“Dudayevə heyran idim, onu görmək arzusu ilə…” – Tanımadığımız Ramzan Kadırov

0
48

“Dudayevə heyran idim, onu görmək arzusuyla bütün günü acqarına Qroznını gəzib-dolaşırdım”.

Bu sözlər tanıdığımız, həm də tanımadığımız Ramzan Kadırova aiddir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsində ən çox fəallıq göstərən şəxslərdən biri Çeçenistanın başçısı Ramzan Kadırovdur. Ramzan Axmatoviç tez-tez hərbi əməliyyatların gedişi ilə bağlı açıqlamalar verir, vaxtaşırı döyüşlərin getdiyi ərazilərdə (bir müddət öncə Mariupolda peyda olmuşdu) görünür, ukraynalı hərbçiləri aşağılayır, onları “banderaçı”, “nasist”, hətta “şeytan” adlandırır. O, Çeçenistandan Ukraynaya könüllülər göndərir, Rusiya Prezidentinə müraciət edərək daha sərt addımlar atmağa çağırış edir və sair. Çeçenistan Rusiyada mövcud 85 federasiya subyektindən sadəcə biridir. Fəqət digər subyektlərin başçılarından səs çıxmadığı halda Ramzan Kadırov canfəşanlıq edir. Çeçenistan Respublikasının gələcək rəhbərini, həmin vaxt isə sadəcə, Çeçenistan müftisinin oğlu, gənc Ramzan Kadırovu rusiyalıların böyük əksəriyyəti ekranlarda ilk dəfə 2000-ci ilin əvvəllərində, atası ilə birlikdə Çeçenistanda hərbi əməliyyatlara qoşulanda görüblər. Bəs, Ramzan 90-cı illərdə, bütün Rusiya üçün təlatümlü, Çeçenistan üçün xüsusilə ağır olan dövrdə nə işlə məşğul idi?

Musavat.com Ramzan Kadırov personasına bu günlərdə artan marağı nəzərə alaraq, Publika.az-ın onun haqqında hazırladığı məqaləni təqdim edir.

Necə deyərlər, əvvəldən başlayaq. Ramzan Kadırov 1990-cı illərin əvvəllərində doğma Sentaroy kəndində (2019-cu ildən kənd Ramzanın atasının şərəfinə Axmat-Yurt adlanır) orta məktəbin onuncu sinfini bitirib. O, 90-cı illərdə adi kənd oğlanı idi, idmanı – boksu sevirdi. Bir versiyaya görə, Ramzan döyüş sənətinin bu növündə idman ustalığına namizəd və ya idman ustası olub. Gənc Ramzan o vaxtlar postsovet məkanına yeni-yeni ayaq açmış videomaqnitofonda Van Dammın “krutoy” döyüş filmlərinə baxır, dünyaca məşhur boksçu (respublikanın rəhbəri olanda Çeçenistana dəvət edir) Mayk Taysonun döyüşlərinə maraqla tamaşa edirdi. O, həvəslə motosiklet qovur və atasının “Niva”sını sürürdü. Ramzan gəncliyində olduğu kimi, hələ də köhnə motosikletlərə heyrandır. Qəhrəmanımız məktəbdən sonra təhsilini davam etdirməyi düşünür, kənddə qalıb işləmək istəyirdi. O, Baçi-Yurt kəndində kombaynçı kurslarını bitirib, bu barədə müvafiq sənəd alıb.Ramzan Kadırov müsahibələrində açıq şəkildə etiraf edir: əksər çeçenlər kimi, o da gəncliyində çeçenlərin millilideri, 1991-96-cı illərdə İçkeriya Çeçen Respublikasının prezidenti olmuş Cövhər Dudayevin çıxışlarına heyran idi… “Mən o zaman düşündüm ki, Dudayev milli qəhrəmandır. Hər səhər avtobusla Qroznıya gedirdim, bütün günü acqarına şəhəri gəzib-dolaşırdım, Cövhəri görmək arzusunda idim”, – deyə Ramzan Kadırov bir dəfə səmimi şəkildə etiraf etmişdi. O, orta məktəbdən tanıdığı həmkəndlisi Mədni Aydəmirova ilə evlənir. Toy 1994-cü ildə, Şimali Qafqazda genişmiqyaslı hərbi əməliyyatların başlaması ərəfəsində baş tutur. 1996-cı ildə xoşbəxt cütlüyün Ayşat adlı qızları dünyaya gəlir. Təəssüf ki, qızcığazın ömrü qısa olur… Onlar 1998-ci il dekabrın 31-də doğulan təzə övladlarına, çeçen ənənəsinə görə, rəhmətə gedən bacısının – Ayşatın adını verirlər. Ayşat indi bütün Çeçenistanda tanınmış modelyer və kulinariya mütəxəssisi olmaqla yanaşı, həm də respublikanın mədəniyyət naziridir.

Ramzan Axmatoviç 1994-cü ilin payızında müddətli hərbi xidmətə getməli idi. Lakin o vaxta qədər məlum səbəblərdən çeçenlərin hərbi xidmətə çağırılması dayandırılmışdı. Fəqət Ramzan Kadırov 1990-cı illərdə birbaşa hərbi əməliyyatlar zamanı sürücü və şəxsi mühafizəçi, bəzi hallarda isə rəhbərə təhkim olunan səlahiyyətli şəxs və kuryer kimi atasının əhatəsində olub. O, 2000-ci ildə RF-nin daxili orqanlarında xidmətə başlayana qədər əlində silah tutmayıb.

“Mən onu (R.Kadırovu) atamın qərargahında görmüşdüm. O, atasının tapşırığı ilə qoltuğunda qovluqla dolaşırdı”, – Cövhər Dudayevin indi Litvada yaşayan kiçik oğlu Deqi xatırlayır.“O vaxt Deqinin yaşı az və ağılsız idi. Amma həmişə atasının yanında olurdu”, – bunu isə Ramzan Kadırov Deqinin sözlərini şərh edərkən bildirmişdi. Ramzan Kadırov atası ilə birlikdə iki rusiyalı çağırışçını və bir müqaviləli əsgəri yaraqlılardan necə xilas etdiklərini də xatırlayır. Sonra onların hamısı öz evlərinə qaytarılıb. 1999-cu ildə Ramzan Kadırov atasının Çeçenistanda qarışıqlıq salan vəhhabilərə qarşı silahlı mübarizəsinə dəstək verəcək, Yamadayev qardaşlarının dini ekstremistləri buraxmadığı Qudermes şəhərində ailəsi ilə birlikdə sığınacaq axtarmağa məcbur olacaq, 1999-cu ilin payızında isə atası ilə birlikdə general Troşyevin qoşunlarının olduğu yerə gedəcəkdi. Bütün bunlar onun həyatının maraqlı ştrixləridir.Ramzan Kadırovun maraqlı və heyrət doğuracaq şəxsi keyfiyyətləri barədə növbəti məqaləmizdə bəhs edəcəyik…

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code