Yaxın saatlarda Qarabağda əməliyyat başlaya bilər – AÇIQLAMA

0
58

“Ermənilər Azərbaycana başqa bir variant saxlamayıblar. Ona görə də, mən hesab edirəm ki, antiterror əmliyyatları keçirilməlidir və keçiriləcək. Başqa yol qalmayıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Belə ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində son günlər müşahidə olunan gərginliklə bağlı fikirlərini bölüşən ekspert 44 günlük savaşdan sonra Azərbaycanın ermənilərə ağıllarını başlarına yığmaq üçün kifayət qədər vaxt verdiyini bildirib:

“Lakin görünən odur ki, onlar Rusiya sülhməramlılarına arxalanıb, orada hələ bir müddətdə bəzi hoqqalar çıxarmaq istəyirlər. Azərbaycan öz əsgər və zabitlərinin həyatları ilə oynaya bilməz. Ona görə də, zənnimcə, bu məsələ ilə bağlı ciddi addımlar atılacaq. İndi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində onlar bu işləri həyata keçirirlərsə, bu o deməkdir ki, Azərbaycan adekvat tədbirlər görməlidir”.

Ekspertin sözlərinə görə, bu barədə yaxın saatlarda qərar qəbul oluna bilər:

“Bu gün də Ağdam istiqamətində 28 dəfə atəşkəsi pozublar. Bu səlahiyyəti onlara kim tanıyıb? Kimdir ki onlar? Onlar ağıllarını başlarına yığmaq əvəzinə, başlayıblar bu hoqqanı çıxarmağa. Hesab edirəm ki, Azərbaycan bu təxribatlarla bağlı yaxın saatlarda nə qərar qəbul edəcəksə, bu ictimaiyyətə bildiriləcək”.

Üzeyir Cəfərov bir sıra analitiklərin Xocalı və Xocavəndin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissələrinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı proqnozlarına da münasibət bildirib:

“Bu ərazilər Azərbaycana məxsusdur. Onun işğaldan azad olunması da Azərbaycanın halal haqqıdır. Bu haqqı heç kim Azərbaycana qadağan edə bilməz. İnanıram ki, Azərbaycan lazım olan addımları atacaq və bu məsələyə birdəfəlik son qoyulacaq”.

 

 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code