Bakı İrəvandan Xocalı cəlladlarını tələb edir – Qisas əməliyyatı

0
17

Azərbaycan Ermənistandan Xocalı soyqırımında iştirak edən erməni komandirlərin cəzalandırılmasını tələb edir.

Medonline.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb.

İddiaya görə, 44 günlük müharibədən sonra Əliyevlə Paşinyan arasında danışıqların əsas məqamlarından biri də Xocalı ilə bağlıdır.

“Əliyev Xocalıda iştirak edən erməni komandirlərdən müxtəlif yollarla intiqam alır. 44 günlük müharibədə əsas hədəflərdən biri də məhz həmin komandirlər idi. Bununla yanaşı, Əliyev Paşinyandan Xocalıda iştirak edən komandirlərin adlarını və digər təfərrüatları tələb edir. Əsas tələb odur ki, həmin şəxslər bu və ya digər formada cəzalandırılmalıdır. Hərbi kulislərdə gəzən məlumatlara görə, Paşinyan hakimiyyətinin bu komandirləri cəzalandırması da Bakının tələbinin yerinə yetirilməsidir”, – nəşrə danışan mənbə iddia edib.

“Hraparak” nəşrinin revanşist qüvvələrə yaxın olduğunu nəzərə alsaq, bunu Paşinyan hakimiyyətinə qarşı iddia hesab etmək olar, lakin o da həqiqətdir ki, Vətən müharibəsində 30 illik işğala son qoyan Azərbaycan Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vandalizmin nəticələrinə qarşı da bir neçə istiqamətdə işləyir: 

– itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini danışıqlar masasının əsas şərtləri sırasına daxil edib;

– erməni vandalizminə hüquqi müstəvidə qiymət verilməsi məqsədilə beynəlxalq səviyyədə addımlar atılır;

Şübhəsiz ki, Xocalı soyqırımını törədənlərə qarşı qisas əməliyyatının davam etdirilməsi də hədəflərdən biridir. Prezident İlham Əliyevin sülh əldə olunsa belə, bizə qarşı törədilən vəhşilikləri unutmayacağıq sözləri bu gözləntini gücləndirir. 

Sonda sülh sazişi, yaxud kapitulyasiya ilə başa çatan müharibələrdə qisas əməliyyatının davam etdirilməsi presedentləri mövcuddur. Misal üçün, yəhudi soyqırımını törədən nasistlərin bir çox müharibədən sonra gizlənməyə çalışsa da, onların bir-bir müəyyən edilməsi və cəzalandırılması əməliyyatı onilliklər boyunca davam etdi. Azərbaycan da Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaqla yanaşı, XX əsrin ən dəhşətli soyqırımılarından olan Xocalını unutmur və erməni nasistlərə qarşı qisas əməliyyatını rəfə qaldırmır. 44 günlük müharibədə bu əməliyyata start verildiyini deyə bilərik. Bundan sonra Xocalı cəlladlarının adlarının müəyyən edilməsi, onların beynəlxalq məhkəmələr qarşısına çıxarılması istiqamətində işləməklə yanaşı, Ermənistan hakimiyyəti qarşısında bu və ya digər formada cəzalandırılması tələbinin qoyulduğu da istisna deyil. Bu cəlladların və onların bağlı olduğu klanın Paşinyan hakimiyyətinə və Ermənistanın gələcəyinə təhlükə olduğunu nəzərə alsaq, Bakının belə bir tələbinin İrəvan tərəfindən ən azı “düşünməyə dəyər” məsələ olduğunu deyə bilərik.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code