ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək

0
15

Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.

Medonline.az  xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir.

Dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. 

İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib. 

Gündəliyin təsdiqindən sonra komitə sədri “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub. 

B.Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. “Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb” – deyə o bildirib. 

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər. 

Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. 

Bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub. 

Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub. Sonra komitə sədri məlumat verib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununun 7.0-cı maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub. 

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən qanun, sərəncam və dövlət proqramlarından bəhs edən B.Əliyev sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb. O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb. 

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət etdiyini bildirib. 

Komitə üzvləri hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code