“İstəyirsən Səhiyyə Nazirliyində lap üç yox e, əlli müavin dəyişsinlər, ordan heç nə gözləmirəm…”

0
30
“Azərbaycan səhiyyəsinin vəziyyəti hamıya məlumdur. Bilmirəm siz hiss etmisiniz, yoxsa yox, adicə fəhlə də, lap 10-cu sinifi bitirmiş, hətta bitirməmiş birisi də artıq təbabət haqqında kifayət qədər şey bilir. Bir sözlə, bütün xalq bu haqda danışır. Mənə elə gəlir ki, təbabətimiz, səhiyyəmiz zəif olduğuna görə hamı özü-özünün həkimi olmağa başlayıb”
 
Bunu  Medonline.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı Səhiyyə Nazirliyində kadr dəyişikliyindən səhiyyənin inkişafı istiqamətində heç bir gözləntisinin olmadığını bildirib:
 
“İstənilən adama desən ki, filan yerim ağrıyır, o sənə məsləhət görəcək ki, nə etmək, hansı dərmanı qəbul etmək lazımdır. Daha sənə hansı həkimə getməyi məsləhət görməyəcək. Bu ancaq nadir halda deyilir. Yəni bizim səhiyyətimiz bu vəziyyətdədir. İstəyirsən lap üç müavin yox e, əlli müavin dəyişsinlər, bunlar işin tamam başqa bir tərəfidir. Dünyada elə bir vaxt olub ki, nə səhiyyə naziri, nə də onun müavinləri olub, nə də onun müavinlərini dəyişib təzə müavinlər qoyublar. Amma səhiyyə öz yerində olub. Həm müasir dava-dərmanıyla, həm də türkəçarəsiylə. 
 
Səhiyyəmizin vəziyyətini başa düşməyə bütün xəstələrin çevrilib həkim olması faktı bəs edir. Ona görə də indiki kadr dəyişikliyindən də heç nə gözləmirəm. Bunun üçün tarix, il lazımdırsa, özünüz hesablayın. Təhsil sistemində hər şey pozulub, üstündən xətt çəkilib təzədən qurulmalıdır və mütəxəssislər yetişməlidir. Buna da illər lazımdır.  Əslində nazir, nazir müavinləri, şöbə müdirləri heç nəyi həll etmir. Burda səviyyə, savad lazımdır. Lap ağzıyla quş tutan, dünyada təbabətdə ad çıxarmış adamı gətirib bizə nazir qoysan, heç bir xeyri olası deyil. Gülməli də, çətin də, ağır da olsa, yenə əvvəlki fikrimdə qalıram, təhsil, səhiyyə sistemini dəyişib, mütəxəssislər yetişdirmək lazımdır. Ondan sonra nə nazirə, nə müavinlərinə, nə də onları dəyişməyə ehtiyac olacaq”. 
 
Qeyd edək ki, səhiyyə nazirinin müavinləri işdən azad edilib və onların yerinə yeni təyinatlar olub. 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code