Milyonları batan Tağı Əhmədov indi də danışdıqca özünü və oğlunu ifşa edir – VİDEO

0
64

Bu günlər ölkə gündəmini deputat Cavanşir Feyziyevin aydın səmada şimşək effekti verən ehtiyatsız açıqlaması və ardından ittiham etdiyi jurnalistlərin ona qarşı başlatdıqları kampaniya zəbt edib. Jurnalistlərin əsas silahları da təkcə C. Feyziyevin onlara qurşaqdan aşağı zərbə vurmasına cavab hazırlamaları deyil, İngiltərə məhkəmələrində mübahisələndirilən ailəsinə məxsus milyonlarıdır. Maraqlıdır ki, C. Feyziyev həmin milyonların onun ailə üzvlərinə məxsus olduğunu danmır və həmin pulları deputat seçilənədək biznes fəaliyyəti ilə halal yolla qazandıqlarını bəyan edir. Onun öz iddialarında nə dərəcədə haqlı olub-olmadığı başqa mövzunun predmetidir.

Amma papaq altda oğlanlar var ki, ölkə daxilində belə, heç bir biznes fəaliyyəti olmadığı halda illər uzunu sadəcə məmur işləməklə milyonlarla sərvətə sahib olduğunu danmır, əksinə, hətta çəkinmədən “MTN işi” olaylarında 3 milyon manatı Eldar Mahmudova necə verdiyinin təfərrüatını mətbuata açıqlayır, istintaqda zərərçəkmiş kimi də tanınır. Kimsə ondan soruşmur ki, ay məmur qardaş, səndə o milyonlar hardandır? Bu azmış kimi üstündən bir neçə il keçdikdən sonra bəlli olur ki, sən demə, Eldar Mahmudova verdiyi pul gedər gəlməzə getdiyi kimi 2 milyon manatı sələm kimi verib ayda 30 min manat faiz əldə etmək arzusu da puç olub. Üstəlik, necə deyərlər, it də gedib, ip də. Yəni nəinki faizləri ala bilməyib, verdiyi pul da batıb. Əvəzində ondan sələmə pul götürənlərin bir neçəsi həbs edilərək məhkəmədə məşhər ayağına çəkilməkdədir. 

Məsələnin əcaib tərəfi isə Tağı Əhmədovun hüquq-mühafizə orqanlarının təqibindən, ən azı ictimai qınaq hədəfinə çevrilmə təhlükəsindən zərrə qədər çəkinmədən bunları appaçıq mətbuata deməsi bir yana, məhkəmə hakimi işləyən oğlunun da adını bu olaylarda hallandırmasıdır. Tutaq ki, təqsirləndirilən şəxslərin özlərinin və ailə üzvlərinin razborka aparılması üçün Tağı Əhmədovun Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi işləyən oğlu Rauf Əhmədovun şəxsən görüşlərə gəldiyini dilə gətirmələri başadüşüləndir, amma T. Əhmədov ötən gün mediaya açıqlamasında elə etiraflarda bulunur ki, oğlunu ifşa etdiyini görmək üçün heç hüquqşünas olmağa da gərək qalmır. 

Yeri gəlmişkən, məhz Tağı Əhmədovun hakim işləyən oğlunun sələmçiliklə məşğul olması və atasına məxsus milyonların taleyi ilə bağlı çəkişmələrə şəxsən qatılması bütövlükdə məhkəmə hakimiyyətinə, ölkədə aparılan məhkəmə hüquq islahatlarına xələl gətirir. Məhz bu cür qanunazidd fəaliyyətlər cəmiyyətin məhkəmələrə inamını sarsıdır və prezident İlham Əliyevin təşəbbüsü ilə aparılna genişmiqyaslı islahatların ruhu ilə daban-dabana ziddiyyət təşkil edir. Ümid edək ki, məhkəmə hakimiyyətinin imicini və nüfuzunu qorumalı olan Məhkəmə Hüquq Şurası Tağı Əhmədovun sevimli oğlu Rauf Əhmnədovun “razborşik”, yoxsa ədalət keçikçisi olmasına aydınlıq gətirəcək, məsələyə hüquqi qiymət veriləcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code