“Ermənilərə uduzuruq, Rusiya Müdafiə Nazirliyinin bəyanatı isə demoqogiyadır…” –Sərdar Cəlaloğlu ilə MÜSAHİBƏ

0
22

Gundem.az-ın suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

Müsahibəni təqdim edirik.

– Sərdar bəy, öncə Rusiya Müdafiə Nazirliyinin ötən gün Qarabağda Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsi tələbinə münasibət bildirməyinizi istəyərdik. Rusiya tərəfinin belə bir açıqlama yaymasını nə ilə izah etmək olar?

– Azərbaycan müstəqil dövlətdir və öz ərazisində suveren hüquqlarını bərpa etməkdə tam haqlıdır. Həm üçtərəfli bəyanatda, həm də müttəfiqlik bəyannaməsində Rusiyanın Azərbaycanın müstəqilliyini tanıması, suverenliyinə hörmətlə yanaşması qeyd olunur. Ona görə də Rusiya Müdafiə Nazirliyinin bəyanatı beynəlxalq demaqogiyadan başqa bir şey deyil. Bu gün başqa bir suveren ölkənin ərazisinə soxulan, şəhərləri yerlə yeksan edən bir dövlətin Müdafiə Nazirliyindən fərqli mövqe gözləmək olmaz.

– Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının müddəasını pozur. Halbuki həmin bəyannamənin 4-cü bəndində erməni silahlıların ərazidən çıxarılması nəzərdə tutulub və bu günə qədər də bu bənd icra olunmayıb. Bu ikili yanaşmanın arxasında nə dayanır?

– 10 noyabr razılaşmasında nəzərdə tutulmuşdu ki, Rusiya Xankəndinin Azərbaycanın suverenliyinə daxil olmasına kömək edəcək. Rusiya prezidenti Putin də bunu qeyd edib. Putin Ukrayna kimi böyük bir ölkənin qarşısında silahsızlaşdırılma, denasifikasiya və demilitarizasiya kimi ağır şətlər qoyub. Amma Azərbaycan 5-10 min erməninin yaşadığı Xankəndidəki terrorçuların silahsızlaşdırılmasını tələb edəndə buna əməl etmirlər. Biz Rusiyanın Xankəndidə heç vaxt ədalətli mövqe tutmayacağını bilməliyik və ona görə də bu ölkənin demaqogiya xarakterli məlumatına fikir verməli deyilik.

– Rusiya ilə yanaşı Fransa və ABŞ da Azərbaycandan tələb edib ki, mövqeləri geri çəkin. Qərb və Rusiyanı Qarabağ məsələsində ortaq mövqedən çıxış etməsinin səbəbi nədir?

– Təbii ki, yanlış mövqedədirlər. Bu, Azərbaycan diplomatiyasının zəifliyinin göstəricisidir. Biz Qarabağ ətrafında gedən prosesləri dünyaya çatdırmaqda hər zaman ermənilərə uduzuruq. Ermənilər Azərbaycana və Türkiyəyə qarşı təbliğatı hər gün aparırlar. Hara gəldi şikayət edirlər. Ağlaşma qurublar. Gah Putindən kömək istəyirlər, gah Makrondan, gah Baydendən. Narazılıq etmək, ağlamaq, ora-bura yazmaq bu ermənilərin qanındadır. Xarici dövlətlər də elə bilirlər ki, həqiqətən Azərbaycan hərbçiləri burada ermənilərə təcavüz edir və s. Biz dünya ictimaiyyətini inandırmalıyıq ki, Azərbaycan Qarabağda öz suveren hüquqlarını bərpa edir. Korsika adası necə illərdir ki, müstəqillik tələb edir. Fransa onlara müstəqillik verəcəkmi? ABŞ öz ərazisində müstəqillik istəyən ştatların, xalqların tələblərini qəbul edərmi? Rusiyanın ərazisində bir neçə respublika var ki, zaman-zaman müstəqil olmaq istəyiblər, amma qanlarında boğulublar. Bəs nə üçün Azərbaycana gələndə yanaşmalar dəyişir? Ermənilər dövlət istəyirlərsə gedib Ermənistanda özlərinə ikinci bir dövlət qursunlar. Gorus, Qafan tərəfdə boş ərazilər çoxdur, getsinlər orada dövlət qursunlar. Paşinyan buna razı olarmı? Azərbaycan Qarabağ məsələsində ardıcıl iş aparmalıdır. Mənə elə gəlir ki, Fransa, ABŞ və digər Avropa dövlətlərinin Qarabağla bağlı mövqeləri məlumatsızlıqdan doğur. Açığı, bu gün Qərbin maraqlarının Cənubi Qafqazda Rusiyanın maraqları ilə üst-üstə düşməsi təəccüblüdür. Xankəndidə baş verənlər Rusiyanın Qarabağda hərbi mövcudluğunu saxlamaq siyasətindən başqa bir şey deyil. Fransa və ABŞ Azərbaycanın Qarabağda apardığı siyasətə qarşı çıxmaqla Rusiyanın orada hərbi mövcudluğuna dəstək verir. Azərbaycan Xarici İşlər Nazirliyi, səfirliklər, diaspor qurumları Qərb siyasətçilərinə Qarabağla bağlı apardıqları siyasətlə dolayısı ilə Rusiyaya dəstək verdilərini izah etməlidirlər. Bu məsələdə Qarabağdakı ermənilər sadəcə kiçik vasitədirlər. Xankəndidə erməni var? Orada keçirilən aksiyaya baxın, 5-10 nəfər adam var. Onları da Xankəndidə məcburi saxlayıblar. Yəni Azərbaycan Qarabağ iqtisadi rayonunda ermənilərlə deyil ruslarla mübarizə aparır. Bunu Qərb dairələrinə izah etmək lazımdır.

– “Financial Times” qəzetinin yazdığına görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan ölkələrə, o cümlədən Ermənistana sanksiya tətbiq edə bilər. Siz bunu nə dərəcə mümkün hesab edirsiniz?

– Amerikada dövlət qurumları hansısa məsələ ilə bağlı fərqli mövqe ortaya qoya bilirlər. Deyək ki, Dövlət Departamentinin mövqeyi Xarici Kəşfiyyat İdarəsinin mövqeyilə üst-üstə düşməyə bilər. Rusiyaya sanksiyadan çıxmaq üçün kömək edən Ermənistana sanksiya tələb edən ABŞ-ın dövlət qurumunun mövqeyi digər dövlət qurumları tərəfindən dəstəklənirmi? Amerikada idarəetmə sistemi bir qədər fərqlidir.

– Bütün bunlara baxmayaraq, Azərbaycanda hələ də Rusiyanı dəstəkləyənlər, bu ölkənin Ukraynada apardığı müharibəyə haqq qazandıranlar var. Ölkədə bəzi siyasətçilərin Rusiya sevgisinin arxasında nə dayanır?

– Rusiyada Putinin siyasətini dəstəkləməyənlərin sayı, Azərbaycanda Putinsevərlərin sayından çoxdur. Təbii ki, Azərbaycan xalqı Rusiyanı dəstəkləmir və bu ölkənin apardığı siyasətə qarşı çıxır. Azərbaycanda Putinin Ukraynada apardığı siyasətə dəstək verən siyasətçilər, jurnalistlər bu ölkədən maliyələşirlər. Onlar Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində Kremlə işləyə siyasətçilər, partiyalar, casuslar var.

– Necə hesab edirsiniz, Azərbaycan bayrağı yaxın vaxtlarda Xankəndidə dalğalanacaqmı?

– Azərbaycan addım-addım Qarabağın bütün ərazilərinə hakim olmalıdır. Bu zaman hadisələrin mahiyyətini pozmadan, məqsədi aydın şəkildə dünya içtimaiyyətinə çatdırmaqla irəliləməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, məqsədimiz Qarabağdakı erməniləri incitmək, onların hüquqlarını pozmaq deyil, Rusiyanın Azərbaycanda hərbi mövcudluğunu aradan qaldırmaqdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code