Nəzir hesabına ən bahalı avtomobillər, evlər alan axundlar var… – SENSASİON MÜSAHİBƏ

0
26

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisdə I oxunuşdan sonra səsverməyə çıxarılaraq qəbul edilib. Qanun layihəsində bir sıra dəyişikliklər öz əksini tapıb. Belə ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib. Həmçinin, ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini də Komitə tənzimləyəcək. Dini qurumlar ianələri plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

İllərdir dövlətin dininə bağlı, dini mühitdə dövlət-din konsepsiyasının hər zaman vacibliyini gündəmə gətirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a müsahibəsində qanuna dəyişiklik layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanın dini mühitində təmizləmə əməliyyatının aparılmasına zərurət var idi. 

Müsahibəni təqdim edirik:

– “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik layihəsini necə qiymətləndirirsiniz? Dəyişikliklərdə əsas hansı müsbət məqamlar var?

– Din-dövlət münasibətlərinin tənzimlənməsi ilə vahid bir konsepsiyaya ehtiyac var. Milli məfkurəyə, milli şüura malik dini və milli kimliyinin vəhdətini həyatına transfer edən, Azərbaycan dövlətçiliyinin mənafeyini fikirləşən həqiqi imamlara, dinin önündə dayanacaq nüfuzlu insanlara ehtiyac var. Bu gün də artıq bu prosesin başlandığını görürük. Bundan çox məmnunuq. “Dini etiqad azadlığı haqqında” Qanun Azərbaycanın dini mühitində din-dövlət münasibətlərinin möhkəmlənməsi üçün çox ciddi zəmin yaradacaq. İllərdir mən hər zaman söyləyirdim ki, Azərbaycanın dini, mənəvi mühitində islahatların aparılması zəruridir. Bu, artıq Azərbaycanın dini mühitindəki ilkin islahatların başlandığını göstərir. Bunun davamlı olacağına çox inanıram. Bunu dəfələrlə qürur və sevinclə bildirmişəm ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dünyəvi dövlət olsaq da xalqımızın inancına, ilahi etiqadına dayanaraq xalqın özünün genofonundan gələn İslama israrlı bağlılıq olduğu qədər də Azərbaycanda milli, mənəvi və mədəni irsimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti özü olub və şəxsən dövlət başçısı Qarabağın fatehi İlham Əliyev cənablarıdır. Ancaq təəssüflər olsun ki, sovetlərdən xilas olduqdan sonra Azərbaycan sanki bir poliqona çevrildi və fərqli müsəlman dövlətlərinin ölkəmizdə inhisarları fəaliyyət göstərməyə başladı. Dinə yenidən qayıdışla bəzən Azərbaycan insanlarının, gənclərimizin yad təsirlərin ağuşuna düşməsi prosesinin başlandığını gördük. Bu gün də artıq imamlar adı altında fəaliyyət göstərən, və yaxud da Azərbaycanın dini mühitində söz sahibinə çevrilən, amma əslində Azərbaycan dövlətçiliyinə, milli kimliyə, milli məfkurəyə, milli şüura aidiyyəti olmayan biriləri ölkəmizin dini mühitində söz sahibinə çevrildi. Həqiqi İslamın gətirdiyi qaydalar, vəhdət, mərhəmət, şəfqət, vətən sevgisi hisslərini deyil, təmsil etdiyi həmin görüşün, məzhəb və təriqətin təbliğatçısına çevrildi. Müəyyən mənada bir qrup insanlar da öz ətraflarında o bazanı toplaya bildilər. Amma dövlətin bu məsələlərin üzərinə getməsi, xüsusi olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən göstərdiyi fəaliyyət və son dövrlər komitənin din-dövlət münasibətlərinin möhkəmlənməsində və dinin doğrularını insanlara çatdırılması yolunda apardığı proqramlı, sistemli maarifləndirmə işi təqdirəlayiqdir. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

– Bu işin bir tərəfində siz də varsınız. “İnam” verilişi ilə dövlətin və vətəndaşların xidmətində oldunuz…

 

– Bəli, Komitənin dəstək verdiyi ideya müəllifi və aparıcısı olduğum “İnam” verilişi Azərbaycan teleməkanında dini nöqteyi-nəzərdən ilk dəfə canlı olaraq vətəndaşların sorğularına, suallarına cavab verdik, dinin doğrularının göstərilməsinə xidmət göstərirdik. Digər tərəfdən, ölkə başçısının sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı. Bu fond təkcə şəhid və qazi ailələrinə deyil, cənab Prezidentin ayırdığı həmin yardımla yerlərdə icmalara, icma sədrlərinə mütəmadi yardımlar göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Bu İnstitutda bu gün təhsil verən potensial milli kimliyə və əxlaqi dəyərlərə sahib olan xeyli müəllimlər var. O müəllimlər ki, bu gün onlar Azərbaycanın mənəvi mühitinə İslamın doğruları ilə bağlı çox gözəl maarifləndirici mesajlar verirlər. Bu gün artıq həmin İnstitutun tələbələri bir neçə il sonra potensial istənilən məscidin idarəçiliyində təmsil oluna, orada imam, naib, qazi kimi fəaliyyət göstərə bilərlər. Çünki onlar artıq auditoriya görüblər, peşəkar şəkildə Azərbaycan dövlətçiliyinə xidmət yolunu, milli məfkurə məktəbini keçiblər, yad təsirlərdən mühafizə olunublar. 

–  Seyid Camal bəy, qanuna edilən dəyişiklikdə nəzir qutuları ilə bağlı da nüanslar əksini tapıb. İanələrin hər hansı bir formada təşkili və həyata keçirilməsini Komitə tənzimləyəcək və vəsaitlərin hesabatı aparılacaq. Buna münasibətiniz necədir?

– Məscid millətin düşüncəsini aydınlatmaq üçün ən uğurlu və mübarək məkandır. Belə mübarək məkanda mənəvi təmizliyin təminatı isə ilahi inancla yanaşı, vətən və dövlət sevgisi olmalıdır. Bu qərar da ona xidmət göstərəcək ki, ilk növbədə ünvansız nəzirlərin ünvanı bəlli olacaq, onlar bank hesabı vasitəsilə köçürüləcək. Azərbaycanda bir neçə imam var ki, korrupsiyaya bulaşmışdılar. Həmin imamlar insanların dini duyğularından məharətlə illərlə sui-istifadə edərək toplanılan xüms, zəkat, sədəqə pullarını fəqir-füqəra ilə sistemli yardımlaşmayıblar, ünvanına çatdırmayıblar. Axund tanıyıram ki, Azərbaycanın aralarında yüksək vəzifələrdə çalışan dövlət adamlarının da olduğu zəngin şəxslər etimad göstərərək hər ay fəqir-füqəraya yardım üçün onlara pul göndərir. Həmin şəxs də onun vasitəsilə ən bahalı avtomobillər, evlər, ən yaxşı yerlərdə torpaq sahələri alır. Bu, Azərbaycan dövlətinin milli təhlükəsizliyi qədər bir açıq mesajdır. Korrupsiyadan xilas yollarından bir da dövlətin bu məsələlərə nəzarət etməsidir ki, həmin şəxslər də günaha batmasınlar. Digər o mərhəmət hissi ilə yardım edən dövlət adamları, iş adamları da ünvanlı şəkildə yardımlarını həyata keçirsinlər. Ortada “YAŞAT” Fondu, Heydər Əliyev Fondu nümunəsi var. Bunlar sistemli şəkildə yardımlaşma işinin necə həyata keçirildiyinin son illər açıq nümunəsini ortaya qoya bildilər. Mənəvi Dəyərlərin Təbliği Fondunun da hesabatı göz önündədir. Bu hesabatın sistemli şəkildə dövlət orqanları, aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsi korrupsiyanın da qarşısını alacaq. Bir məmurun rüşvət alması necə qəbul olunmursa, bir iman, etiqad adamının insanların dini duyğularından sui-istifadə etməsi də o qədər təhlükəlidir. Bunun qarşısının alınması milli təhlükəsizliyimizin mühafizə olunması qədər vacibdir. 

– Azərbaycanda din-dövlət münasibətilərinin möhkəmlənməsi üçün Komitəyə veriləcək səlahiyyətlərin nə kimi əhəmiyyəti var?

– Bu, Azərbaycan dövlətçiliyi üçün çox böyük əhəmiyyətə sahibdir. Çünki müsəlman ölkələrində də idarəçilik bu cür olmalıdır. Qardaş Türkiyədə Dəyanət İşləri Nazirliyi var. Oranı dəfələrlə ziyarət etmişəm, iş mexanizmini çox yaxşı bilirəm. Orada dövlətin nəzarəti ilə həyata keçirilən təyinatlar var. İmamlar təyin olunarkən, həmin bölgənin insanlarının hansı görüşə məxsus olduqlarına qədər nəzərə alınır. Təyin olunma prosesi zamanı imamların dini təhsili ilə bərabər, onların milli kimliyi təftiş olunur, asılılıqları, insanlarla quracağı münasibətdə davranışları filtrdən keçirilir. Bu da Türkiyənin daxildən mənəvi cəhətdən möhkəmlənməsinə, xalq arasında bu quruma hörmətin, ehtiramın bağlılığını möhkəmləndirir. Bu gün Komitə də kifayət qədər bu etimadı qazanıb və qazanmaqdadır. Hazırda fəaliyyət göstərən imamların içərisində kifayət qədər də olmasa, Azərbaycan dövlətinə bağlı heysiyyət daşıyıcıları var. Amma çox təəssüflər olsun ki, 44 günlük müharibə şəraitində Azərbaycanın dini mühitində söz sahibinə çevrilmiş, zorla ölkəmizin dini mühitinə pərçimlənmiş, amma milli kimliyini görə bilmədiyimiz, “Vətəni sevmək imandandır” prinsipi ilə silahlanmamış din adamlarını görə bildik. Mən də bir şərqşünas, elm adamı, şəcərəsi, əməli bəlli əhli-beyt mənsubu kimi bu qərarın Azərbaycanın milli mənafeyinə, dini mühitinə çox böyük uğurlar gətirəcəyinə inanıram. Dövlətin aidiyyəti qurumları da bu məsələdə həssaslığı əldən verməməlidir.

– Axundların məscidlərə təyinatı QMİ-dən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ixtiyarına verildi. Bu qərara münasibətiniz necədir?

 

– Xüsusi olaraq bu, “filankəsin bacısı qızının yoldaşıdır, ya da kiminsə əmisi nəvəsidir, hansısa rayonun icra bacısının xahiş etdiyi yaxınıdır, filan dini idarədə çalışan şəxsin hansısa qohumudur” prinsipi əsas meyar götürülməyəcək. Dövlətin dini və mənəvi maraqları, dövlətçiliyinin bütövlüyü əsas götürüləcəksə, milli kadrların Azərbaycanın dini mühitinə gətirilməsi necə bu mühitə yeni nəfəs verəcəksə, milli şüur və milli məfkurə sahibi olan kadrların gələcəkdə dini idarəçiliyə gətirilməsi dövlətçiliyimizin bütövlüyünə ən böyük xidmət olacaq. İnanclı, Azərbaycan dövlətinin bütövlüyünü istəyən bütün insanlarımız bu qərardan çox şaddırlar.

– Ancaq nədənsə, bəzi şəxslər bu qərardan narahatdır.

 – Düzdür, bəzi insanlar bu qərardan əndişələnməyə başlayıblar. Biz həmin adamlarla bağlı “İnam” komandası olaraq araşdırma apardıq. O şəxslərin zərrə qədər də olsun Azərbaycan dövlətçiliyinə, dini və milli kimliyə aidiyyəti olmayan yad təsirlərin Azərbaycana transfer olması üçün illərdir ki, zərərli vərdişləri ölkəmizə daşıyan zahirdə müsəlman, daxildə küfr bəsləyən şəxslər olduğunu gördük. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin araşdıracağı bir məsələdir. Ancaq buna baxmayaraq, yeni layihə Azərbaycanın mənəvi mühitinə uğur gətirəcək. İnanclı xalqımızın, Azərbaycan vətəndaşlarının dini qurumlara etimadının və etibarının artmasına səbəb olacaq. Çünki ianələrin hesabatı aparılacaq. 

– Sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də ianələrin bundan sonra həm də onlayn qaydada edilə bilməsi ilə bağlı idi.  

 

– İnsanlar bunu nəzir kimi deyirlər. Bu, nəzir deyil, ianədir. Nazirin ünvanı bəllidir. Bir şəxs əhd edir Allaha ki, mənim hansısa işim icra olunsun, nəzir verəcəm və ya qurban kəsəcəm. Bunlar başadüşüləndir. Ancaq məscidlərə ianələr verilir ki, həmin pulla ibadət evi saxlana bilsin. Azərbaycanda elə məscid tanıyıram ki, ianələr hesabına fəaliyyət göstərə bilmir. Amma elə məscid də var ki, oraya bir Ramazan və ya Məhərrəm ayında edilən ianələr hesabına 40-50 məscidin təminatını ödəmək, maliyyə gücünü artırmaq olar. Düşünürəm ki, ianələrin proqramlı şəkildə hesabatları aparılacaqsa, insanların mənəvi baxımdan dini duyğularının istismar olunmasının qarşısı alınacaq. Çünki Azərbaycan xalqı inanclıdır, xalqımız imana silah kimi sarılan bir orduya bənzəyir. Biz bunu 44 günlük müharibədə Qarabağın fatehi İlham Əliyev cənablarının ətrafında mənəvi birliyin yumruq kimi birləşdiyini gördük və Zəfər qazandıq. 

– Necə düşünürsünüz, ianələrin hesabatının aparılması, banklar vasitəsilə və onlayn həyata keçirilməsi şəffaflığı təmin edəcək?

– İanələri istismar edən, onları götürüb özləri üçün bahalı maşın, ev alan adamlar var. Azərbaycanın dini mühitində qəbul olunan şəxslərdin biri dedi ki, niyə bu barədə məmurlar haqda demirlər, ancaq imamlar haqqında deyirlər. Biz məmurlar haqqında da bunu deyirik. Bunu deyərkən zaman-zaman dövlətin aidiyyəti orqanlarına mənim haqqımda şikayət ediblər ki, Seyid Camal Əzimbəyli bunu niyə deyir. Biz bu məsələni gündəmə gətirəndə mənə başqa-başqa yerlərdən mesajlar göndərirdilər ki, “sənəmi qalıb Azərbaycanın dini mühitində təmizləmə əməliyyatı aparılmalıdır deyirsən”. Bunu deyəndə mənim qarşıma zaman-zaman tələblər qoyulub. Amma bu gün şükürlər olsun ki, dinimizin prinsiplərinin, İslamın doğrularının bizdən tələbləri nədirsə, Azərbaycan dövlətinin qəbul etdiyi bu qərarlar dinimizin prinsiplərinə də uyğundur. Komitə bu məsələnin öhdəsindən məharətlə gələcək. Çünki bu qurumda potensial mənəviyyat adamları var, Şura fəaliyyət göstərir. Kifayət qədər dini kimliyi ilə bərabər milli kimliyi də bəlli olan, toplumda öz fəaliyyəti ilə sayılan, tanınan insanlarımız var. Bəlkə də bu məsələlər gecikib, amma yenə də gec deyil. Bu, Azərbaycan xalqının, xüsusi olaraq inanclı vətəndaşlarımızın mənafeyinə hesablanmış bir qərardır. İanələr ünvanına sistemli şəkildə çatacaq. İnsanlarımız İslamın həqiqətlərini doğru şəkildə anlamadıqda cəhalətə, xurafata yol açılır. Bu, həm də cəhalətin aradan qalxması üçün münbit bir şəraitdir. İllərlə insanlarımızı xurafata sürükləyən, din dəllallarına çevrilən birilərinin də artıq bazarı bağlanacaq. Bu, dövlətin uğurudur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code