Virus evlərə hücum edib – Bakı apteklərində təlaş

0
46

“Bilinmir qripdir, yoxsa ”korona”, hamı COVİD testi axtarır”

Son günlər paytaxt apteklərində yenidən müştəri sıxlığı müşahidə olunur. Bildirilir ki, müraciət edənlərin əksəriyyəti COVİD əleyhinə dərman və iynələr alırlar. C və D vitaminlərinə də tələbatın artığı müşahidə olunur. İddia olunur ki, mövsümü xəstəliklərlə yanaşı, COVİD müalicəsi üçün yazılan reseptlərin sayında həqiqətən də sürətli artım var. Bu isə “Omikron” ştamının əslində Bakıda da yayıldığını, amma bunun hələ ki rəsmi şəkildə qeydiyyata alınmadığı haqda iddiaları artırıb. Evdə müalicə yazan həkimlərin sayı da çoxdur. O səbəbdən xəstəliklə bağlı real statistika haqda danışmaq olmur.

Bəs görəsən, vəziyyət deyildiyi kimidir? Bunu aydınlaşdırmaq üçün paytaxtda fəaliyyət göstərən bir neçə aptekə üz tutduq. Səhər saatları olmasına baxmayaraq Nizami rayonunda yollandığımız apteklərdə insan çoxluğu ilə üzləşdik. 

İlk daxil olduğumuz aptekdə isə insanların aldıqları dərmanlar diqqətimizi çəkdi. Burada alıcıların əsasən  C vitamini, “Cardiomagnyl”, “Paracitamol” kimi dərman preparatlarını, eyni zamanda COVİD testi aldıqlarını müşahidə etdik. Əczaçı bizimlə söhbətdə bildirdi ki, son günlər aptekdə insan çoxluğu müşahidə edilir: “COVİD pandemiyası yaranandan insanlar onsuz da çox olurdu. Amma bugünlərdə qrip virusu da yayılıb, ona görə də ən çox qripə qarşı dərmanlar üçün bizə müraciət edirlər.   ”Nimesil”, “Qripxot” kimi preparatları istəyənlər daha çoxdur. Bununla bərabər COVİD-in dərmanlarını alanlar da var. Düzdür, əvvəlki kimi deyil, amma var”, – deyə xanım əczaçı qeyd etdi. 

Buradan ayrılıb, bir az aralıda fəaliyyət göstərən digər aptekə daxil oluruq. Əczaçı ilə söhbət zamanı öyrənirik ki, burada da son günlər müraciətlərin sayı həddən artıq çoxalıb: “Əhali əsasən öskürəyə, qripə qarşı dərmanlar, C, D vitaminləri, ”sistem”lər, inqolyasiya aparatı daha çox alırlar.  COVİD dərmanları isə keçən il daha çox alınırdı”.

Müşahidələrimizi “Depo-aptek” də davam etdirirk. Buraya daxil olmuşduq ki, aptekdə insanların COVİD testinin olub-olmadığını soruşduğunu gördük. Orta yaşlı xanım satıcı ilə söhbətdə “Evdə hamımız xəstələnmişik, qripə oxşayır, amma günlərdir qızdırmamız enmir”, – deyə bildirdi. O əlavə etdi ki, dərmanlar kömək etmir: “Ona görə test alaq, bəlkə koronayıq, bunu bilək. Qızım, bir ədəd də mənə ”Cardiomagnyl” ver”, – deyə alıcı bildirdi.

Əczaçıdan isə onu öyrənirik ki, son günlər alıcılar arasında COVİD testini alanlar çoxalıb: “Əsasən qrip əleyhinə dərmanlar, ”sistem”lər çox alınır. Amma COVİD-ə aid dərmanlar əvvəlki kimi alınmır. O ki qaldı qiymətlərə, dərmanların qiymətində hər hansı dəyişiklik yoxdur”.

Bu aptekdən ayrılıb, insanların daha çox üz tutduğu “Elit” aptekə də daxil oluruq. Aptekdə insan izdihamı ilə üzləşirik. Əczaçı bizimlə söhbətdə qeyd edir ki, hər gün burada basabas olur: “Bizdə hər zaman alıcılar çoxluq təşkil edir. Amma son günlər lap çoxalıb. Xüsusilə də uşaqlar üçün dərmanlar daha çox sifariş verilir. Həkimlər uşaqlar üçün elə dərmanlar yazırlar ki, bizdə o dərmanlar olmur, ümumiyyətlə,  o preparatlar tapılmır”.

Əczaçı qeyd edir ki, koronavirusa qarşı dərman alanların sayı da artıb. Amma qrip, soyuqdəymə dərmanları da çox alırlar. COVİD testi alıb, qrip olub-olmadığını öyrənmək istəyənlər çoxdur”.

Bəs görəsən, əhali arasında yayılan bu naməlum virus “Omikron” deyil ki? Bir çoxları bunun yeni ştam olduğunu bildirir.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev “Yeni Müsavat”a mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda yoluxma sayı enməyə doğru gedir, epidemioloji vəziyyət stabildir: “Amma digər kəskin respirator virus infeksiyaları yayılıb, qripə oxşar infeksiyalar var. Bu, boğaz ağrısı, burun axması ilə müşahidə edilir. Bəzi hallarda qızdırma olur. Əksər hallarda bədən temperaturunun yüksəlməsi müşahidə edilmir. Bu, adi bildiyimiz virusdur,  mövsümi, kəskin respirator virus infeksiyasıdır. Hazırda müxtəlif virus infeksiyalarına yoluxmalar var, onu dəqiqləşdirmək üçün gərək  analizinə baxaq. Amma bununla belə, bu, koronavirus və ya yeni ştam olan ”Omikron” deyil. Bu, adi bildiyimiz virusdur, neçə illərdir ki, bu virusa yoluxuruq. Amma koronavirusla bağlı vəziyyət hazırda stabildir və enməyə doğru gedir. Aktiv xəstə sayında da xeyli azalmalar var. Amma “Omikron” ştamı hələ Azərbaycanda aşkar olunmayıb. Yoluxma sayı da bunu deməyə əsas verir. Amma ölkəmizdə olsa, təbii ki, Avropada olduğu kimi, bizdə də sürətlə artma müşahidə edəcəyik. Hələ ki, vəziyyət sabitdir. Əgər bizdə tez bir zamanda aşkarlanarsa, yoluxma sayının sürətlənməsi çox olacaq. Çünki qış aylarıdır, indi yoluxmanın artması üçün əlverişli şərait var”.

Haqqımda - Dr. İlahə Vəliyeva

İlahə Vəliyeva 

Həkim-infeksionist İlahə Vəliyeva da son günlər qrip virusunun yayıldığını bildirib: “Xəstələrin çoxu boğaz ağrısı ilə müraciət edir. Bununla belə, təlaş keçirməyə əsas görmürəm, bu da adi qripdir. Sadəcə olaraq, COVİD vaxtı, yəni bir epidemiya olan zaman başqa epidemiya olmurdu. Qripə yoluxanlara çox az rast gəlinirdi. İndi isə qrip əvvəlki şəkildədir”.

Mövzu ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzindən də “Yeni Müsavat”a cavab verilib. Qeyd edilib ki, Azərbaycanda yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır: “Bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən ”xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVİD-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVİD-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir. Beləliklə, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib”.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code