Paşinyan-Araik düşmənçiliyi sayəsində məxfi plan açıldı: Erməni terrorçu Kremlin sirrini yaydı

0
19

Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədə separatçı-terrorçulara yeni təhlükəsizlik mexanizmləri yaratmağa yardım göstərirmiş; Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmağa çalışan Kreml rəsmi Bakı ilə imzaladığı ikitərəfli və üçtərəfli anlaşmalara zidd planlar üzərindən göstərdiyi fəaliyyətə məntiqli izahat verməyə borcludur…

Erməni toplumu parçalanmış vəziyyətə düşüb. İndi bu müasir sivilizasiyadan uzaq toplumun daxilində kəskin qarşıdurma mövcuddur. Və belə bir kəsin qarşıdurmanın yekun nəticələri erməni toplumunun Cənubi Qafqazda mövcud olub-olmayacağı ilə bəzi suallara cavab tapmaqda yardımçı ola bilər.

Erməni toplumu daxilindəki mübarizənin əsas prinsiplərini isə məhz baş nazir Nikol Paşinyanın Rusiyanı hədəf alan “Erməni xalqını qurbanlıq qoyun statusundan çıxartmağa çalışırıq” açıqlamasından qaynaqlanan tezislər müəyyən edir. Yəni, erməni toplumu konkret seçim qarşısında qalıb. Bundan sonra ya “artsax” xəyalından birdəfəlik imtina edəcək, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracaq, Rusiyanın imperialist maraqlarının girovluğundan xilas olub, inkişaf mərhələsinə keçmək şansı qazanacaq. Ya da “artsax” xəyalına davam edərək, Rusiyanın mənafelərində alətə çevrilməklə, öz gələcək taleyini böyük təhlükə altına atmış olacaq.

Hazırda baş nazir Nikol Paşinyanın yürütdüyü siyasi-ideoloji xətt məhz birinci variant üzrə Ermənistanın xilas edilməsinə yönəldilib. Halbuki, Paşinyan hakimiyyəti olduqca ciddi müqavimət düşərgəsi ilə qarşı-qarşıya da qalıb. Rusiya və Kremlin Ermənistandakı revanşist dəstəkçiləri Paşinyan hakimiyyətinə ölkəni normal inkişaf mərhələsinə keçirəcək addımlar atmaq şansı tanımaq niyyətindən uzaqdırlar.

7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB) 

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması da bunu təsdiqləyir. Belə ki, D.Peskov bildirib ki, Ermənistan baş nazirinin Rusiyaya rəsmi səfəri hazırki beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edən hadisədir. Yəni, Kremldə erməni baş nazirə Rusiyanı Cənubi Qafqazdan sıxışdıra biləcək addımların atılmasından imtina etməsi üçün sərt təzyiqlər göstəriləcəyinə eyham vurulur. Çünki Paşinyan hakimiyyətinin Azərbaycan-Ermənistan sülh sazişi hazırlanması prosesində Qərbin vasitəçiliyinə və ikitərəfli təmaslara üstünlük verməsi Rusiyanı regionda oyundankənar vəziyyətə sala bilər.

Əslində, rəsmi İrəvan ilk dəfədir ki, bu qədər açıq şəkildə Rusiyanın erməni separatizminin dəstəklənməsi üzərində qurulan regional siyasətinə qarşı çıxır. Ermənistan parlamentinin sədri Alen Simonyan, danışıqların indiki mərhələsində “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadəni məqsədəuyğun hesab etmədiyini bildirir. Öz müqəddəratını təyin etmək hüququnun “artsax” xalqının işi olduğunu deyir. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarının olmadığını vurğulayır.

Ermənistan baş naziri Nikol Paşinyan daha da irəli gedərək, “artsax” mövzusunun rəsmi İrəvan üçün ərazi deyil, hüquqi məsələ olduğunu qabardır. Ardınca isə Ermənistanın bu məsələdə mövqeyini ənənəvi mövqedən uzaqlaşmayacağı təqdirdə, savaşın qaçılmaz olacağına eyham vurur. Və yeni savaşın başlayacağı haldasa Ermənistanın Qərb siyasi dairələrindən hər hansı dəstək ala bilməyəcəyi barədə xəbərdarlıq edir.

Nəhayət, Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan daha bir önəmli məqamın üstünü açıb. O, bildirib ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı toplantıda Qarabağın artıq itirildiyini deyib: “Levon Ter-Petrosyan dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?” Və bütün bunlar 30 illik separatizm fəaliyyətinin iflasa uğramaq üzrə olduğunu göstərir.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB) 

Belə anlaşılır ki, indi “artsax” problemi yalnız Rusiyaya, rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçı-terrorçu dəstəsinə, Ermənistanda Kreml tərəfindən idarə olunan revanşist düşərgəyə lazımdır. Ona görə də, məhz bu sadalananlar “artsax” probleminin mövcudluğunu qorumağa cəhd göstərirlər. Və artıq kəskin qarşıdurma istiqamətində müəyyən addımlar atmağa da çalışırlar.

Ermənistanda revanşist düşərgə Kremlin sifarişləri ilə Paşinyan hakimiyyətinə qarşı çevriliş planları qurmağa başlayıblar. Bu düşərgənin təmsilçiləri ölkədə gərginliyi artıraraq, vəziyyətin nəzarətdən çıxarılmasına can atırlar. Rusiyayönümlü revanşistlərin liderlərindən olan Artır Vanetsyan erməni toplumunu “artsax” uğrunda həlledici mübarizəyə çağıraraq, Paşinyan hakimiyyətini xəyanətdə suçlayır. Onun fikrincə, Paşinyan hakimiyyəti “artsax”ın itirilməsi ilə artıq barışıb və Qarabağın Azərbaycana təhvil verilməsinə hazırlaşır.

Paşinyan hakimiyyəti və Araik Arutyunyanın separatçı-terrorçu dəstələri arasında münasibətlər isə artıq açıq düşmənçilik mərhələsinə keçib. Araik Arutyunyan bildirib ki, Paşinyan hakimiyyəti “artsax”ın  təhlükəsizliyinə qarant rolunu oynamaqdan imtina edib: “Ona görə də özünü təqdimetmə hüquqlarımız uğrunda özümüz, sona qədər mübarizə aparmaq qərarına gəlmişik”.

Ancaq Araik Arutyunyan bəzi siyasi səhvlərə də yol verib. Belə ki, o, 44 günlük savaşdan sonra Rusiya sülhməramlı qüvvələri ilə birlikdə “artsax”ın yeni təhlükəsizlik sisteminin yaradılmasına başlanılıb: “Rusiya sülhməramlı qüvvələri ilə “artsax”ın gələcək taleyini həll etmək istiqamətində əməkdaşlıq edirik. Onların yardımı ilə “artsax”ın yeni təhlükəsizlik mexanizmlərini yaradırıq”.

1601411607_ermeni-separatizmi.jpg (20 KB) 

Araik Arutyunyanın açıqlaması Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçuları ilə ortaq fəaliyyət göstərdiyini növbəti dəfə təsdiqləyir. Üstəlik, Araik Arutyunyan həm də çox önəmli məxfi planın üstünü də açmış olur. Yəni, o, iddia edir ki, rus sülhməramlılar bölgədəki erməni terrorçulara təhlükəsizlik mexanizmləri yaratmaqda yardım edir. Və bu, olduqca ciddi geopolitik skandal yaradan biləcək bir açıqlamadır.

Birincisi üçtərəfli anlaşmalara görə, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların erməni terrorçulara təhlükəsizlik mexanizmləri yaratmaq səlahiyyətləri yoxdur. Əslində, ərazidə mandatsız fəaliyyət göstərən Rusiya sülhməramlıları yalnız atəşkəs rejiminin qorunmasına nəzarət etməlidirlər. Bundan kənar atılan istənilən addım üçtərəfli anlaşmaların kobud şəkildə pozulması anlamı daşıyır.

Digər tərəfdən, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə görə, həm rəsmi Bakı, həm də Kreml bir-birinin ərazilərində separatizmə, eləcə də terrorizmə qarşı ortaq fəaliyyət öhdəliyi götürüblər. Rus sülhməramlılar isə Araik Arutyunyanın terrorçu dəstəsini himayə edir, separatçılara təhlükəsizlik mexanizmləri yaradır. Bu isə o deməkdir ki, Rusiya Azərbaycanla imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozur.

Göründüyü kimi, Rusiya Xankəndi və ətraf bölgədə həm üçtərəfli, həm də ikitərəfli anlaşmalara zidd planlar üzərindən fəaliyyət göstərir. Paşinyan hakimiyyəti ilə düşmənçilik mərhələsində olan Araik Arutyunyan isə Rusiyanın bu məxfi, beynəlxalq hüquq normalarına da zidd olan planlarının üstünü açmış oldu. İndi Kreml Xankəndi və ətraf bölgədə himayə etdiyi separatçı-terrorçunun dediklərinə mütləq məntiqli şəkildə izahat verməyə borcludur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code