Ərdoğan ABŞ-a da, Rusiyaya da şərtləri diqtə edir: Türkiyənin antiterror planına əngəl törədilməyəcək

0
15

Rəsmi Ankara həm ABŞ və Qərbi, həm də Rusiyanı ən aciz durumlarında yaxalamağı bacarıb… Türkiyənin narazı salınması hər iki tərəfə olduqca baha başa gələ bilər…

Türkiyə öz sərhədləri ətrafındakı regionlarda hərbi-siyasi iradəsini qəbul etdirməyə başlayıb. Əslində, Ukrayna savaşı nəticəsində yaranmış yeni beynəlxalq situasiya da buna tamamilə uyğundur. Və hazırda Türkiyənin beynəlxalq rəqibləri də rəsmi Ankaranın hərbi-siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətində qalıblar.

Rəsmi Ankara üçün hazırda əsas prioritet Türkiyənin milli maraqlarına təhlükə törədən terror qruplaşmalarının zərərsizləşdirilməsi ilə bağlıdır. Həmin terror qruplaşmaları ABŞ, Avropa dövlətləri və Rusiyanın dəstəyi sayəsində İraqın şimal bölgəsində və Suriyanın Türkiyə ilə sərhəd ərazilərində fəaliyyət göstərməkdə davam edirlər. Rəsmi Ankara bu bölgələrdə bir neçə dəfə antiterror əməliyyatları keçirtsə də problemin tam həllinə nail ola bilməyib.

Ukrayna savaşı nəticəsində Türkiyəyə qarşı terror qruplaşmalarının əsas beynəlxalq himayədarları arasında kəskin ziddiyyətlərin yaranması rəsmi Ankaraya daha qətiyyətli addımlar atmaq imkanları açır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada yeni antiterror əməliyyatlarının başlayacağını açıqlamasından sonra artıq Suriya sərhədində hərbi hərəkətlilik yaşanır. Türkiyə ordusu intensiv şəkildə yeni antiterror əməliyyatlarına hazırlaşır.

Son məlumatlara görə, Türkiyə PUA-ları və helikopterlər terrorçuların mövqelərində kəşfiyyat uçuşları həyata keçirir. Türkiyə ordusunun ilk olaraq, sərhəddə yerləşən Ayn əl Ərəb bölgəsini terrorçulardan təmizləyəcəyi bildirilir. Növbəti hədəf isə Tel Rifat bölgəsi olacaq. PKK/PYD terror qruplaşmasının liderləri isə Türkiyənin bu dəfə daha qətiyyətli davranacağından artıq narahat olmağa başlayıblar. Onlar öz beynəlxalq himayədarlarına müraciət edərək, Türkiyənin dayandırılmasını istəyirlər.

media-1609348989_turkiye-qarabag-c9m8n71iyvoh4zqejus0.jpg (46 KB)

Təbii ki, PKK/PYD-nin himayədarları rəsmi Ankaranı antiterror əməliyyatlarından çəkindirmək üçün əlindən gələn hər şeyi edirlər. Ağ Evdən verilən son açıqlamada PYD-nin ABŞ-ın bölgədə strateji tərəfdaşı olduğu bildirilir. ABŞ-ın Türkiyənin antiterror əməliyyatlarına qarşı olduğu vurğulanır. Və rəsmi Ankara bu plandan imtina etməyə çağırılır.

Rusiya isə nə qədər qəribə də olsa, Türkiyənin antiterror əməliyyatlarını Suriyanın ərazi bütövlüyünü və suverenliyinə qarşı atılmış addım kimi dəyərləndirir. Kreml unudur ki, Rusiya heç bir ciddi səbəb olmadan Ukrayna ərazilərini işğal edib. Və indi Rusiyanın başqa bir dövlətlə bağlı ərazi bütövlüyü mövzusunu gündəmə gətirməsi ən azından məntiqsizdir.

Təbii ki, rəsmi Ankara ABŞ və Rusiyanın bu etirazlarını cavabsız buraxmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, antiterror əməliyyatı mütləq keçiriləcək: “Türkiyə sərhədlərin boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasında növbəti faza başlayır. Biz Tel Rifat və Membiçin terrorçulardan təmizləyəcəyik. Buna əngəl olmaq istəyənlərin nə edə biləcəklərini də görəcəyik”.

Əlbəttə ki, rəsmi Ankara PKK/PYD terror qruplaşmasını himayə edən dövlətlərin indiki mərhələdə Türkiyəyə ciddi müqavimət göstərə bilməyəcəklərini tam dəqiqliyi ilə hesablayıb. Çünki, Ukrayna savaşı həm ABŞ-ın, həm də Rusiyanın müqavimət imkanlarını məhdudlaşdırır. Üstəlik, hər iki qarşıduran tərəfə Türkiyənin dəstəyi həyatı əhəmiyyət daşıyır. Xüsusilə də, ABŞ indiki həlledici mərhələdə Türkiyə kimi önəmli hərbi-siyasi güc mərkəzinin narazı salınmasında qətiyyən maraqlı deyil. Ona görə də, Ağ Evin müqavimət cəhdlərinin etiraz bəyanatlarından uzağa gedəcəyi qətiyyən inandırıcı görünmür.

f5421420-397c-4206-8a5c-bb81e8b5bbaa.jpg (100 KB)

Rusiyaya gəldikdə isə, Türkiyə hazırda Kreml üçün əsas “siyasi-iqtisadi nəfəslik” rolunu oynayır. Kremlin Türkiyənin milli maraqlarına problem yaratması rəsmi Ankaranın həmin “nəfəsliyi” kəsməsinə səbəb ola bilər. Halbuki, Kreml Türkiyənin vasitəçiliyi ilə Rusiyanın bəzi beynəlxalq problemlərini həll etməyə çalışır. Və bu baxımdan, Kremlə rəsmi Ankara ilə ziddiyyətlər deyil, anlaşma mühiti daha sərfəlidir.

Məsələ ondadır ki, Rusiya Ukrayna savaşından mümkün qədər tez və daha az itkilər ilə çıxmağa can atır. Bu məsələdə isə hazırda Rusiyaya yalnız Türkiyə kömək edə bilər. Çünki, Ukrayna savaşının həm baş verməsi, həm də uzadılması Türkiyənin milli maraqlarına ziddir.
Rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri normaldır və üstəlik, ortaq iqtisadi-ticari maraqları da var. Ona görə də, Türkiyə Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanmasına yönəlik cəhdlər göstərir, vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışır.

Prezident Rəcəb Tayyib Ərdoğan həm rəsmi Kiyevə, həm də Kremlə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna prezidentlərinin BMT təmsilçilərinin iştirakıyla görüşünün təşkilini təklif edir. Əgər, bu təklif qəbul edilərsə, Ukrayna savaşının sülh sazişi ilə yekunlaşması istiqamətində müəyyən imkanlar açıla bilər. Halbuki, ABŞ və Böyük Britaniyanın rəsmi Kiyevə güclü təsir imkanlarının olduğunu nəzərə aldıqda, belə bir görüşün baş tutma ehtimalı o qədər də inandırıcı görünmür.

Bütün bunlara baxmayaraq, hazırda Türkiyə Rusiya üçün olduqca böyük əhəmiyyətə malik dövlətə çevrilib. Çünki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını açıq şəkildə bəyan edib. Üstəlik, həmin sanksiyaların Türkiyə üzərindən reallaşdırılmasına da imkan verməyəcəyini vurğulayıb. Və bu baxımdan, Kreml Türkiyə ilə strateji tərəfdaşlıqda maraqlıdır.

14112bc0-3744-4b8a-9d5b-964e4e6eefdb.jpg (47 KB)

Onu da nəzərə almaq lazımdır ki, Kreml Rusiyanı tərk edən Qərb şirkətlərinin yerinin Türkiyə şirkətləri ilə doldurulmasını da təklif edir. Rusiyada işsizliyin qarşısını almaq və daxili bazarı tənzimləmək baxımından, bu, Kreml üçün olduqca önəmlidir. Digər tərəfdən, Türkiyə və Rusiyanın bəzi regionlarda ortaq maraqları var. Daha doğrusu, son vaxtlara qədər müəyyən ziddiyyətlər olsa da, indi bu maraqlar uzlaşmağa başlayıb. Xüsusilə də, Ukrayna savaşında uğursuzluq Rusiyanın Liviyada, Suriyada və Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə başlayıb. Bu sıraya yaxın gələcəkdə Orta Asiya da əlavə oluna bilər.

Maraqlıdır ki, Rusiya tədricən Liviya və Suriyadan öz hərbi kontingentini çıxartmaq qərarı verib. Artıq bu prosesə start verildiyi də məlumdur. Ancaq Rusiya tərk etdiyi bölgələrə nəzarətin ABŞ və Qərbin deyil, məhz Türkiyənin əlinə keçməsində maraqlıdır. Eyni prosesin yaxın gələcəkdə Cənubi Qafqaz və Orta Asiya regionlarında da başlayacağı gözlənilir. Kreml xüsusilə də, Cənubi Qafqazdan çıxacağı təqdirdə, öz mövqelərini Türkiyəyə təhvil verməkdə maraqlıdır. Çünki bu, Rusiyanın cənub sərhədlərinin ABŞ və Qərb tərəfindən nəzarətə götürülməsini əngəlləyə bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gözlənilən səfəri zamanı bütün bu mövzuların geniş şəkildə müzakirə ediləcəyi gözlənilir. Yəqin ki, Rusiya xarici işlər naziri Kremlin bu məsələlər ilə bağlı prinsipial mövqeyini rəsmi Ankaranın diqqətinə çatdıracaq. Ümunmiyyətlə, bu səfər çərçivəsində Rusiya və Türkiyənin ortaq maraqlarına bağlı məsələlər ərtafında prinsipial anlaşmaların əldə oluna biləcəyi qətiyyən istisna deyil.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Göründüyü kimi, Kremlin məlum etirazlarına baxmayaraq, Rusiyanın Türkiyəyə qarşı hər hansı yolverilməz addımlar atması inandırıcı təsir bağışlamır. Yəqin ki, Kreml Suriyadakı mövqelərini və PKK/PYD terrorçularını Türkiyə ilə normal münasibətlərin qorunmasına qurban vermək məcburiyyətində qalacaq. Üstəlik, Kremldən verilən son açıqlamalarda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri də istisna olunmur. Və bu, Rusiyanın Suriyada Türkiyə üçün rəqib olmayacağını təsdiqləyir.

Eyni zamanda, ABŞ və Qərb də indiki situasiyada rəsmi Ankaranı ciddi şəkildə qıcıqlandırmaqdan yayınmağa məcburdur. Çünki, Türkiyə hazırda ABŞ və NATO-nun təsirlərindən yayınaraq, fərqli xarici siyasət kursu yürütməyə qadirdir. Hadisələrin belə istiqamətdə inkişaf etməsi isə ABŞ və Qərbə olduqca baha başa gələ bilər.

Belə anlaşılır ki, rəsmi Ankara həm ABŞ və Qərbi, həm də Rusiyanı ən aciz durumlarında yaxalamağı bacarıb. Bundan Türkiyəyə qarşı qurulmuş terror şəbəkələrini zərərsizləşdirmək məqsədilə yararlanmaq niyyətində tamamilə qətiyyətli görünür. Və bu baxımdan, Türkiyənin yeni antiterror əməliyyatlarına kəskin müqavimət ehtimalı o qədər də inandırıcı xarakter daşımır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code