növbəti dəfə düşmənin atdığı güllə döş qəfəsimdən dəydi, ağciyərimin yarısını sıradan çıxarıb, üç qabırğam yoxdur. İkinci qrup əlilliyim var. Ona görə də ordu sıralarından ehtiyata buraxılmışam. Ancaq yenə də mənfur düşmənin bizə qarşı pis niyyəti olarsa, cənab Ali Baş Komandanın bir çağırışı ilə biz yenə də əlimizdə silah götürməyə hazırıq. Bu Vətənə canımız fədadır. Bu torpağın üstündə gəziriksə, bu torpaq üzərində bitən çörəyi yeyirik, suyunu içiriksə, onu son damla qanımıza qədər qorumasaq, bu bizim haramımız olar.

– Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsində yeri və rolu barədə çox deyilib, çox yazılıb. Hətta “Kod adı: Yaşma” adlı sənədli film çəkilib. Bir Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi indiyədək görünməyən, cəmiyyətə çatdırılmayan nələri qeyd edə bilərsiniz?

– Bilirsiniz ki, hər kəs Xüsusi Təyinatlı Qüvvələr mənsubu ola bilməz. Ora xüsusi şəxslər, yəni xüsusi iradəsi, xüsusi bacarığı, istedadı olan insanlar şəxslər seçilir. Hər dəfə kursa 200-300 nəfər yazılır, onlardan yalnız 10-20, bəzən 30 nəfər kursu keçə bilir. Kursu keçmək çox çətindir. Ancaq əsas çətinliklər kursu keçdikdən sonra başlayır. Çünki ondan sonra davamlı təlimlər olur. Biz təlimlərimizi düz yerdə, yaxud isti otaq şər,aitində keçmirik. Bizim təlimlərimiz ancaq dağda, dərədə, meşəlik ərazidə, qarlı ərazilərdə olur. Yəni, sabah döyüş tapşırığını harada icra edəcəyiksə, ona yaxın ərazilərdə öz tapşırığımızı, təlimlərimizi keçirik. Bundan da məqsəd daim döyüşə hazır olmaqdır. Bu gün bunu etdim, bitdi söhbəti yoxdur. Bizim məqsədimiz daim ən yüksəkdə olmaqdır. Cənab Ali Baş Komandan bizimlə tez-tez görüşüb. Hər dəfə o bizə öz vəzifə borcumuzu dəfələrlə xatırladıb. O bizə etimad göstərib, bizə güvənib, biz də onun güvənini doğrultmaya bilmərik. Biz döyüş meydanında da onun etimadını, bizə göstərdiyi diqqət və qayğını doğrultduq. Hər şeyin ən yaxşısı bizə layiqdirsə, biz də ona görə ən yaxşısını etməyə çalışırıq.

– Siz özünüz Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin yeri və rolu barədə nələri qeyd edə bilərsiniz?

– Xüsusi təyinatlıların vətən müharibəsindəki rolu danılmazdır. Çünki biz heç kimin ağlına gələ bilməyəcəyi ərazilərdə tapşırıqlar icra etmişik. Bilirsiniz ki, onlardan biri də Şuşa döyüşləridir. Yəni, düşmənin gözləmədiyi vaxtda, gözləmədiyi anda biz həmin yerdə peyda olmuşuq və tapşırıqları gizli şəkildə icra etmişik. Düşmənin bundan xəbəri olmayıb. Biz onlara elə yaxınlaşmışıq ki, düşmən fikirləşə bilməyib ki, bu öz qüvvələridir, yoxsa bizim qüvvələr. Yəni, bizimlə özlərini ayırd edə bilməyiblər.

2016-cı ilin aprel döyüşlərinədək onlar ön xətdə təxribatlar törədirdilər, biz də yuxarı komandanlığın göstərişinə uyğun olaraq lazımi cavabları verirdik. Yəni, Xüsusi Təyinatlı Qüvvələrin icra etdiyi tədbirlər, tapşırıqlar sayəsində onlar artıq Azərbaycan Ordusunun 1992-94-cü illərdəki ordu olmadığını artıq dərk etməyə başlamışdılar. Onların bəzi səs yazıları tutulmuşdu. Bir-birləri ilə danışıq əsnasında bir taborun komandiri digər tabor komandirinə deyirdi ki, nə edirsən? Deyir Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin gəlib bizi öldürəcəklərini gözləyirəm. Öz aralarında belə zarafatlar edirdilər. Onlar bizi “Yaşma” adı ilə tanıyırdılar.

– Bu səsyazısı nə vaxt tutulmuşdu?

– Onu bizim radioelektron kəşfiyyatın uşaqları tutmuşdular. Bizə də məlumat verirdilər. Bu hadisə 2016-cı ilin aprel döyüşlərindən qabaq olan xırda tapşırıqlardan qalma idi. Özləri öz aralarında zarafat edirdilər ki, hər an, istəmədikləri bir vaxtda biz orda peyda olub tapşırıq icra edə bilərik. Onların artıq canına qorxu düşmüşdü. “Yaşma” adı gələndə, eşidəndə də “Yaşma” burdadır, artıq canlarına vəlvələ düşürdü. Gözləyirdilər, bilirdilər ki, istənilən vaxt kimisə hardasa tutub tapşırığı icra edib məhv edə bilərik.

– Ordumuzun hazırkı gücü, qüdrəti barədə nələri qeyd edə bilərsiniz?

– Ordumuzun gücü günü-gündən artır. Birinci Qarabağ müharibəsində döyüşən zabitlər artıq ehtiyatdadırlar. Biz onlardan eşitdiklərimizi, onların bizə keçdiklərini bilirdik. Hazırlıqlarımızı da ona uyğun qururduq. Artıq özümüz döyüşmüşük. Özümüz praktika qazanmışıq. Əvvəlki texnikalarla, əvvəlki dövrdə istifadə olunan silahlarla indiki silahlar arasında yerlə-göy qədər fərq var. Artıq hər şey müasirdir. Ona görə gördüyümüz, əldə olunan uğurları təkmilləşdiririk. Döyüş meydanında hardasa nöqsanımız, hardasa zəif tərəfimiz var idisə, həmin zəif tərəflərin üzərində işləyib onu mükəmməl hala salırıq ki, gələcəkdə bundan da yaxşı nailiyyətlərimiz olsun.

– Qarşıdan 26 iyun – Silahlı Qüvvələri Günü gəlir. Bu günlə bağlı Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikləriniz, ürək sözləriniz varsa, çatdırmağınıza vəsilə ola bilərik…

– 26 iyun – Silahlı Qüvvələri Günü münasibətilə döyüş yoldaşlarımı, hal-hazırda Silahlı Qüvvələrdə xidmət keçən və ehtiyata buraxılmış hərbi qulluqçuları, qaziləri ürəkdən təbrik edirəm. Bu şərəfli yolda, bu şərəfli xidmətlərində onlara uğurlar arzulayıram.

  • XTQ-nin kapitanı: “Erməni kombat deyirdi ki, “Yaşma”nın gəlib bizi öldürməsini gözləyirəm” – FOTO

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code