Məşhur həkim YANVARDA Azərbaycanı gözləyən vəziyyəti açıqladı

0
33

“Əldə edilən məlumatlara əsasən, “omikron” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq yüngül formalıdır, qanda oksigenin azalmaması, yəni saturasiyanın aşağı düşməməsi ilə müşahidə olunan xəstəlik olacaq. Əksər hallarda hospitalizasiyaya ehtiyac olmayacaq. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, xəstəxanaya o qədər çox insan düşməyəcək, təbii ki, bəzi hallar istisna olmaqla. Lakin yoluxduruculuq dərəcəsi yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, səhiyyə sistemini iflic vəziyyətə qoyacaq”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim-pulmonoloq Eldar Zeynalov deyib. Həkim bildirib ki, “omikron” ştamı ilə bağlı təzadlı fikirlər mövcuddur:

 

“Yumşaq getməsi və geniş yayılması məsələsi var. Təhlükəli olan əslində “omikron” deyil, “delta” və “delta plus” ştamının tam yox olmaması məsələsidir. Nisbətən təhlükəli demikron ola bilər. Bu, ayrı bir ştam deyil. Demikron “delta” ilə “omikron” virusunun eyni zamanda insana yoluxmasıdır, iki virusun birdən insan orqanizminə daxil olması deməkdir. Odur ki, burada istər-istəməz vaksinasiyaya daha çox üstünlük verilir. Operativ Qərargahın brifinqdə vaksinasiya xüsusilə vurğulandı. Bu, vacib məsələlərdən biridir. “Omikron” yüngül olduğuna görə alimlər onu virusun və pandemiyanın sönməsinin müjdəçisi adlandırırlar. “Omikron” mutasiyasından sonra yeni virusun gəlmə ehtimalı çox aşağıdır. Təxminən yaz aylarının sonu, yay aylarının əvvəlində maskalardan qurtulmaq və normal həyata qayıtmağımız, ümumiyyətlə, pandemiyanın yekunu görünür”.

Pulmonoloq qeyd edib ki, pandemiyanın başa çatması üçün vaksinasiya mühüm şərtlərdən biridir: “2022-ci ildə vaksinasiya güclənib yekunlaşmağa doğru getməlidir, tam vaksinasiya olunmalıyıq. Yeni preparatlar qəbul olunub. Onlar hazırda testdən keçirilir. Gələn kimi əhaliyə məlumat veriləcək və istifadə olunma məsələsi gündəmdə olacaq. Əlimizdə olan preparatların əksəriyyəti bu viruslara qarşı geniş təsir göstərə bilmədiyi üçün nisbətən daha yeni müalicə protokolları hazırlanır. Təbii ki, dünya üzərində kliniki tədqiqat aparılır.

Azərbaycandakı pandemik vəziyyətin nə zaman azalacağına gəlincə, 2 illik aparılan statistikaya baxsaq, görərik ki, dalğanın gəlişi və çəkilməsi, xəstəliyin azalması adətən 2 ay müşahidə olunub. Təxminən yanvar ayının ortalarına kimi virusda azalmalar müşahidə olunacaq, minimum səviyyəyə düşəcək. Odur ki, yanvarın ortalarından etibarən yoluxmalarda artım gözlənilir. Bunu apardığım müşahidələrin nəticələri kimi deyirəm. Artımın olması heç kimi qorxutmasın, çünki Azərbaycan səhiyyəsi pandemiyanın yeni dalğasına tam hazır vəziyyətdədir. Həkimlərin əksəriyyəti müxtəlif treninqlər və araşdırmalarda daim profilaktika üzərində olublar. Bu xəstəliyə qarşı mübarizə aparan həkimlərin də sayı çoxalıb. Sadəcə insanlardan sağlamlıqlarına qarşı diqqətli olmaları tələb olunur. Temperaturun yüksəlməsi, burun axması və ya tutulması, iybilmənin itirilməsi, tərləmə və digər əlamətlər müşahidə olunursa, həmin insan özünü təcrid etməli və həkimə müraciət etməlidir.

Azərbaycanda daha çox ölümlərə səbəb olan məsələ səhlənkarlıqdır. İnsanlar tibb bacıları və ya əczaçıların məsləhəti ilə müxtəlif tədbirlər görürlər, sistemlər vurdururlar ki, immun sistemini gücləndirsinlər. Amma immun sistemini gücləndirən heç bir sistem yoxdur, yanlış təsəvvürdür. İnsanlar bilməlidir ki, müəyyən mayeləri bədənə köçürməklə əks təsir yaradırlar. Gimnastik məşqlər və ya gün ərzində 4-6 km hərəkət qorunmaq üçün ən yaxşı üsuldur. Ağciyər aktiv şəkildə olmalıdır, bol maye qəbul etmək və sağlam qidalanmaq lazımdır. Bu 3 vasitəyə əməl etməklə xəstəliyi yüngül keçirə bilərik. Bu gün qorunmağın 2 yolu var: maska və vaksinasiya. Bu ikisindən savayı hər hansı dərman və ya vitamin qəbul etmək olmaz”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code