Nazir qohumunuz və pulunuz varsa, Harvard məzunu olsanız belə…

0
13

Təhsil eksperti Kamran Əsədovun Medonline.az-a müsahibəsi:

– Azərbaycan təhsilinin hazırkı durumunu necə qiymətləndirirsiniz?

– Təhsilalanın məqsədi gələcəkdə qazandığı təhsil müqabilində öz savad və bacarığını tətbiq etməklə dolanışıq qazanmaq, özünü və ailəsini təmin etməkdir. İnkişaf etmiş ölkələrdə təhsil alınan müəssisə nə qədər nüfuzlu olarsa, tələbənin gələcəkdə işlə təmin olunma şansı da bir o qədər güclü olar. Tədris müəssisəsinin nüfuzu onun yetişdirdiyi kadrların savad dərəcəsi ilə ölçülür. Əgər, tutaq ki, sadə bir fəhlənin övladı öz bacarığı ilə Harvardı və ya Stənford universitetini bitiribsə, sabah həmin şəxs bir yerə ərizə verərkən ən şanslı namizəd kimi işlə təmin olunur. Tutaq ki, həmin Harvard məzunu təhsilini bitirib Azərbaycana gəlir və hər hansı bir nazirlikdə işlə təmin olunmaq üçün ərizə verir. Azərbaycan Beynəlxalq Universitetinin bir məzunu da həmin yerə ərizə verir. Amma Harvard məzunundan fərqli olaraq onun yaxşı arxası, iqtidarda təmsil olunan nazir və s. qohumları, pulu var. Təbii ki, Harvard məzunu kənarda qalacaq, Beynəlxalq Universitetin məzunu isə işlə təmin olunacaq. Hər bir müəllim kimi mən də neçə illərdir savadlı, ancaq arxasız tələbələrimin işsiz-gücsüz ortalıqda qalmasını ürək ağrısı ilə müşahidə edirəm.Nə qədər acı olsa da, bu bizim təhsil reallığımızdır. 

– Bu gün təhsilimizin ən böyük problemi nədir? Hansı hallar Azərbaycan təhsilinin inkişafına əngəldir?

– Burada müəllimlərin fəaliyyətini qeyd etmək istəyirəm, tədris müəssisəsində ilk növbədə müəllimlərin özündə elmə həvəs olmalıdır. Hər ilin başında tələb edilən elmi hesabatlarla bu həvəsi yaratmaq olmaz. Bəyənmədiyimiz sovet dövründə kafedralarda tez-tez müəllimlərin elmi çıxışları təşkil edilirdi. Bu çıxışlar çox vaxt maraqlı diskussiyalara yol açırdı. İndi belə bir sistemə qayıtmaq yerinə düşər. Amma bir məsələ də var ki, çox zaman rəhbərlik tərəfindən qaldırılan məsələlər aşağıların yalançı hesabatları ilə nəticələnir. Elmi və metodik şuralar formal xarakter daşıyır. Kafedraların fəaliyyəti elmi mahiyyətdən uzaqlaşıb inzibati xarakter kəsb edir. Məhz buna görə də indi “kafedra müdiri” anlamı daha çox fəxri ada bənzəyir. İmkanı olan hər bir vəzifəli şəxs – nazirlər, rektorlar, dekanlar özü üçün bir kafedra müdirliyi də saxlayır.

Gənc müəllimlərin uzun müddət yarımştat işləmələri də təhsilimizə xas olan bəlalardandır. Qəribədir ki, bir yandan sanki kadr qıtlığı varmış kimi, bir nəfər 3-4 vəzifə tutur, o biri yandan yarım, bəzən dörddəbir ştat işçilər illərlə tam ştata keçə bilmir. Yarım ştat işçi olmaq onsuz da az olan müəllim maaşının yarısı ilə dolanmaq deməkdir. Yarımştat müəllim həmişə həvəssiz olur, özü öz halından bezir, bu da tədris prosesinə mənfi təsir göstərir.

Statistika komitəsi rəqəmlər açıqlamışdı ki, dövlət bağçalarında işləyən 16 099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1 679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir. Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur. Məktəbəqədər təhsil müəssisələrinin kadrlarla təminatında çox böyük problemlər mövcuddur. Bağça müdirlərinin, tərbiyəçi müəllimlərin böyük kəsimi kollec məzunlarıdır. Araşdırsanız görərsiniz ki, böyük əksəriyyəti qiyabi təhsil alıb. Qiyabi təhsilin vəziyyəti haqqında hamımız məlumatlıyıq. Buna görə də bağçaların səviyyəsi çox aşağıdır. Məktəbəqədər təhsilin nəinki kadr təminatı, eyni zamanda tədrisi də pis vəziyyətdədir. 

– Məktəblərdə normal tədrisin bərpa edilməsi üçün nə etməliyik? Çünki demək olar ki, orta məktəblərdə şagirdlərin yarıdan çoxu müəyyən ödəniş müqabilində dərslərə getmir…

– Hanı ölkələrdə təhsil güclüdürsə, orada məktəbəqədər təhsil müəssisələrinin səviyyəsi çox yüksəkdir. Ortada Yaponiya, Almaniya nümunələri mövcuddur. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin həm sayı azdır, həm də kadr təminatı bərbad vəziyyətdədir. Ona görə də yaxşı tərbiyə və elementar biliklərin verilməsində uşaqlar üçün problemlər yaranır. Düşünürəm ki, təhsilin bu mühüm həlqəsində islahatlara ehtiyac var. Birincisi, çox ciddi monitorinq aparılmalıdır. Elə məktəbəqədər təhsil müəssisələri var ki, orada yaşı keçmiş tərbiyəçilər çalışır. İkincisi, kurrikulumlar, tədris metodiki vəsaitlər çox ciddi ekspertiza olunmalıdır.  Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 57 ölkənin 15 yaşlı məktəblilərinin bilik reytinqini açıqlayıb. Məlum оlub ki, Finlandiyanın uşaqları daha dərin, fundamental biliklərə malikdirlər. Bizim şagirdlər isə çox aşağı səviyyə nümayiş etdiriblər. Beləliklə, beynəlxalq tədqiqatların nəticələrinə görə, Azərbaycanda orta ümumtəhsil məktəblərində orta təhsilin səviyyəsinin orta göstəricilərdən də aşağı olduğu aydın olmuşdur. Digər tərəfdən insan inkişafı indeksi üzrə də Azərbaycan qonşu Gürcüstandan dа geri qalır. İnsan inkişafı indeksi üç göstərici ilə müəyyənləşir. Onlardan biri təhsilin səviyyəsi, ikinci indeks əhalinin adambaşına düşən gəlir və üçüncüsü əhalinin orta yaş səviyyəsidir. Ancaq təhsil indeksi daha böyük rola malikdir. Bu baxımdan da biz bir çох ölkələrdən gеri qalırıq.

 

 Bu günlərdə Bakı məktəblərinin birində baş verən olayı qeyd etmək istəyirəm: Direktor məktəbə Təhsil Nazirliyindən yoxlama gələcəyini öyrənib bütün şahirdləri məktəbə çağırıb, ancaq şagirdlər hətta siniflərini belə tapa bilməyiblər. Müəllimlər əllərindəki siyahı ilə şagirdləri seçib siniflərə toplaya biliblər. Məlum olub ki, partalar yığışdırıldığına görə siniflərdə yetərincə parta yoxdur, sonra partaları gətiriblər. “Yoxlama” bitdikdən sonra direktor deyib ki, “hamı məktəbdə olduğu zaman gəlin xatirə şəkli çəkdirək, bir də nə vaxt sizi toplaya biləcəyik?”. Foto da çəkdirilib… Sizcə, absurd deyilmi?

– Məktəblərimizdə son zamanlar gözə çarpacaq dərəcədə (məktəb tikintisi, təmiri, avadanlıqla, kompüterlə təminatı və s.) ciddi dəyişikliklər göz qarşısındadır. Ancaq tədris prosesində, müəllim-şagird-valideyn münasibətlərində keyfiyyət baxımından inkişaf gözə çarpmır. Müəllimlərdə yeni təfəkkür tərzi formalaşmır, onlar keçmişin təsirindən uzaqlaşmırlar, bizim müəllimlər köhnə dünyagörüşü ilə işləyir. Təhsil müəssisələrinin rəhbərləri isə bu problemləri məktəb şuralarında, pedaqoji şuralarda müzakirə etmir, lazımi tədbirlər həyata keçirmirlər. Bu hal isə, əlbəttə ki, şagirdlərin geri qalmasına şərait yaradır və bu kimi hallar yaşanır.

Bu, həm də məktəbin idarə edilməsi ilə bağlıdır. Təəssüf ki, müasir idarəetmə elmində təhsil menecmentində məqsəd dedikdə əldə ediləcək nəticənin obrazı anlaşılır. Ancaq bu, anlayış arzu, istək, sosial sifariş, vəzifə, istiqamət sözləri ilə üst-üstə düşür, çünki onların hamısı bu və ya digər şəkildə arzu olunan nəticəyə, məqsədə yaxındırlar. Qeyd etmək lazımdır ki, təhsilin məqsədi ilk baxışda çox sadə görünsə də, məktəbdə təhsil prosesinin məqsədinə gəldikdə o həm mürəkkəb, həm də əldə edilməsi çətin bir prosesdir. O, məqsədin aydınlığı, məktəb qarşısında qoyulacaq və həll edilməsi böyük əhəmiyyət kəsb edən mühüm vəzifələr birliyidir. Özü də pedaqogika və psixologiya elmlərində az araşdırılmış kateqoriyadır. O ki, qaldı məktəbin idarə edilməsinə, bu problem, demək olar ki, öyrənilməyib.

– Təhsil naziri, onun komandası müasir təhsil tendensiyaları ilə bağlı Avropa təhsil sistemindən öyrəndiklərini bəlağətlə dilə gətirir, hətta çoxumuza tanış olmayan terminlərdən istifadə edirlər. Təhsil sistemimiz isə gündən günə zəifləyir. Nə etməliyik?

– Əfsuslar olsun ki, nəinki ölkəmizdə, postsovet ölkələrinin əksərində də təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Fikrimcə, ilk olaraq bu vəziyyət siyasi faktorlarla bağlı olub, SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq gərəkdir.

– Sovet dönəmində də yuxarı sinif şagirdləri repititor yanına hazırlığa gedirdilər. Amma məktəbdən sonra. İndiki vəziyyəti dəyişmək mümkündürmü?

 

– Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. 

Əslində təhsildə kütləvi şəkildə repititorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər  orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə  daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin.

Son vaxtlar abituriynetlərin repititorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır.  Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. 

Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyin iki repitirora 200 manat verməkdənsə, 5 fənnə kursa göndərir və iki repititora verdiyi xidmət haqqını ödəyir. 

Bundan başqa, son dövrlədə qəbul imtahanlarında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müracət etməli olurlar. 

Şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repititor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.  

– Repetitor fəaliyyəti leqallaşdırıla bilərmi?

Hesab edirəm ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün  bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repititorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, vergilər Nazirliyivə Sosial müdafiyə nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. 

Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq setifkatı verilir. Yalnız sənədləri qaydasında olanlara bu icazə verilir. Düşünürəm ki, bunu repititorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazimdir. 

Ümumilikdə, repetitorluq qədim zamanlardan mövcud olub, maddi cəhətdən az-çox imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Çox təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi bu gün öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların bəlkə də əksəriyyətini bilavasitə şagirdlərin öz orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code