Raquf Orucov bircə onu dedi ki, şəhid olsam, ora gəl… – MÜSAHİBƏ

0
22

Bu günlər Aprel döyüşlərinin 6-cı ili tamam olur. Hər kəs üzünü 6 il əvvələ çevirir. Onlarla qəhrəman Vətən övladının şəhadətə ucalaraq bizə 23 ildən sonra qələbəni, zəfəri daddırdığı o şanlı tarixi hər kəs ehtiramla xatırlayır. Bir çoxları düşünür ki, tarixə Dördgünlük müharibə, Aprel döyüşləri kimi düşən bu zəfər əslində 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük müharibənin də başlanğıcı, müjdəçisidir. 

Həmsöhbətimiz isə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovadır. 

Sevinc Orucova Publika.az-a söyləyib ki, aprel döyüşləri Qarabağa gedən yolumuzun başlanğıcıdır. 

– Sevinc xanım, 6 il əvvəl aprel döyüşləri ilə xalqımız uzun illərdən sonra qələbəni daddı. Siz də “Murov qartalı” adı ilə düşmənin bağrına od salan əfsanəvi komandir Raquf Orucovu cəbhəyə yola saldınız. 6 il əvvələ qayıdaq, o günləri necə xatırlayırsınız? Ümumiyyətlə, aprel döyüşləri sizin üçün hansı anlamı ifadə edir? 

– 2016-cı ilin aprel döyüşləri elə də uzaq, keçmiş tariximiz deyil. İndiki, müasir tariximizdir. Cəmi altı il bundan əvvəl, 44 günlük Vətən Müharibəsindən isə cəmi dörd il qabaq baş verən Aprel döyüşləri Qarabağa, bizim işğal altında olan rayonlarımıza gedən yolun başlanğıcını qoydu. İyirmi üç ildən sonra ilk dəfə olaraq Azərbaycan xalqı zəfəri, qalibiyyəti hiss etdi. Xalqımız əmin oldu ki, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Yəni bunu bacara bilər və bacaracaq. Azərbaycan Ordusu dördgünlük aprel savaşlarında ermənilərin qondarma, uydurma mifik ideologiyasını yıxdı. Hətta deyərdim ki, tamamilə məhv etdi. Bu döyüşlərdə Azərbaycan Ordusunun son 25 ildə yetişdirdiyi ən yaxşı zabitləri zəfər bayraqlarını öndə daşıdılar. Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu gün həmin qəhrəmanlıq tariximizin üzərindən altı il keçir. Ondan cəmi dörd il sonra həmin şəhid komandirlərin yetişdirdiyi əsgərlər 44 günlük Vətən Müharibəsində tarix yazdılar. 

– Sizin həyat yoldaşınız, bizim əfsanəvi kəşfiyyatçımız Raquf Orucov aprel döyüşləri öncəsində hansı əhval-ruhiyyədə idi? Belə bir döyüşlərin olacağını sizə demişdimi? Ümumiyyətlə, aprel döyüşləri günlərində sonuncu dəfə onunla nə zaman danışmışdınız? 

– Raquf Orucov sonuncu dəfə 2016-cı ilin martın 23-də bizimlə, ailəsi ilə vidalaşdı. Ondan sonrakı müddət ərzində telefonla əlaqə saxlamışıq. Amma inanırsınız, Raquf Orucovun döyüş əhval-rusiyyəsində olduğunu hiss etmək mümkün idi. Deyirdi ki, bu dəfə tamam fərqlidir. Biz belə olacağını bilmirdik, gözləmirdik. İlk dəfə aprelin 2-də televizorda döyüş səhnələrini görəndə anladım ki, artıq müharibə başlayıb. Bilirdim ki, müharibə başlasa, həyat yoldaşım hər zaman öndə olacaq. Onunla sonuncu dəfə biz aprel ayının üçü axşam saatlarında danışmışıq. Telefonla əlaqə saxlamışdıq. Altı il bundan əvvəl elə bu dəqiqələrdə artıq Raquf Orucov şəhadətə qovuşmuşdu. Təxminən aprelin dördü, səhər saatlarında… Raquf çox rahat idi. Üç gün davam edən uğurlu əməliyyatlarda komandir, zabit kimi iştirak eləmişdi. 

– Həmin günlərdə yəqin ki, ailəsi ilə telefonla əlaqə saxlayırdı. Nə deyirdi? Nədən danışırdı? 

– Bizimlə danışanda deyirdi ki, hər şey qaydasındadır. Amma bütün Azərbaycan xalqı, eləcə də övladları, əzizləri səngərdə olanlar narahat idi. Təbii ki, mən də narahatlıqdan özümə yer tapa bilmirdim. Döyüşlər vaxtı, son telefon danışıqlarımızın birində mən ondan soruşdum ki, səni itirsəm, hansı tərəfdə axtarım?! Çünki telefonda açıq şəkildə danışa bilmirdik. O, döyüş bölgəsində idi, hərbi sirr xarakterli məlumatlar sayılır. Bircə kəlmə dedi ki, qəzaya düşdüyümüz yerə gələrsən. Biz aprel döyüşlərindən cəmi iki il qabaq Goranboy tərəfdə, Tapqaraqoyunlu istiqamətində ailəvi olaraq avtomobil qəzasına düşmüşdük. Mən onda bildim ki, Raquf Orucov Talış istiqamətindəki döyüşlərdə iştrak edir. Bilirsiniz, o zaman döyüşlər Talış və Lələtəpə istiqamətində gedirdi. Yəni Füzuli və Tərtər-Goranboy istiqamətində aktiv döyüş əməliyyatları aparılırdı. Mən onda anladım ki, Raquf Goranboy istiqamətindəki döyüşlərə qatılıb. Şəhid olanda da dedim ki, Raqufu elə o istiqamətdə axtarmaq lazımdır. Elə Talış yüksəkliklərində də şəhid olmuşdu. 

– Təəssüf ki,  “Murov qartalı”, sizin həyat yoldaşınız 44 günlük savaşdakı qələbəmizi görmədi… 

– Bəli, ən böyük peşmanlığımız odur ki, Raquf 44 günlük Vətən Müharibəsindəki qələbəmizi görmədi. O, Azərbaycan Ordusunun ən güclü, ən peşəkar kəşfiyyatçılarından biri sayılırdı. Raquf Orucov çox dəyərli komandir idi. Hətta deyərdim ki, gəlmiş-keçmiş, ən yaxşı komandirlərindən hesab olunurdu. O, bu ölkəyə, bu Vətənə daha çox xidmət edə bilərdi. Bəlkə də Raquf Orucov 44 günlük Vətən Müharibəsində şəhid olsaydı, bizə bu qədər ağır təsir eləməzdi. Heyf ki, qələbəmizi görmədi. Heç olmasa, Ağdamın azadlığını görərdi. Anasının məzarının azad edildiyini görməyi çox istəyərdi… Amma qismət olmadı (kövrəlir).

– Kəşfiyyata gedərkən anasının qəbrini ziyarət etdiyi də deyilir. Siz də azad olunandan sonra Cinli kəndinə gedib həmin məzarı ziyarət etmişdiniz…

– Bəli, Raquf Orucov komandir olarkən anasının məzarını ziyarət etmişdi və biz bunu bilirdik. Anası kənd işğal olunarkən şəhid olmuşdu. Düz yolun ortasında vurmuşdular. Raquf Orucovun anasının məzarından götürdüyüm torpağı Raqufun məzarına gətirdim… Bilirsiniz, Aprel döyüşləri bizim şanlı tariximizdir. Onu daim yaddaşlarda saxlamaq lazımdır. Həmin döyüşlərdə və Vətən Müharibəsində şəhadətə ucalan əsgər və zabitlərimiz həqiqətən də böyük kişilərdir. Raqufun arxasınca Şükür Həmidov, Polad Həşimov, İlqar Mirzəyev kimi oğullar getdilər. Millətimizin başı sağ olsun! Amma kişi kimi döyüşdülər, bu xalqa zəfər hissini, qələbəni daddırdılar. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code