“Burada mən bildim ki, Yer üzündə cəhənnəm varmış…” – MARAQLI + FOTOLAR

0
25
İtaliyaya köçən və onu başqa tərəfdən görən rusiyalı qadının tarixçəsi…
 
Volqoqraddan olan Yuliya başqa ölkəyə köçməyi düşünmürdü. Bunu onun əvəzinə sevgi həll etdi: İtaliyatya səfəri zamanı o, gələcək ərinə rast gəldi və artıq bir neçə aydan sonra bu günəşli ölkəyə köçməli oldu. Rusiya onun ərini heç də az heyrətləndirməyib.
 
Yaşayış üçün oturum almağın hiylələri, asan olmayan ugunlaşma, habelə Rusiyanın hansı yeməklərinin italyanlarda xüsusi təəssürat yaratması barədə Yuliya “Lenta.ru” saytına danışıb.
 
Mən əslən Volqoqraddan, sıravi ailədənəm. 20 yaşımda Moskvaya köçmüşəm, turist agentliyində işləmişəm. Mən heç vaxt xaricdə yaşamaq istəməmişəm, çünki kifayət qədər səyahətlər edirdim. Rusiyadan getməyimə yeganə səbəb sevgi oldu.
 
İtalyan Antonio ilə görüşdən əvvəl mənim şəxsi həyatım alınmırdı. Ən uzun çəkən münasibətlərim cəmi bir il davam edirdi. Mən onları heç münasibətlər də adlandırmazdım. Yalnız indi mən əsl sevginin nə demək olduğunu bilirəm.
 
Antonio ilə mən 2014-cü il sentyabrın 29-da tanış olmuşam. Bundan doqquz gün öncə dostlarımla toyda idim və gəlinin gül çələngini tuta bilmişdim. Mən çox təəccüb etmişdim, sübut edirdim ki, çələng mənə tərəf yox, rəfiqəmə tərəf uçurdu. O zaman mən təsəvvür edə bilməzdim ki, tezliklə özümdən altı yaş kiçik olan italıyalı oğlana ərə gedəcəyəm!
 
Antonio cəmi bir həftəyə özünü mənə sevdirə bilib. Dekabrda isə, tanışlığımızdan iki ay sonra, mən yenidən İtaliyaya, bu dəfə onun doğmalarını görmək üçün uçurdum. Çox həyəcanlı idim: birdən xoşlarına gəlmərəm? Həm də onlar ingiliscə danışır, mən necə ünsiyyətdə olacağam? 
Lakin hər şey ideal keçdi. Nahara ən yaxşı italyan ənənələrinə uyğun olaraq  Antonionun anasının bütün ailəsi toplaşmışdı.
 
Məni o ki var, yedizdirdilər. Antonio onlara deyib ki, mən əti sevirəm, onlar da üç növ ət yeməyi hazırlayıb. Növbəti günlər yuxu kimi gəlib keçdi.
 
Yeni ildə Antonio Rusiyaya gəlib valideynlərimlə görüşdü. Heç demə o, tarixi çox sevir və həmişə Volqoqradda olmağı arzulayıb. Hər şey- “xruşşovka”nın pəncərəsindən görünən şəhər mənzərəsindən tutmuş məşhur Mamayev kurqanadək onda inanılmaz heyrət doğururdu. Stalinqrad döyüşü muzeyində o, eksponatlardakı qeydləri oxumadan döyüş haqqında mənə danışırdı.
 
İtaliyada iki ay…
 
Hər şeyi müzakirə etdikdən sonra biz qərara aldıq ki, fevralın sonunda mən yenidən İtaliyaya gəlib iki ay burada qalacağam. Sevgilim valideynləri və bacısı ilə yaşayırdı, mən də onlarla birgə yaşamalı olacaqdım.
 
Yaxşı ki, mənzili böyükdür, 120 kv metr təşkil edir, Antonionun ayrıca, günbəz üsulunda oyulmuş tavanı olan otağı var, amma pəncərəsi yoxdur. Buna uzun müddət vərdiş etmək lazım gəldi.
 
Sorrentoda sadə insan üçün dəniz sahilində ev almaq praktiki olaraq real deyil. Daşınmaz əmlakın qiymətləri çox bahadır, ipoteka ilə almaq çətindir, ona görə də italyan ailələri həyatları boyunca yaşayış üçün mənzil icarəyə götürürlər.
 
Antonionun ailəsinin yaşadığı mənzili onun babasının babası icarəyə götürüb. Onu almaq üçün ən azı yarım milyon avro lazımdır, amma icarə haqqı cəmi 800 avrodur. Bu inanılmaz dərəcədə ucuzdur, çünki cəmi 50 kv metr mənzil 500-700 avroya icarəyə verilir.
 
Qışda mənzil çox soyuq olur. İtaliyanın cənubunda mərkəzləşdirilmiş istilik sistemi yoxdur, əvəzində qaz qızdırıcıları var ki, onlar da mənzili isidə bimir. Yayda inanılmaz dərəcədə isti olur, üstəlik də hər yerdə rütubət özünü büruzə verir. Bu, Amalfitan sahilində, xüsusilə köhnə evlərdə ciddi problemdir. Gecələr tez-tez yuxudan oyanırdım, elə zənn edirdim ki, yastığım büsbütün nəmdir.
 
İtaliya ailəsində həyatda ilk və parlaq təəssürat pastadır (souslu makaron yeməkləri). Xatırlayıram ki, iki həftədən sonra anama zəng vururdum ki, pastanı görməyə gözüm yoxdur. Əlbəttə, mən naz etmirdim, nə bişirirdilərsə, onu da yeyirdim. Onlardan italyan mətbəxini öyrənirdim, həm də rus yeməklərini göstərirdim. Onların ən çox xoşuna gələn göbələklə kartof qızartması, ət qutabı, olivye salatı və frikadelkalı şorba idi.
 
İmmiqrasiya xidmətində bizə evlənməyi tövsiyə etdilər
Biz ümid edirdik ki, iki aya yaşayış üçün oturum ala biləcəyik. Bu problem üzərində bütün ailə baş sındırırdı. Əvvəlcə Antonionun atası yaşayış yerində qeydiyyatdan keçməyə və tibbi sığortanı rəsmiləşdirməyə kömək etdi. Sonra bu işə anası qoşuldu. Onun miqrasiya məsələləri ilə məşğul olan tanışı inandırırdı ki, oturum almaq üçün mənim multivizam və italyan ailəsinin dəvəti yetərlidir.
İndi mən inana bilmirəm ki, biz buna getdik. Bir çox anketləri doldurduq, bütün sənədlərin nüsxəsini çıxardıq, 300 avro ödədik və gözlədik. Təbii ki, imtina etdilər! Amma bu, bizi dayandırmadı.
 
Biz yaşamaq üçün işçi oturumu istədik, guya ki, məni ailə qulluqçusu kimi qəbul edirlər. İmmiqrasiya xidmətində gülümsəyərək evlənməyimizi tövsiyə etdilər.
 
Nəticədə bircə variant qalırdı- təhsil vizası. Biz dil məktəbi tapdıq və orada mənə zəruri olan dərs saatlarını təklif etdilər. Lakin daha bir sənəd, 10 min avrosu olan bank hesabından çıxarış lazım idi. Mənim bu qədər pulum yox idi, Antonionun da həmçinin. Bu zaman onun babası işə qoşuldu. Mənə tez bir zamanda italyan kartı tərtib etdilər, oraya pul qoydular və mən Rusiyaya tələbə vizası üçün sənədlərimi təqdim etmək üçün uçmalı oldum.
Yenə kömək olmadı, imtina etdilər. Heç demə təhsil vizası yalnız italyan dilini öyrənmək üçün verilmir. Ən azı universitet təhsilin olmalıdır.
 
İtaliyada 24 yaşında evlənmək çox tezdir, qalmaqallıdır…
Mənim vizamın vaxtı iki aydan sonra bitəcəkdi, pulum da tükənmək üzrə idi. Normal şəkildə işləmək, hər ay yorğun-arğın İtaliyaya gedib-gəlmək mümkün deyildi. Antonio bu çoxsaylı səfərləri maddi cəhətdən təmin edə bilmirdi. O zaman mən məsələni qəti şəkildə qoydum: ya biz evlənirik, ya da bir neçə aylıq fasilə götürüb bir-birimizə daha çox sərbəstlik veririk, mən də öz işimə dönürəm.
 
Antonionun ailəsi bizim nikahımızın əleyhinə idi. Məsələ bundadır ki, İtaliyada 24 yaşında ərə getmək və ya evlənmək, həm də cəmi bir aylıq münasibətlərdən sonra qəbul edilmir. Bu, qalmaqala səbəb olacaq qədər tezdir! Lakin heç demə Antonio bir neçə ay müddətində qohumlarını toya hazırlayıb, sadəcə, mənə deməyib. Bilmirəm, onları necə inandıra bilib, amma mən avqustun sonunda yenidən onun yanına gələndə biz artıq sentyabr ayında Romaya gedib nikah üçün icazə (Nulla Osta) almaq məsələsini müzakirə edirdik. Bundan sonra nikahın qeydiyyatdan keçməsini tez bir zamanda həll etmək tələb olunurdu. İtalyanlarda bu proses bir aydan altı ayadək zaman tələb edir. Əvbəlcə nişan olur, sonra bu barədə kommunada elan edilir və 11 gün vaxt verilir, bu müddət ərzində etiraz verilə bilər. Bundan sonra isə nikah bağlamaq üçün 180 gün vaxt verilir.
 
İtalyanlar çox zaman belə edirlər: əvvəlcə kommunada nikah bağlayır, bir neçə aydan sonra kilsədə tacqoyma mərasimi keçirilir və toy edirlər. İtaliyanın cənubunda toya pul xərcləməyə çəkinmirlər və normalda toy mərasiminə 150-300 nəfər qatılır.
 
Bizim Antonio ilə bunların heç biri olmadı. Mən nikah üçün icazə alanda onun qeydiyyatdan keçirilməsi üçün cəmi üç həftə vaxtım vardı, həm də vizamın vaxtı bitəcəkdi. Hər şeyi tez bir zamanda və pula qənaətlə təşkil etmək lazım idi, hərçənd, mənim arzuladığım bu deyildi. Mənim üçün toy ailə bayramıdır. Amma mənim valideynlərimin buraya uçub gəlməyə nə pulları, nə də zamanları vardı. Mən tərəfdən toya yalnız rəfiqəm gələ bilərdi.
Mən nə paltar, nə üzük, nə qonaqları istəyirdim, lakin sonradan toy təlaşı məni ağuşuna aldı. Əvvəlcə üzüyə və gül çələnginə razılaşdım, sonra qayınanam qərar verdi ki, toy restoranda, az sayda qohumların əhatəsində keçiriləcək. Mən axı böyük və mehriban ailəsi olan neapolluya ərə gedirdim. Onun təkcə ata tərəfdən altı dayısı və bir xalası vardı. Hər birinin də öz ailəsi! Nəticədə 50 nəfər toplandı. Beləliklə, biz Antonio ilə həyatlarımızı birləşdirdik.
 
“Əsəbilərimizi əməlli-başlı korladılar”
Nikahın qeydiyyatından sonra sənədləri oturum almaq üçün təqdim etmək lazım idi. Bu zaman mən öyrəndim ki, Yer üzündə Neapol kvesturası ( immiqrasiya xidməti) adında cəhənnəm varmış. Bilmirəm indi necədir, amma səkkiz il bundan qabaq hətta məlumatlar üçün telefon da yox idi. Hər şeyi öyrənmək üçün oraya getmək lazım idi.
 
Kvisturada tamamilə qarmaqarışıqlıq hökm sürürdü. Səhər saat beşdən girişdə Afrikadan gələn immiqrantlar kütləsi toplaşırdı. Sənədləri təqdim etmək üçün talon götürüb növbə gözləməli idin. Əgər növbən çatmayacaqdısa, bu “bayram” ertəsi günə keçirilirdi. Əsəbilərimizi əməlli-başlı korladılar.
Həm də xəbərdarlıq etdilər ki, oturum verilməsindən öncə nikahın saxta olub-olmaması yoxlanılacaq. Yanvarın 7-də yoxlamaya gəldilər və ən maraqlısı odur ki, bizi Antonio ilə yataqda gördülər. Dolabı açmağı, vanna otağını göstərməyi xahiş etdilər, toy şəkillərini istədilər. Hər şey normal keçdi və yanvarın sonunda mənə yaşamaq üçün oturum verdilər.
 
Non capico
Toydan sonra ən vacib məsələ italyan dilini öyrənməkdir. Özüm təxminən 25 faiz öyrənə bildim, Antonio, onun bacısı və atası ilə ingilis dilində, anası ilə isə jestlərin dili ilə danışır, onu “non capisco”, yəni “mən anlamıram” frazasınadək isterikaya çatdırırdım.
Problemi təcili həll etmək lazım idi və biz öyrəndik ki, leqal immiqrantlar üçün pulsuz məktəblər var, orada italyan dilini və bir neçə fənləri öyrədirlər.
 
İki ay çox çətin oldu, mən heç nə anlamırdım, amma inadla həftədə üç dəfə dörd saat məşğələlərə gedirdim. İtalyan dili mənə çox çətin gəlirdi, səkkiz zaman, düzgün olmayan fellər, bir hərf fərqi olan sözlər…
 
Lakin bəlli oldu ki, xarici dili bu dildə danışanların arasında olmaqla və onların nitqini eşitməklə öyrənmək olar. Görünür, beyin istər-istəməz buna uyğunlaşır.
 
Məndə bu, tədricən baş verirdi. Əvvəlcə italyan dili mənə cəfəngiyyat kimi görünürdü. İki aydan sonra mən artıq sözləri, sözönlərini, artiklları başa düşürdüm. İtalyanlar da mənimlə danışanda, tanış sözləri yadda saxlamağa şalışırdım.
 
Danışmağa da cəhd edirdim, amma ayrı-ayrı sözləri düzüb-qoşmaqla. Hər hansı bilmədiyim sözü isə rusa deyirdim, sonda “o” və ya “a” hərfi əlavə edirdim ki, bəlkə məni anladılar.
 
İlk işim
 
Turizm sahəsində işimi davam etmək istəyirdim, amma italyan dilini bilmədiyimdən şansım az idi. Ona görə də turizmə yaxın olan iş axtarmaq qərarına gəldim.
 
Əvvəlcə Sorrentonun ətraflarında yerləşən bütün otellərin və restoranların siyahısını tərtib etdim. Onların sayı 500 oldu. Mən 400 ünvana rezüme göndərdim və cəmi beş cavab gəldi. Məni iki müsahibəyə dəvət etdilər. Birində heç nə alınmadı, iki saat yol getdik, bəlli oldu ki, orada artıq əməkdaş tapılıb.
Bir vakansiya qalırdı, şəhərin mərkəzindəki restoranda hostes ( resepşn) işi. İş qrafiki sıx idi: həftədə üç dəfə saat 11: 30-dan 15: 00-dək, 18: 00-dan 23: 00-dək restoranda; həftədə iki dəfə saat 08: 00- dan 14:30-dək oteldə və daha iki gün saat 18:00-dan 23:00- dək restoranda.
Həftədə cəmi 58, 5 saata ayda 600 avro məvaciblə. Ən çətini girişdə ayaq üstə dayanmaq idi. Bəzi əməkdaşların münasibəti vəziyyəti qəlizləşdirirdi. Sanki mənim səbatlığımı yoxlayırdılar.
 
Antonio və anası mənə deyirdilər ki, bu işi buraxım. Amma mənə elə gəlirdi ki, ilk ayımı işləməliyəm. Sonra şeflə danışıb ona dedim ki, bu rejimdə 1000 avroya, ya da 600 avroya isə yalnız axşamlar restoranda üstəgəl həftədə iki dəfə səhərlər restoranda işləməyə razıyam. Mənim gözlədiyim kimi, o, ikinci varianta razılaşdı!
 
Bu, mənim həyatımda çətin, amma çox gözəl dövr oldu. Gecələr şəhərin ən gözəl restoranında işləmək çox xoşuma gəlirdi. Şeflə münasinətlərimiz əla idi, baxmayaraq ki, bütün cənublu italyanlar kimi, o , tündxasiyyət idi. Ödənişi vaxtında və dəqiq edirdi. Həmkarlarım da məni yaxşı qəbul etdilər, baxmayaraq ki, bunun üçün zaman lazım oldu.
Növbəti ildə məni yenidən bu restorana işə dəvət etdilər. Mən bazar günləri istirahət etməklə və otelə işləməmək şərtilə razılaşdım. Nəticədə mən orada üç il işlədim, rekord nəticə əldə etdim, çünki bu işdə nə məndən əvvəl, nə məndən sonra üç-dörd aydan artıq işləyən olmayıb.
 
“İtaliyada iqtisadi vəziyyət acınacaqlıdır”
Təəssüf ki, həyat səviyyəsinə görə İtaliya heç də birinci yerdə deyil. Ölkənin cənubunda vəziyyət belədir: əgər sən zəngin ailədə doğulmamısansa, praktiki olaraq nəyəsə nail olmaq, yaxşı həyat şəraiti qurmaq, özünə xüsusi ev almaq mümkün deyil. İqtisadi vəziyyət pandemiyadan əvvəl də acınacaqlı olub, indi isə daha da pisləşib. Bütün sahilboyu ərazidə insanlar (Sorrento, Pozitano, Amalfi, Kapri və s.) ilk növbədə turizm hesabına yaşayır. Çoxları ildə altl ay işləyir, çünki qışda turistlər olmur, işlə təminat çətinləşir və həyat sanki dayanır.
 
Turist zonasından azacıq kənara getsən, hər yerdə zibillik, dağıntı, səfalət görəcəksən…Və əlbəttə ki, hər yerdə yerli mafiya -Neapol kamorrası ( cinayətkar dəstə) at oynadır.
 
Antonionun bəxti gətirib: o, ilboyu kompüter mağazasında işləyib. Amma yenə də biz mənzilin icarə haqqını ödəyə bilmədiyimizdən bütün dörd ili onun ailəsi ilə yaşamalı olduq. O, tanışlığımızın əvvəlindən deyirdi ki, İtaliyadan çıxıb getmək istəyir, çünki bu ölkənin gələcəyini görmür. O, hətta məni Avstraliyaya köçüb getməyə inandırmaq istəyirdi, amma vətəndən və yaxınlarımdan belə uzaqda yaşamağa mən hazır deyildim.
 
Mən İtaliyanı çox sevirəm və istisna etmirəm ki, nə zamansa oraya dönəcəyik. Hələlik isə biz göllər, dağlar və şokolad ölkəsi olan İsveçrəni fəth edirik. Bu isə artıq başqa bir tarixçədir…
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code