Şəhid Harun Alqayevin ömür yolu haqqında sənədli film çəkiləcək!

0
56
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində halal haqqı olan insanlardan biri də Balakən rayonunun yetirməsi, baş leytenant Alqayev Harun Məhəmməd oğludur. Ali hərbi təhsilli olan H.Alqayev 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib və Silahlı Qüvvələrdə xidmətə başlayıb. Avar xalqının nümayəndəsi olan və dostları arasında “Türk Harun” kimi tanınan Alqayev Azərbaycan, rus və erməni dillərini gözəl bilir, sərbəst danışırdı. H. Alqayev II Vətən savaşında şəhid olub. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlunun layihəsi əsasında cəsur zabitin ömür yolu haqda sənədli film çəkiləcək.Filmin Balakən rayonunda, ali hərbi təhsil aldığı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və xidmət etdiyi hər iki hərbi hissədə çəkilməsi planlaşdırılır.
Jurnalist Ş.Sabiroğlu, bu məqsədlə Balakən rayonunda səfərdə oldu, şəhid baş leytenant H.Alqayevin doğmaları, həmçinin müəllimləri və orta məktəbdə birgə təhsil almış şəxslərlə görüşdü. Qonaqlar Balakən rayonu Hənifə kənd tam orta məktəbinə baş çəkdilər. Məktəbin şəhid Eyvaz Məmmədov adına Uşaq Təşkilatının rəhbəri Könül Ocaqverdiyevanın təşkilatçılığı ilə yaradılan “Zəfər tarixi otağı”na baş çəkdilər. Yüksək səviyyədə təşkil edilmiş eksponatların sayı təxminən 50-dir. Daha sonra qonaqlar Harun Alqayevin adına verilən Hərbi hazırlıq otağı ilə tanış oldular. Ehtiyatda olan gizir, hazırda bu təhsil ocağında müəllim işləyən Qurbanhacı Hacıyev qonaqlara bu sinif otağı haqda məlumat verdi. Dedi ki, II Vətən savaşında şəhid olan 31 nəfər balakənlidən yalnız H.Alqayev zabit olduğuna görə sinif otağına onun adı verilib.
Elə həmin gün Balakən rayon İcra Hakimiyyəti Başçısının müavini Azad Balayevlə görüş oldu. Səmimi söhbət zamanı I və II Vətən savaşınının uğurla başa çatmasında müstəsna xidməti olanların hər biri barədə kitab yazılmasının, sənədli film çəkilməsinin zəruriliyi qeyd edildi. Görüşdə şəhidin atası Məhəmməd Alqayev, yeganə qardaşı, müharibə iştirakçısı Ceyhun Alqayev, diaspor fəalı Nazir Hətəmov, Qarabağ qaziləri-Şaban Abdullayev, Vaqif Hümbətov, İlqar Məmmədov və medonline.az saytı redaksiyasının əməkdaşı Aynurə Rüstəmova iştirak edirdi.
Leyla Camalova,
Abşeron rayonu, Masazır qəsəbəsi, 5 nömrəli tam orta məktəbin şagirdi.
Fotolar: Anar Nəcəfliyə məxsusdur.
12-13 dekabr 2021-ci il.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code