“Filmdə tanış olub evləndik, ad günündə avtomobil qəzasında dünyasını dəyişdi…”

0
39
“1976-cı ildə Mömünatla tanış oldum, o 3-cü kursda oxuyurdu. Biz də “Dərviş Parisi Partladır” filmini çəkirdik. Şərəfnisə obrazının axtarışında özüm də iştirak etdim. Həmin filmdən sonra bizim aramızda gözəl münasibət yarandı.Dostluq ünsiyyətimiz məhəbbətə keçdi. 1978-ci ildə Mömünatla ailə həyatı qurduq.  Mömünata dedim ki, aktyorluqla qurtarırsan, çünki mən bu sənətin əzab-əziyyətini görmüşdüm, istəmirdim ki, o da əziyyət çəksin. Ona başqa bir iş tapdım, İncəsənət muzeyinin işçisi oldu”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra bildirib.
 
“ “Qaçaq Nəbi” filminin çəkilişlərinə başlamışdılar. Həsən Turabovla Şeyx Əbdül çəkirdi. Mən də həmin filmdə aktyor-kaskadyor kimi çəkilirdim. Çıxıb gəldim evə, bir də gördüm Əbdül zəng edib ki, Həsən Turabov səni axtarır. Getdim onlarla görüşməyə. Dedim ki, nə problem var? Dedi ki, sən bilmirsən nə problemdir? Bütün Azərbaycan teatrlarını gəzmişik, bir Həcər tapa bilmirik, Həcəri otuzdurmusan evdə səsini də çıxarmırsan. Dedim ki, ay Turabov, onun 6 yaşında qızı var, uşağa baxır, işə gedib gəlir. Dedi iş sənlik deyil, işin icazəsini alarıq. Dedim axı o at sürə bilmir. Dedi ki, bu sənin problemindir, at sürməyi də on öyrədərsən, tüfəng atmağı da. Saqqızımı oğurladılar, məcbur oldum, getdim Mömünata at sürməyi, tüfəng atmağı öyrətdim. O Həcər kimi sevildi” deyə aktyor bildirib.
Aktyor bildirib ki, həyat yoldaşı ölümünü öncədən hiss edib.
“Günlərin bir günü idi, mən evə gec gəldim. Bir az özümdə deyildim. Gəldim, Mömünat dedi ki, gəl otur yanımda. Bu insanda çox gözəl qabiliyyət var idi, hər şeyi əvvəlcədən görürdü, dərk edirdi. Dedi ki, Ənvər Allah etməsin sən ölsən, mən sənin nə yasını verə biləcəm, nə uşaqları böyüdə biləcəm. Deyirəm ay qız nə danışırsan?! Dedi ki, qulaq as mənə, mən səndən öncə öləcəm, sən mənim yasımı da verəcəksən, uşaqları da böyüdəcəksən. Mən sənə açıq deyirəm, düzgün başa düş, sən arvadsız yaşaya bilməyəcəksən. Sənə icazə verirəm, mənim ilimi verəndən sonra get özünə arvad al. Ona dedi ki, mənim pasportumda bir sənin adın yazılıb, ölənə qədər də o ad qalacaq, belə söhbət etmə. Əsəbləşdim durub getdim. Üstündən1-2 il keçmiş onun etdiyi söhbət həyata keçdi, rəhmətə getdi. Mənim də yerim onun yanındadır. Allah rəhmət etsin, ağırdır mənim üçün. Çox tez həyatını dəyişdi, bu mənə böyük zərbədir. İnandırım səni ki, bu günkü günə qədər yadımdan çıxmır, hər gün o insanla danışıram, hər gün yada salıram. Çox çətindir, yenə yaxşı ki, övladlarım yanımdadırlar. Mənim üçün çox ağırdır onsuz, özü də bu yaşda. Zarafat deyil, biz 32 il həyat qurduq, 13 ildir ki, mən təkəm” deyə xalq artisti bildirib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code