Əbu Turabın ayağı altında dəfn edilən böyük mesenatın postamentsiz abidəsi

0
29

Heykəli haqq etmiş kişilərdən idi, özü də lap çoxdan. Əslində sağlığında bu millətin ürəyində özünə heykəl, taxt-tac qurmuşdu böyük ürək sahibi Hacı Zeynalabdin Tağıyev, özünün xeyriyyəçiliyi, həyata keçirdiyi böyük işləri, qurub-yaratdıqları və imkanlarına rəğmən olduqca sadəliyi ilə…  

Nəhayət, ürəklərdəki abidənin tunc heykələ dönməsinə də şahid olduq. Abidə böyük insana məxsus sadəliyi ilə diqqət cəlb edir, xalqın adamı elə xalqın içərisində olmalı idi, yüksəklikdən, ev boyda postamentdən aşağı baxmağa nə hacət? Bu mənada ideya yüksək qiymətləndirilməlidir.

2020-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sərəncam imzalanmışdı və  18 yanvar 2022-ci il tarixdə abidənin açılış mərasimi oldu. Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədov mükəmməl sənət nümunəsi yaradıb. Bu tarixdən etibarən böyük azərbaycanlıların parlaq nümayəndələrindən biri üzü İçəri şəhərə doğru məğrurcasına dayanacaq, fəxr edəcək məmləkətinin başkəndi ilə. Qala qapılarından, İçəri şəhər metrosundan çıxan uşaqdan-böyüyə hər kəs bu, səxavətli İnsanı salamlayaraq, ziyarət edərək, ötüb-keçəcək. Bu vaxtadək tanımayanlar da tanıyacaq, öyrənəcək. Abidənin yeri ilə bağlı çox uğurlu seçim edilib. Hacının vaxtilə yaşadığı məkana yaxın ünvan, həm də Bakının mərkəzi, ən gur nöqtələrindən biridir bura. Yəni milyonlarının olmasına rəğmən, sadə ömür yaşayan, həyatını xalqına həsr edən bir insan ömrünün təbliği baxımından nəhəng auditoriyaya malik ünvanda qoyulub heykəl. Eyni zamanda bu qərarın böyük rəmzi mənası var. Ömrünü neft buruqları arasındakı şəhərin abadlığı, tarixi binalarının tikintisi, məktəb və teatr təməllərini qoymaqla məmləkətinin inkişafına töhfələr verən bir insanın heykəli məhz gözəlliklərlə əhatə olunmalıydı. Təkcə Azərbaycan Tarix Muzeyinin yerləşdiyi saray – Hacının 1893-1902-ci illərdə həyat yoldaşı Sona xanımın şərəfinə tikdirdiyi evini xatırlamaq kifayət edərdi ona qiymət vermək üçün. Ani olaraq düşünək, bu memarlıq abidəsi Bakıda olmasaydı…Yaxşı ki, var! Tikdirib ki, izi qalsın, özü qalmasa da…

İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan  abidəsinin açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi 

Açılış mərasimindən hazırlanan kadrlara baxdım: mükəmməl mənzərəydi – böyük mesenat və müasir Azərbaycan dövlətinin lideri, Qarabağ zəfərinin müəllifi üz-üzə. Zamanında Hacı Zeynalabdin Tağıyev varından, sərvətindən keçmişdi millətinin imzası imzalar işində olsun deyə, gənclərin təhsil almasından ötrü paralar xərcləmişdi. Məhz o yatırımların hesabına Azərbaycan aydınlarının sayı artmağa başladı, təhsil geniş ictimai marağa səbəb oldu, mariflənmək xalqın əksər hissəsi üçün tələbata çevrildi, “uşaqdır uşağım”, deyib də, övladını təhsildən yayındırmaq istəyənlərin çevrəsi sürətlə daralmağa başladı. Təsəvvür edin ki, Hacı Zeynalabdin Tağıyev kimi bir bir neçə belə böyük ürək sahibi olan zənginlərimiz eyni missiya ilə çıxış etsəydi, biz nələr qazanardıq toplum olaraq. Görünür məhz bu fərqliliyinə görədir ki, Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalıb. Düzdür, zamanının çox zəngin adamı kimi tanınırdı, lakin o, olduqca kasıb ailədə böyümüşdü, sərvətini isə öz zəhməti hesabına qazanmışdı. Azərbaycan torpağından qazandığı sərvətini isə xalqına xərcləməyi özünə xobbi hesab edirdi, bu əməlindən zövq alırdı. Azərbaycan Prezidentinin dediyi kimi, əgər Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Bəli, ən azı indiki kimi qalmazdı…

 İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında » ATV XƏBƏR

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən bir çox önəmli layihələr barədə dövlət başçısı da məmnuniyyətlə danışdı. Xüsusilə də Bakını təmiz içməli su ilə təmin edən Şollar su kəmərinin çəkilməsindən. 1909-17-ci illəri əhatə edən bu, nəhəng layihənin reallaşması heç də asan olmayıb. O zaman Bakı Şəhər Duması Şahdağın ətəklərindən süzülən içməli suyin kəmərlə çəkilməsi təklifini maliyyə çətinliyi səbəbindən rədd edəndə Hacı 25 min rubl vəsait təklif edib, bəhanəni kəsməyə nail olmuşdu. Təsəvvür edin, layihənin baş mühəndisi ingilis Vilyam Lindley əlində saat suyun Bakıya gəlib çatmasını gözləyirdi. Düz 63 saata 187 km-lik məsafəni qət edən Şollar suyu Bakımıza gəlib çatdı, Hacı Zeynalabdinin möhtəşəm layihəsi, ehsanı! O vaxtdan – 1917-ci ilin 22 yanvarından etibarən Şollar Bakı və Sumqayıtın əksər sakinləri üçün həyat mənbəyi olaraq qalır. Maraqlısı budur ki, su nümunələrinin analizi də məhz Tağıyevin yaratdığı məktəbin – Qızlar seminariyasının zirzəmisində aparılmışdı. Hacı Zeynalabdin bütün varlığı ilə bu layihə üçün çalışırdı. 8 il ərzində dəfələrlə iş yarımçıq dayandırıldı, Hacı vəsait ödədi, bütün bəhanələrin kəsilməsi üçün əlindən gələni etdi, Dumada təmsil olunmadığı dönəmdə belə, onun sözü keçdi bu ünvanda. Baxmayaraq ki, bir çox anti-Azərbaycan mövqeli şəxslər Şollar suyuna görə bu qədər xərc çəkməyi mənasız hesab edirdilər…Zeynalabdin Tağıyev istəyinə çatdı…

 Bakıda teatr tamaşaları göstərilən binalar

Millətimizin hansı sahədə uğurları varsa, görürük ki, orada Hacı Zeynalabdin izi var. 1883-cü ildə Tağıyevin Bakıda teatr binası tikdirməsinin nəticəsiydi ki, sonrakı dönəmlərdə Azərbaycan tetrı uğurlar qazandı, böyük sənətkarlar yetişdi. Hacı Zeynalabdin həm də mətbuatımızın böyük dostu və himayədarı olub. 1897-ci ildə “Kaspi” qəzetinin naşirliyini ələ almaqla bu qəzeti milliləşdirdi, onu Topçubaşova tapşırdı, Həsən bəy Zərdabinin Bakıya gəlişini təmin etdi. Ümumilikdə mətbuatımız qazandı. Hacı Zeynalabdin “Həyat” qəzeti, “Fyüzat” jurnalı kimi mətbuat incilərimizi maliyyələşdirməklə Cümhuriyyət ideallı flaqmanlarımıza, aydınlarımıza böyük dəstək vermiş olub.

Dövlətimizin başçısı da onun xeyriyyəçilik fəaliyyətindən məmnunluqla danışdı. Sitat: “Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır”. Doğrudan da “Millət atası” adına haqq etmiş insandır.

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib -  YENİLƏNİB

Ölkə başısı çox maraqlı bir faktı xatırlatdı. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyevin öz üzərinə götürdüyünü deyərkən əlavə etdi ki, həmin o tələbələrin arasında babası Əziz Əliyev də olub. Sitat: “Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıbxahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır”. İlginc hekayədir.

Zeynalabdin Tağıyevin Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etdirməsinin özü də möhtəşəm faktdır. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.

Oxu.az - Şirməmməd Hüseynov vəfat etdi

 Şirməmməd Hüseynov

Böyük mesenatın fəaliyyətilə bağlı faktların sayı-hesabımı var? Vaxtilə rəhmətlik Şirməmməd Hüseynov bu barədə sevə-sevə danışardı. Məhəmməd Əmin Rəsulzadə 30 yaşında qələmə aldığı “Cəmiyyəti-xeyriyyənin on illigi” məqaləsində (“Açıq söz”, 15 noyabr, 1915) Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə 1905-ci ildə yaradılan ilk müsəlman cəmiyyətinin – Bakı Xeyriyyə Cəmiyyətinin fəaliyyətindən geniş bəhs etmişdi, böyük sayğı, minnətdarlq hissi ilə…“İmdiki fəaliyyəti ilə şübhəsiz, böyük və milli iş görüyor. Fəlakətə uğramış zavallı qardaşlarına göstərdikləri müavinət də vasitə olmaq surətilə Bakı cəmiyyəti-xeyriyyəsi imdi yeni halda bütün Rusiya müsəlmanlarını birləşdirmək yolunda şayani-ehtiram böyük bir xidmət göstəriyor”, yazırdı Rəsulzadə. Təsəvvür edin ki, İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev olan bu cəmiyyətdə Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi kimi nəhənglər təmsil olunurdular. Xosrov bəy Sultanov kimi fatehlər var idi bu cəmiyyətin sıralarında. Deməli, Azərbaycanın qaymaqları olan aydınlarımız da Hacı Zeynalabdinə böyük dəyər verdikləri üçün onun işığına toplaşmışdılar, millətin gözünü açmaq, yolunu işıqlandırmaqdan ötrü bərabər fəaliyyət göstərirdilər. Hətta Hacının həyat yoldaşı Sofya Tağıyeva cəmiyyətin fəxri üzvləri sırasında yer alırdı. Söhbət ötən əsrin ilk illərindən gedir, o zaman gələ Azərbaycan qadınını qara çadradan xilas etmək uğrunda mübarizə gedirdi. Məhz belə bir insan, həyat yoldaşının belə, ictimai fəaliyyətlə məşğul olmasına sidq-ürəkdən razı olan Azərbaycan kişisi Qızlar Seminariyasının yaradılmasına dəstək verə bilərdi, həm də şəxsi nümunə göstərməklə! O seminariyanı ki, Tağıyev 1898-1901-ci illərdə 300 min manatından keçərək Bakıda ilk qızlar məktəbini tikdirmişdi. Məhz belə bir təhsil ocağının yaradılmasının məntiqi nəticəsiydi ki, sonradan Şərqdə qurulan ilk Demokratik Cümhuriyyətdə xanımlara seçib-seçilmək hüququ verildi!

Hacı Zeynalabdinin xeyriyyəçilik fəaliyyəti Azərbaycanın daxili ilə məhdudlaşmayıb. Balkanlarda döyüşən türk qardaşlara yardım məqsədilə Bakı Xeyriyyə Cəmiyyətinin yerləşdiyi binada – tarixi “İsmailiyə” binasındakı toplantıda Hacı 500 min qızıl pul ianə etmişdi, digər imkanlı şəxslər də dəstək kompaniyasına qoşulmuşdular, ondan nümunə götürərək. Sonrakı dönəmlərdə “Qardaş köməyi” böyük bir hərəkata çevrilmiş, Anadolu türklərinə təmənnasız dəstək kampaniyası qardaşlığımızın təməlinin möhkəmləndirilməsində önəmli rol oynayıb. Qardaşlıq körpülərinin təməlinin möhkəmlənməsində bu kişinin də müstəsna xidmətləri var.  

101 il yaşadı Tağıyev, həyatın hər üzünü gördü, sərvətin uca nöqtəsinə də ucaldı, gənc övladlarının dağını da daşıdı ürəyində, işğaldan sonrakı dönəmlərdə təqdiblərə də məruz qaldı. Dünyasını dəyişdikdən sonra ailəsi, övladları sovetlərin repressiyasına məruz qaldı. Onun son yadigarı Sara xanımı hər birimiz ürək ağrısı ilə xatırlayırıq, necə dəhşətlər yaşamışdı. Gözünün qabağında atasının sarayı, mülkü, özü evsiz-eşiksiz, çörəyə möhtac…1991-ci ilin 15 dekabrında dünyaya vida etdi Sara xanım. Atası ilə yanaşı uyuyur.

Hacı Zeynalabdin 1924-cü ilin 1 sentyabrında dünyasını dəyişdi, vəsiyyətinə görə  onu Mərdəkanın “Pirhəsən” pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn etdilər. Sara xanımın dediyinə görə, Hacı vəsiyyətinin səbəbini soruşanlara “onun ayağını biləni mənim başım bilmir”, söyləyərmiş. Rəvayət olunur ki, Tağıyev vaxtilə Əbu Turabın ona dediyi “Allah hər şeyə qadirdir. İstəsə, sənin bu varidatını bir anın içində əlindən ala bilər”, sözlərinə şübhə ilə yanaşıdığına görə bu qənaətə gəlib. Son nəfəsində də böyüklük nümunəsi göstərib, dəyər verib bizim Hacı Zeynalabdin. Belə bir İnsan sözsüz ki, Azərbaycan var olduqca böyük sayğıya haqq edir. Ruhu şaddır inşallah!

Haji Zeynalabdin Taghiyev.jpg

Hacı Zeynalabdinin abidəsinə baxan hər bir zəngin gərəkdir ki, özü üçün dərs çıxartsın, düşünsün ki, sərvəti qazanmaq asandır, amma millətin sayğısını qazanmaq, ürəyində taxt qurmaq üçün onu millət yolunda xərcləmək gərəkdir.

Dövlətimiz dəyərinə sahib çıxıb, dəyər verir. Abidə ilə yekunlaşmayacaq, şübhəsiz. İnanırıq ki, 2023-cü il həm də Hacı Zeynalabdin ili olacaq, mesanıtın 200 illik yubileyi münasibətilə həm də böyük xeyriyyəçilik, quruculuq fəaliyyətilə zəngin bir il. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. Növbəti layihələr də olacaq, şübhəsiz…

Gözəl olan budur ki, müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Dövlət başçısının da vurğuladığı kimi, xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi.

Heydər Əliyev Fondu 70 min ailəni sevindirəcək

Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət alıb.

Digər yeni təsisatlar da yarandı Zəfərimizdən sonra. Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bütün bunlarla bağlı da dövlət başçısı çox böyük məmnuniyyət hissi ilə danışdı. Bəli, dövlətə və millətə kömək vaxtıdır. Çünki biz birlikdə güclüyük, yaxın-uzaq tarix bunu təsdiqləyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code