“Rusiya Ukraynada qalib olsa, Qarabağ yaxın gələcəkdə yenidən əlimizdən çıxa bilər…”

0
32
“Nə qədər ki, Rusiya Qarabağda oturub, biz deyə bilmərik ki, o torpaqlar tam mənada bizimkidir…”
 
“Elə ki, Putin Ukrayna ilə bağlı fikirlərində ciddiləşir, ermənilər hamısı şirəyə daraşan it arısı kimi vızıldaşırlar…”
 
Rusiya-Ukrayna gərginliyi bu günlərin xaotik informasiya burulğanında o dərəcədə qəliz xarakter alıb ki, nə baş verəcəyini söyləmək çətindir. Və  sözsüz ki, iki böyük ölkənin toqquşması və bunun da, ehtimal ki, NATO-Rusiya  müharibəsinə gətirib çıxarması Azərbaycana da təsirsiz ötüşməyəcək bir prosesdir…
Əgər Rusiya müvəqqəti olaraq  Ukrayna böhranından qalib çıxarsa, deyək ki, Allah eləməmiş  həmin ölkəyə növbəti təcavüzü reallaşarsa və məsələn, Xarkov vilayətinin də işğalına nail olarsa, bu, Azərbaycanın  Qarabağ  və Şərqi Zəngəzur torpaqlarının tam azadlığı, yəni Laçın, Xankəndi, Xocalı və s. problemlərinin də həlli məsələsinə necə təsir edə bilər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bədbin proqnoz verib:
 
“Əvvəla, inanmıram ki, Rusiya Xarkovu işğal etsin. Çünki bu ərazi ona o qədər də lazım deyil. Kremlin əsas məqsədi Mariopol ərazisini işğal etməkdir.  Ona görə ki, Rusiya həmin şəhəri götürsə, birbaşa Qara dənizə quru yolu açılır. Hazırda dəniz yoluyla Kerçdən keçən körpü müvəqqəti işdir. Yəni Krım hələ tam şəkildə Rusiyanın deyil, çünki quru sərhədləri yoxdur.  Odur ki, Putin çalışacaq ki, fürsətdən yararlanıb Mariopol istiqamətindən Azov dənizi sahillərini zəbt etsin. Əgər rusların bu planları varsa, belə çıxır ki, diqqəti Xarkovu yönəldib fikri yayındırırlar… 
 
Və Allah  göstərməsin, Rusiya Ukraynada qalib olsa, bu, Qarabağın yaxın gələcəkdə yenidən əlimizdən çıxması deməkdir. Bu,birmənalıdır.  Çünki diqqət edirsizsə, elə ki, Putin Ukrayna ilə bağlı fikirlərində ciddiləşir, ermənilər hamısı şirəyə daraşan it arısı kimi vızıldaşırlar. Araik Arutyuntan kimdir ki, gedib Moskvada Şuşanın, Hadrutun “taleyini həll edir”?..” 
 
Politoloq Ermənistan və Qarabağdakı hay toplumunun revanşist kəsiminin Rusiyaya güvənci amilinin hələ gündəmdə olduğunu diqqətə çatdırıb.
 
“Azərbaycanın Laçın dəhlizinə alternativ yolun çəkilişini sürətləndirməsi hayları daha da hiddətləndirib. Həmin yol çəkilib başa çatanadək ermənilər hər cür təxribat törədəcək. Və nə qədər ki, Rusiya Qarabağda oturub, biz deyə bilmərik ki, o torpaqlar tam mənada bizimdir. Düzdür, İlham Əliyev çox böyük iş gördü, son iki yüz ildə ilk dəfədir ki,  Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılır. Şuşa azad olundu… Elə Rusiyanı, revanşist, daşnak erməniləri havalandıran da budur… Ona görə də dövlət və xalq olaraq çox ayıq olmalıyıq”-deyə Cümşüd Nuriyev vurğulayıb. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code