Mart ayında yağan qarın ziyanı nədir, xeyri nə?

0
68

Son onillikdə mart ayı soyuq hava şəraiti ilə yadda qalır. Belə ki, martda, ağacların çiçək açdığı vaxtda qarın yağması çiçəklərin mayalanmamasına və ya donmasına səbəb olur. Ekspertlər qeyd edir ki, çiçək vaxtının  yağıtılı olması  ağaclardan normal məhsulun əldə edilməsi prosesi mane olur. Ağacların çiçəkləri tökülür, yararsız olur. Bu da məhsuldarlığın azalmasına və yayda meyvə qıtlığının yaranmasına səbəb olur.
Son günlər yağan qar və havanın anormal keçməsi məhsuldarlığa necə təsir edəcək?

 

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov mövzu ilə bağlı Medianews.az-a açıqlamasında bildirdi ki, quraq keçən havalardan sonra davamlı yağıntıların düşməsinin kənd təsərrüfatı üçün heç bir çətinlik yaratmır:
“Əksinə, suvarma ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılmasında bu cür yağıntıların böyük rolu var. Yüksək dağlıq ərazilərə qar düşməsi də yay mövsümündə isti keçən aylarda su ehtiyatlarının toplanması deməkdir və nəticə etibarilə bu yağıntıların yalnız müsbət təsirindən danışa bilərik.
Yağıntıların miqdarının mövsümə görə normadan çox olması belə indiki halda xüsusilə də payızlıq əkinlərdə, buğda və arpa əkinlərinə çox müsbət təsir edir. Torpağın alt qatında su və nəm ehtiyatının toplanması xüsusilə dəmyə əkinlərində məhsuldarlıq üçün mühüm rol oynayır. Bu yağıntıların da indiki halda mart ayında düşməsi fermerləri yalnız sevindirə bilər. Meteoroloji proqnozlar göstərir ki, ayın 25-dən sonra bu yağıntılar səngiyəcək və dayanacaq. Amma aprel ayında da qısamüddətli bu cür yağıntıların düşməsini gözləyirik. İndiki halda qarın yağması dağlarda yay üçün əlavə su ehtiyatının toplanması deməkdir. Uzun müddətdir ki, qarın azalması nəticə etibarı ilə yayda çaylarda suların olmamasına səbəb olurdu ki, bu da kənd təsərrüfatına mənfi təsir göstərirdi. Əkin sahələrinin suvarılmasında problem yaradırdı. Amma indiki halda apardığımız müşahidələr də göstərir ki, yüksək dağlıq ərazilərdə müəyyən qədər qar ehtiyatı toplanıb. Qar ehtiyatı yay mövsümündə havalar istiləşdikdən sonra çaylarda suyun artmasına müsbt təsir göstərəcək. Bu da kənd təsərrüfatı baxımından müsbət amildir.
Lakin havaların mövsüm normalarına uyğun keçməməsi aprel ayın əvvələrində müşahidə edilərsə kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Ağacların çiçəkləndiyi dövrdə dolu yağması, külək əsməsi bağçılığa mənfi təsir göstərə bilir. Bununla bağlı fermerlər illərdir ki, müəyyən mübarizə üsullarından istifadə edirlər”.

 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə qeyd edir ki, anormal hava şəraitinin kəndlilər, xüsusən də fermerlər üçün böyük zərəri var:
“Əvvəlkindən fərqli olaraq indi intensiv yağışların yağması, dolu düşməsi kənd təsərrüfatına zərər vurur. İndi yağan dolular daha böyük həcmdə olur. Əlbəttə ki, bu da çiçək açan ağaclara zərərlidir. Bəzi bölgələrdə qar yağmamışdan öncə ağaclar çiçəkləmişdi. Zəif çiçəklər vaxtında mayalanmayaraq tökülür, güclülər isə əksinə. Bundan sonra ağacların çiçək açması baş verəcək. Havalar belə getsə elə də ciddi təsiri olmamalıdır. Hava rejimi bundan sonrakı günlərdə  “-5” dərəcə olmazsa bu o deməkdir ki, meyvələr çiçəkləyən bölgələrdə problem ötüb keçəcək, məhsuldarlıq da aşağı düşməyəcək. Yox əgər kəskin hava dəyişikliyi olsa, teperatur “-5” dərəcə olarsa və qarın yağması davam edərsə təbii ki, bunun zərəri daha çox olacaq. Bu təbiət hadisəsidir, bunu əvvəlcədən demək olmur. Əgər belə ciddi dəyişiliklik baş verməsə heç bir problem olmayacaq. Ümumiyyətlə fermerlərimiz, kəndlilərimiz belə hadisələrə hazırlıqlı olmalıdır. Onlar qoruycu meşə zolaqları salmalıdırlar ki, həm küləyin zərərli təsirindən, həm soyuq keçən havaların təsirindən ağacları qoruya bilsinlər. Bu sovet dövründə tələb edilirdi. Təəssüflər olsun ki, indi qoruyucu meşə zolağının mahiyyətini anlayan yoxdur və bu barədə fermelərə məsləhətlər verilmir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code