“O qədər vurulub, aşiq oldum ki, musiqi anında gəldi, get-gedə ona daha çox aşiq oluram…”

0
23
Əməkdar artist, fərqli ifa tərzi ilə seçilən Xumar Qədimova Moderator.az-ın suallarını cavablandırıb.
 
– Xumar xanım, hər il doğum gününüzdə özünüzə və sevənlərinizə hədiyyə edib, yeni mahnı və klip ərsəyə gətirirsiniz. Bu il də həmçinin doğum gününüzdə “Satar satar” adlı mahnı və klipinizi təqdim etdiniz. Bir mahnını, klipi ərsəyə gətirmək üçün Xumar xanım çox vaxtını sərf edir?
– Əlbəttə! Bilirsiniz ki, məndə heç vaxt sıradan bir şey olmur. Necə deyərlər, elə-belə heç nə etmirəm. Ona görə də bütün bu işlər böyük zaman aparır. Şeiri tapmaq, ona musiqi bəstələmək, aranjman etmək və s. Mahnı, əsər elə-belədən yaranmır. Özümə sual verirəm, “Mən bu nəğmə ilə nə demək istəyirəm?” Bir sözlə can qoyuram. Mənim elə layihəm, işlərim olub ki, 1 il, 2 il vaxt aparıb. Çünki mən bir əsər ərsəyə gətirəndə onun sujet xətti olur. 
 
– “Satar satar” mahnınızın musiqisini siz bəstələmisiz. Seçdiyiniz şeirə musiqini tapmağınız, onun gəlməsi üçün çox gözləyirsiniz? Yoxsa hər şey siz piano arxasına keçənə qədərdir?
 
– Bəli, elə şeir var ki, mən piano arxasına keçən kimi yaranır. Elə şeir də var ki, onun musiqisinin yaranması çox zaman alır. “Satar satar” şeirini bacım Hidayət Orucovun kitabından tapmışdı. Mən o şeirə vurulub, musiqi bəstələdim. O qədər aşiq oldum ki, şeiri oxuyanda elə anında musiqi yarandı. Ümumiyyətlə elə şeir var ki, onun özü musiqidir. Elə bu şeir də içində musiqi olan şeirdir. Elə olub ki, öncə mən musiqi bəstələmişəm, daha sonra ona söz, şeir tapmışam. Elə də olub ki, şeirə musiqi bəstələmişəm.
 
– Xumar xanım, bir neçə gün öncə Aslixan adlı gənc reperlə duetinizi təqdim etdiniz. Pərəstişkarlarınız bu dəfə bir başqa Xumar Qədimova gördü. Siz heç vaxt ən məşhur ulduzlarla duet oxumadınız. Duetlərinizdə də hər zaman gənclərə, ələxsus da sənətə yeni başlayanlara dəstək hiss olunur. Bu əslində çox sevindirici və təqdirəlayiq bir haldır ki, onlardan dəstəyinizi əsirgəmirsiniz.
– Aslixan yetərincə məşhurdur. Məşhur olmaq sənətkar olmaq demək deyil. O həm də sənətkardır. Çox zövqlü, istedadlı, qeyri-adi bir reperdir Aslixan. Mən ona uğurlar arzulayıram. İllərdir  məni sevib, sənətimə dəyər verib. Mənimlə duet oxumaq onun arzusu idi və arzusuna da çatdı. Biz birlikdə gözəl, çox möhtəşəm bir iş ərsəyə gətirdik. Böyük hərflərlə, fəxr olunası bir işdir. Bu gün ona qulaq asıram və get-gedə daha da aşiq oluram, deyirəm ki, aman Allah nə qədər gözəl, qeyri-adi bir iş ərsəyə gəldi. Yəni hamının edə bilməyəcəyi bir işi biz etdik. 
 
– Xumar Qədimovanı hamıdan, hər sənətçidən fərqləndirən bir çox xüsusiyyətlər var. Efir mədəniyyəti, danışıq, obraz, tərz… Bir də hər oxuduğunuz mahnı tələbatlı olur, gündəmin əsas mövzusuna çevrilir. Bu dediyim fərqli xüsusiyyətlərə Xumar xanım daha nələri əlavə edə bilər?
 
– Sizin dediyiniz o tələbatlı olmaq, gündəmə çevrilmək, fərqli yerdə dayanmaq və s. bu sözlərə mən Xumarın özünü əlavə edirəm. Nə qədər ki, həyatda Xumar var, o qədər də Xumarı əlavə edəcək. 
 
– Hər zaman dühalarımıza, şairlərimizə, ədiblərimizə bir başqa, fərqli yanaşmanız olub. Onların əsərlərini, şeirlərini yaddan çıxarmağa qoymamısınız. Niyə sizdən başaqa heç kimi bunu yaradıcılığında silsilə formasında davam etdirmir?
 
– Mən deməyim ki, onlar ədəbiyyatı bilmirlər. Bilə bilərlər. Bəlkə də mənim qədər ədəbiyyatı sevmirlər, bağlı deyillər. Bəlkə elə Xumar özü bir şeirdir. İstəsəm də adi sözlərə mahnı bəstələyib, oxuya bilmərəm. Bu məndən asılı deyil. Bu yaxınlarda Molla Pənah Vaqifdən oxuyacam. Bu xəbəri özəl olaraq sizinlə bölüşürəm.
 
– Xumar Qədimovanın kimlər dostu ola bilər, yaxud ola bilməz?
 
– İkinci mən ola bilənlər dostum ola bilər. Ola bilməyənlər necə mənim dostum ola bilər?! Səmimi olanlar, içdən sevənlər, xoşbəxtliyimdən xoşbəxt olanlar, kədərimdən həqiqətən də kədərlənənlər dostum ola bilər. Başqa cür necə ola bilər?
 
– Bir sənət insanı bacısı ilə bu qədərmi dost, rəfiqə, sirdaş ola bilər? Məni qınamayın, biz sənət aləmində ancaq məşhur bacıların  qalmaqallarına şahidlik etmişik. Sizin kimi nümunələr çox azdır. Bacınız Matanla bir duet ərsəyə gətirdiniz. Davamı gələcəkmi?
 
– Bizi bir-birimizə bağlayan tək duet deyil ki. Bizi bir-birimizə bağlayan səbəb bacılıqdan da əlavə dost, sirdaş olmağımızdır. Matan çox möhtəşəm oxuyur. Gözəl bir iş hazırlanır, Matanım orada elə gözəl oxuyub ki, dinləyəndə dəli olursan ki, bu nə etdi? Hələ ki, sirr qalsın.
 
– Xumar xanım, sevənləriniz, fanatlarınız çoxdur. Onlar sizi indiyə qədər təəccübləndirə biliblər?
 
– Xeyr, təəccüblənməmişəm. Çünki onların sevgilərinə normal baxıram. Mənə xoşdur. Hər cür sevənlər var, hətta təəccübləndiriləcək dərəcədə də sevənlər var. Amma yenə də normal baxıram. Çünki insan sevirsə, sevməlidir də.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code