Şəhid Milli Qəhrəman Salatın Əsgərovanın xatirəsi yad edilib!

0
29
 
Dekabrın 16-ı Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın 60 yaşı tamam oldu. Azərbaycanda nəşr edilən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri olan Salatın xanım 1988-1991-ci illərdə mütəmadi olaraq Ermənistan-Azərbaycan sərhəddindən, həmçinin, Dağlıq Qarabağdan silsilə reportajlar hazırlayardı. Onun fəaliyyəti daim düşmən kəşfiyatçıları tərəfindən izlənirdi. S.Əsgərova xidməti vəzifəsini yerinə yetirmək üçün növbəti dəfə hadisə yerinə yollananda düşmən tərəfdən açılan güllələr onun işıqlı həyatına son qoydu.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayevanın təşəbbüsü, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin sədri Arzu Bağırova və “Nəfəs” ictimai birliyinin sədri Firəngiz Balakişiyevanın birgə təşkilatçılığı ilə Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın məzarı ziyarət edildi.
Xanım Qənirə Paşayeva Salatın Əsgərovanın həyat və yaradıcılığından, onun gənclərə örnək vətənpərvəliyindən və 90-cı illərdə bir gənc jurnalist kimi öz işinə necə peşəkarlıqla yanaşdığından söz açdı: “Salatın xanım Respublikamızın informasiya blokadasında olduğu, həqiqətlərimizin dünyaya çatdırılmasında böyük problemlər yaşadığımız illərdə Qarabağda baş verənlərlə bağlı həqiqətlərin rusdilli mətbuat vasitəsilə dünyaya yayılması üçün çalışırdı. O, erməni yalanlarına qarşı mübarizə üçün həyatını qurban verdi.
Salatın xanımı şəxsən tanıyırdım. Tale elə gətirdi, sonra onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq, bu ailə ilə daha da doğmalaşdıq.
Dövlətimiz və xalqımız hər zaman Milli Qəhrəmanımız Salatın Əsgərovanın xatirəsini uca tutub, adını əbədiləşdirib. Biz dekabrın 15-də beynəlxalq onlayn konfrans keçirdik, orada türk ölkə və topluluqlarından olan jurnalistlər, aydınlar çıxış etdi, şəhid jurnalistimizin adının, həyatının beynəlxalq aləmdə daha sıx duyurulması üçün təkliflər səsləndirdi. Ümidvaram, o təkliflər də zaman içində həyata keçəcək”.
Anım mərasimində “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu, “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan “Türk Ocaqları”nın başqanı Dr. Akif Aşırlı, “Olaylar” İnformasiya Agentliyinin qurucusu və baş redaktoru, yazıçı-jurnalist Yunus Oğuz, şəhidin sinif yoldaşı Əhməd Panayev, tanınmış televiziya jurnalisti Zərnişan İnqilabqızı, “Mədəniyyət” jurnalının baş redaktoru Zöhrə Əliyeva, BDU-nun müəllimi İlhamə Dağlı, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və şəhidin oğlu Ceyhun Əsgərov çıxış edib, ürək sözlərini bölüşüb. Sonda şəhidin oğlu Ceyhun Əsgərov anım mərasiminin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.
Türkanə Səfərova,
Şamilə Şamilqızı.
Fotolar İlqam Cəbiyevə məxsusdur.
17.12.2021.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code