44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.

0
65

Heç kimə sirr deyil ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbə ilə öz adını dünya hərb tarixinin daş salnaməsinə qızıl hərflərlə yazdı. Sevindirici bir haldır ki, dünyanın 50 ən güclü ordusu sırasında yer alan Rəşadətli Ordumuzun şücaəti və tarixi torpaqlarımız uğrunda apardığı haqlı savaşı nəticəsində ərazi bütövlüyümüz bərpa olundu.

Məlumdur ki, müasir və müstəqil Azərbaycanın uğurlarının əsası Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində qoyulub. Təbii ki, bu gün, Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyev ordu quruculuğu istiqamətində onun işini yüksək səviyyədə davam etdirir. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Ermənistanı qısa müddət ərzində məğlub etdi və işğala son qoydu. Sözsüz ki, özü-özlüyündə bu 44 günün hər günü şanlı bir tarixdir. Hər gün Azərbaycan Ordusu irəliyə doğru hərəkət edir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, pozulmuş haqq bərpa olunsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan əraziləri 30 ilə yaxın idi ki,  işğal altında idi.  1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Bir milyon azərbaycanlı ata-baba yurdundan məcburi köçkün düşmüş, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Ermənistanın təcavüzkar siyasəti hələ, çox uzun illər əvvəl başlamışdı. O vaxt indiki Ermənistanda yaşamış yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salındı. Tarixdən məlumdur ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın qədim torpaqlarıdır. Xalqımız zamanla hər cür haqsızlıqlara səbirlə dözdü, lakin işğalla barışmadı. Torpaqlarımızın bir gün geri alınacağına olan inam hissi bir an belə insanları tərk etmidi. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaranmış oldu. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə və Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya Qarabağın tarixi Azərbaycan torpağı olmasını qəbul etdi. Sirr deyil ki, son illər beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq kağız üzərində qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri isə, konkret olaraq icra edilmir. Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr də sənəd üzərində qalmışdı. Nəhayət, Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində qaldı. Artıq, Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Xalqımız 30 ilə yaxın bir müddət ərzində çox çətinliklərlə üzləşib, lakin səbrlə bu möhtəşəm Qələbəni, Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Faktiki olaraq, bu gün Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Əzəli torpaqlarımız azad edilib və Azərbaycanın tarixində yeni bir səhifə başlayır. Ölkəmiz üçün “Quruculuq dövrü” kimi qiymətləndirilən yeni bir dövr başlayır. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib və bütün binalar, tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar vəhşicəsinə dağıdılıb. Təbii ki, qısa müddət ərzində onlar hamısı bərpa ediləcək.

Azərbaycan xalqı dövlətimizin çətin günlərində,  44 günlük Vətən müharibəsində öz birliyini, yüksək mənəvi ruhunu, dövlətçiliyə sadiqliyini nümaiş etdirdi. Bu Qələbənin səbəbkarı da, məhz Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək və azad edilmiş torpaqlara yeni bir həyat veriləcək.

          Məğlubiyyət ermənilər üçüm qaçılmaz idi, çünki onlar özgə torpağını işğal etmişdilər. Danılmaz reallıq odur ki, Azərbaycan Ermənistanı döyüş meydanında məhv etdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, o, həmçinin, illərlə formalaşdırılmış erməni mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan Ordusu öz gücünü, öz qüdrətini döyüş meydanında göstərdi.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Uca Allah cəmi Şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Qarabağ Azərbaycandır!…

Diqqətinizə görə minnətdaram!

       Dərin hörmətlə,

      Sabit Vaqif oğlu Mehdiyev.

     Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code