Ginekoloq MARAQLI FAKTLARI AÇDI: Qızlar bakirəliyin bərpası üçün müraciət edirlər, amma…

0
20

Budəfəki həmsöhbətim mama-ginekoloq Ləman Əliyevadır. 

Medonline.az L.Əliyeva ilə müsahibəni təqdim edir:

– Ləman  xanım, Azərbaycanda xanımlarımız ginekoloqa vaxtlı-vaxtında müraciət edirmi?

– Son illərdə maarifləndirici söhbətlər əsasında deyə bilərəm ki, biz buna 90% nail olmuşuq. Vaxtında hamilə və xəstə xanımlarımız ginekoloji baxışdan keçirlər, o cümlədən profilaktik baxımdan müalicə olunmaq istəyən kəslər müraciət edir. Lakin əfsuslar olsun ki, elə hamilə, eyni zamanda xəstə xanımlarımız olur ki, onlar vaxtında həkimə müraciət etmirlər və yaranan xəstəlikləri daha da ağırlaşdırırlar. Gecikmiş mərhələlərdə bəzən bizə müraciətlər olur. Hansı ki, uşaqlıq boynunda geridönməz proseslər var. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım ki, hamilə xanım 12 həftəsinədək evdə oturub və “Üç ayım tamam olsun, sonra həkimə gedərəm” deyərək bizə müraciət edir. Biz müayinə zamanı görürük ki, körpə 7-8 həftəsində ana bətnində inkişafdan qalıb və ananın bundan xəbəri yoxdur. 

– Bu, nədən irəli gəlir?

– Onların məlumatsızlığından. Eyni zamanda onların öz məlumatı olmadığı üçün ətraflarındakı şəxslərin də o şəkildə düşünməsinə səbəb olurlar. 

– Bəs ginekoloqa hansı yaş aralığında olan xanımlarımız daha çox müraciət edir?

– Bizə müraciət edən xanımlar daha çox 25-50 yaş aralığında olanlardır. 25 yaşdan sonra hamilə qalmaq istəyən, yaxud elə hamilə vəziyyətində gələn xanımlarımızdır. 40 yaşdan sonra profilaktik müayinə üçün, bəzən 50 yaşlı xanımlarımıız qanaxma ilə bağlı yaxınlaşırlar. Problemi olduğu tədqirdə gəlirlər, amma düşünürəm ki, bəlkə də problemləri olmasa, gəlməzlər. Halbuki hər il ginekoloji baxışdan keçmək lazımdır.

– 50 yaşda olan xanımlarımızdan söz düşmüşkən, o yaşda və ondan daha yuxarı yaşlarda hamilə qalmaq üçün müraciət edənlər varmı?

– Təbii. O yaşda nadirən hamilə qalmaq mümkündür. Əgər öncədən hansısa problemi olubsa, 50 yaşın üzərində bu halda deyərdim ki, mümkün deyil. Süni mayalanma ilə o yaşlarda hamilə qalmaq olar. Lakin mən süni mayalanma ilə məşğul olmadığım üçün dərinliyinə vara bilmərəm.

– Erkən nikaha Bakıda, yoxsa regionlarda daha çox üstünlük verilir?

– Kənardan eşitdiyim, o cümlədən televiziya və s. bu kimi yerlərdən izlədiyim məlumatlara görə, belə hallara regionlarda daha çox rast gəlmək olar. O da onların maarifləndirilməməsinə, məlumatlarının olmamasına işarədir. 

– Ana olmaq üçün ideal yaş neçədir?

– Hər bir insanın orqanizmində inkişaf mərhələləri var ki, yumurta hüceyrənin mayalanmasından tutmuş, müəyyən bir yaşa qədər. Yəni inkişaf mərhələsi sona çatmayan bir xanımın bədənində mütləq şəkildə əskiklik, natamamlıq var. O, müəyyən vaxtda hamilə qalarsa, təbii ki, problemlər yaşayacaq. Bu səbəbdən də hesab edirəm ki, ideal hamiləlik yaşı 20-21 üzəridir. 

– Vaxtında ginekoloq müayinəsindən keçilmədiyi tədqirdə hamilə olan kəslərdə hansı fəsadlar yarana bilir?

– İnkişafdan qalma halından tutmuş, müxtəlif qüsurlarla rastlaşırıq. Genetik xəstəliklər, vaxtından öncə doğuş təhlükəsi, vaxtından qabaq dölyanı mayenin axması, mamalıqda görünən digər fəsadları da görmək mümkündür.

– Hamiləlikdə görünən, doğuş zamanı meydana çıxan xəstəliklər daha çox nə ilə əlaqəli olur? 

– Bunun o qədər çox səbəbi var ki, məsələn, ananın öz xəstəlikləri, anada hansısa mikrobun olması, genetik, yaxud somatik xəstəliyin, ürək- damar xəstəliyinin, cinsi orqanların xəstəliyinin olması, eyni zamanda  qohum evliliyindən, genetik fatorlardan meydana çıxan qüsurlar və s. 

– Bəs hamiləlik zamanı qadınlarımıza nəyi məsləhət bilmirsiniz?

– Əsasən qidalanmada çöl yeməklərini, qazlı fanta, kola kimi içkiləri birmənalı şəkildə məsləhət bilmirəm. Hamiləlik fizioloji bir prosesdir. Bəzən sual verirlər ki, bu zaman cinsi əlaqədə olmaq olarmı? Əgər düşük təhlükəsi varsa, ilk 3 ayda və əgər vaxtından öncə doğuş təhlükəsi ehtimalı yaranarsa, son 3 ayda olmaz.

– Bu gün ölkəmizdə ana olmağa hazırlaşan namizədlərimiz təbii doğuş üçün, yoxsa qeysəriyyə əməliyyatı üçün sizə daha çox müraciət edirlər?

– Təəssüflə deyə bilərəm ki, qeysəriyyə əməliyyatı üçün daha çox müraciət olunur. Lakin bütün xəstələrimə öncədən bunu izah edirəm. Amma  sanki xanımlarımızın psixologiyasında qorxu var. Gələn hamilələrin 99 faizi qeysəriyyə əməliyyatı üçün müraciət edir.

– Normal doğuşda fəsadlar olmur? 

– Təbii ki, olur. Amma bu, insanların psixologiyasının həssaslığı, zəifliyi ilə əlaqəlidir.

– Qeysəriyyə əməliyyatının nə kimi üstünlüyü var?

– Bu xəstələr üçün rahatlıq sadəcə doğuş sancılarını hiss etməməkdir. Doğuş zamanı uşaqlıq yolunun genəlməsi, cırılma intim həyatlarında kompleks yaşadır. Amma o cırığa, kəsik və travmaya qalarsa, qeysəriyyə əməliyyatında da dəridən tutmuş daxildəki orqanlara qədər kəsik və cırılmalar olur.

– Həmin cırıqlar sonradan bərpa olunur?

– Bəli, müəyyən zaman ərzində bərpa olur. Hətta normal doğuşda xanım neçə uşaq istəyirsə, təbii yolla normal doğuş edə bilər. Əgər uşaq istəməzsə, vaginaplastika deyilən əməliyyat mövcuddur ki, rahatlıqla edə bilərlər, bu da uşaqlıq yolunu tam əvvəlki vəziyyətinə qaytarır.

– Birinci doğuşdan sonra orqanizm neçə müddətə toparlanır və ikinci sağlam hamiləlik nə vaxt olmalıdır?

– Heç olmasa, bir il keçməlidir. Amma aradan üç ay keçməmiş hamilə qalan qadınlarımız olur ki, mən artıq onlara deyə bilmərəm ki, niyə hamilə qalmısan? Kənardan alınan vitaminlərlə hamiləliyi sağlam şəkildə aparırıq.

– Ölüm halları hansı halda aşkarlanır?

– Statistikanı tam deyə bilmərəm, amma hesab edirəm ki, qeysəriyyə əməliyyatında.

– Bəs cinsiyyət orqanının transplantasiyası üçün müraciət edirlərmi?

– Bizim ölkəmizdə bu əməliyyat yoxdur və mənə bir neçə xəstə müraciət edib, mən onları qəbul etməmişəm.

– Subay qızlarda nə kimi problemlərlə qarşılaşırsınız?

– Yüngül infeksiyalar, cinsiyyət yollarından gələn axıntı, qaşınma kimi şikayətlər olur.

– Bakirəliyin bərpası ilə bağlı müraciət edənlər olurmu?

– Bəli, olur. Amma bu, qanunsuz bir əməliyyat olduğu üçün məşğul olmuram.

– Abortlarınız olurmu?

– Təəssüflər olsun ki, bəli. 

– Hamiləliyin neçə ayınadək bu, mümkündür?

– 3 ay və daha üst həftələrdə də abort edənlər olur. Amma mən 8 həftəyədək edirəm.

– Deyilənə görə, qadının qan qrupu mənfi, kişidə müsbət olarsa, bəzən uşaq sağ qalmır…

– Müayinə və müalicə aparılmalıdır. İlk müayinədə biz qadının antitellərinin titrini yoxlayırıq. Uşağın qanının hansı qrupda doğulacağını bilmirik. Əgər bətndə qan müsbət olarsa, o zaman reaksiyaya girir və antitel hazırlayır. Elə bir titr varsa, bu o deməkdir ki, onların arasında zəhərlənmə prosesi gedir. Amma titr çıxmırsa, demək hər şey qaydasındadır. Bu halda biz profilaktik məqsədlə roqam iynəsini vururuq. Bir sonrakı hamiləlikdə problem yaşanmaması üçün bu iynənin vurulması şərtdir.

– Qadınlar sağlamlıqlarını necə qoruya bilər?

– İlk növbədə təmizlik mütləqdir. Alt paltarlarını yuduqdan sonra mütləq ütüləsinlər. Təmiz su ilə yuyunub qurulansınlar. Cinsi infeksiyalardan qorunmaq üçün isə əgər təmizliyindən şübhə olunan bir münasibət yaşanılırsa, prezervativlərdən istifadə olunmalıdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code