Zirvən əbədi olsun, Arzu bəy!

0
63

27 sentyabr 1975 – ci il. Həmin il Süleymanovlar ailəsinə düşərli bir il oldu. Ailəyə sevinc bəxş edərək həyata qədəm qoyan oğlanın, qədəmləri mübarək olsun deyərək ata – ananın arzularının həyata keçdiyi üçün, uşağın adını  Arzu qoydular. Arzu gündən -günə qayğısız böyüməyə başladı.

   Şambul kənd orta məktəbində təhsilini başa vurduqdan sonra 1993-cü il oktyabr ayının 3 –də Balakən rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılır. Onun hərbi xidmətə yola düşməsi ölkəmizin ağır günlərinə təsadüf olunur. A.Süleymanov  Ağdam bölgəsinə yollanır. Ağdam, Füzuli,Tər-tər uğrunda gedən döyüşlərdə iştirak edir.

  Bacısı Nəzakət xanımın dediklərindən:

Arzu hərbiyə gedəndə mən hələ balaca idim. Amma xatirimdə müəyyən iz qalıb. O,bir neçə aydan sonra yeni təqvim ili ərəfəsində evə gəldi. Hər kəs onun görüşünə gəlirdi. Hərbidə olan çətinliklərdən, düşmən gülləsindən, amansız ölümlərdən çox danışdı. Anam və biz   ona: “daha getmə” deyə, təkid etsək də o, sözündən dönmədi. Dedi ki, getməliyəm. Orda insanların, Vətənin mənə ehtiyacı var. Qardaslarımın həyatları təhlükədədir. Onları təhlükədə qoya bilmərəm.Hər dəqiqə ölümlə pəncələsirik. Əgər ölsəm, şəhid olsam, ağlamayın, sevinin”- dedi və iki gündən sonra getdi. 1994-cü ilin yanvar ayının 17-də anam özündən asılı olmayaraq ürəyi döyünərək yıxıldı. Bir müddətdən sonra anam özünə gəldi və oğluma nəsə oldu- deyib, ağladı. Biz ona təskinlik versək də ana ürəyi artıq hər şeyi bilmişdi. Həmin vaxt Arzudan xəbər ala bilmirdik. Müharibənin qızğın vaxtları idi. Ondan xəbər cıxmır deyə, carəsiz axtarışa verdik. Axtarış 3 ay davam etdi. Arzudan soraq çıxmırdı. Atam döyüş bölgələrinə gedib qardaşım Arzunu axtarırdı. Orda bir yer varmış, şəhid olanların, itgin düşənlərin  adları və şəkilləri varmış. Atam onların içərisində Arzunun şəklini görür və budur mənim oğlum,deyib ağlayır. Ona deyirlər ki, o artıq Oğuz rayonunda dəfn olunub.  Sonda məlum oldu ki, Arzu ilə bərabər bir neçə oğullarımız da şəhid olub. Arzunun meyidini Oğuz rayonundan olan bir hərbiçinin adıyla səhv salaraq ailəyə təhvil vermişlər. Orada ailə Arzunu şəhidə uygun olaraq dəfn etmiş və onun üçün qara saxlayır, göz yaşı axıdırkən,ailənin oğlundan sağ olması barədə xəbər gəlir. Sonra qəbirdən çıxarıb baxdıqda doğurdan da bu onların övladları olmadığını görürlər. Buna baxmayaraq ailə bu da mənim oğlumdur,deyərək meyidi yenidən basdırırlar. Daha sonra itginliyi ilə Şəkidən daha bir ailə öz oğullarını axtarır və yenə də Arzunun qəbrini açaraq baxır və bu da onların oğulları olmadığına görə yenidən basdırırlar. Artıq 3 ay axtarış başa çatdıqdan sonra ekspert Arzunun analizini təyin edərək bizə xəbər göndərirlər ki, Arzu səhvən Oğuz rayonunda dəfn olunub. Atam  sonda gedib qardaşım Arzunun cənazəsini ordan çıxarıb gətirir,  və onu yenidən aprel ayının 3 – də kənd qəbiristanlığında dəfn etdik.  Qardasım Arzunun meyidini 3-cü dəfə torpaqdan cıxaranda qəbir sahibləri ağlayaraq atama demisdir ki, qoyun qalsın, o da mənim oğlumdur. Atam isə oğlunun hec olmasa dəqiqliyini bilib tapdığı ücün sevindiyindən orda qalmasına razı olmayaraq evə gətirir. Bu sözləri danışdıqca şəhid bacısının gözlərindən yaş sel kmi axır. Görün, qardaşım nə qədər əzab çəkibmiş, taleyində neçə dəfə qəbirdən çıxarılıb basdırılmaq varmış. Nəzakət xanım göz yaşlarını boğdu, azacıq sakitləşdi və sözünə davam etdi:

     -Qardaşım Arzu çox mülayim bir insan idi. Gözəl tütək çalmaq qabiliyyəti vardı. Dostları arasında, kənd əhli arasında böyük hörmət və rəğbət qazanmışdı. İdmanı da çox sevərdi. Hər sabah yerindən duranda idmanla məşğul olardı. Anam, qardaşım şəhid olduqdan sonra çox yaşamadı. Oğul dərdi tez bir zamanda anamı, ardınca da atamı əlimizdən aldı. Anam öldükdən sonra atam yollara düşdü, hara getdisə də oğul deyə ağlayırdı. Kimsə onu sakitləşdirə bilmirdi. Elə anamın  ardınca onu da torpağa tapşırdıq. İndi 3 qəbir yan yana düzülüb. Biz, üç qəbiri birlikdə ziyarət edirik. İndi bizim ümid yerimiz,pənahımız o məzarlardır.

    Şəhid bacısını dinlədiyimiz zaman biz də ona qoşulub ağladıq. Doğrudan da Arzunun ölüm taleyində acılar varmış. Çox böyük acı yaşayıbmış şəhidim. Mən onu saktləşdirdim, lakin, bir qələm sahibi olaraq özüm sakitləşə bilmədim. Tezliklə ondan ayrılmaq üçün tələsdim. Çünki ürəyim tab gətirmirdi daha. Doğrudan da qəribə taleli şəhid qardaşlarım, şəhid balalarım haqda,onların keçdiyi şücaətlik yolundan yazı hazırlamaq asan bir iş deyilmiş.

   Cənnətlik məkanın,şəhidlik zirvən mübarək olsun, Şəhidim. Sən bu torpaq üçün, bu xalq üçün, bu ölkə üçün şəhid oldun, zirvəyə ucaldın. Zirvən əbədi olsun, Arzu bəy!

                                                                                                                                                                   Şamil Sabiroğlu,

                                                                                                                                                                    Şaban Abdulla.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code