Mətbu sözünün məsuliyyəti

0
76

    Bildiyimiz kimi,  Azərbaycan Respublikasında "Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirir. Açığı belə bir qanun layihəsinin hazırlanmasına çoxdan  ehtiyac duyulurdu.
Son illər bu sahədə aydın nəzərə çarpan durğunluğun yaranması, bu sahəyə rəhbərlik edən bəzi şəxslərin yarıtmaz fəaliyyəti sayəsində mətbuatın şüurlu şəkildə gözdən salınması prosesinə start verilməsi  ictimaiyyət arasında narazılığı gücləndirməklə yanaşı, mətbu sözə
inamı zəiflətmiş, peşakar və vicdanlı jurnalistlərin səmərəli fəaliyyətinə ciddi əngəllər yaratmışdır. Azərbaycan mətbuatı həmişə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın aynası rolunu oynayıb.

  Qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycan mətbuatının qısa zamankəsiyində yüksəlişi, uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, Heydər Əliyev böyük ictimai-siyasi xadim kimi həmişə milli mətbuatın qayğısını çəkib. 1993-2003-cü illərdə onun dövlət başçısı kimi media aləmi ilə sıx təması, jurnalistlərin maddi rifah halının, iş şəraitinin yaxşılaşdırılması, onların qayğısına qalması milli mətbuatın inkişafına faydalı təsir göstərib.

    Onun yolunu inamla davam etdirən dövlətimizin başçısı cənab  İlham Əliyev  hər zaman Ulu Öndərin siyasi kursunu  dönmədən həyata keçirməklə xalqın dərin məhəbbət və inamını qazanıb. Milli liderimizin  44 günlük Vətən savaşında göstərdiyi misilsiz sərkərdəlik bacarığı, şanlı ordumuzu inamla zəfərə aparması,xalqın qələbə istəyi  ətrafında  həmrəyliyin əldə etməsi   milyonların, o cümlədən, media ordusunun qəlbini fəth etmiş oldu.  Onun media nümayəndələri ilə davamlı ünsiyyətdə olması mətbuata verdiyi böyük dəyərin təcəssümüdür. Dözülməz vəziyyətlə bağlı media nümayəndələrinə müraciət etməsi və nəticədə aşkara çıxan problemlərin dərhal həll olunması  Azərbaycan mediasına dərin inam və etimadın təzahürüdür. Dövlət başçımızın ümumxalq işinə sədaqətli, vətənini və xalqını sevən jurnalistlərə “Siz mənim köməkçilərimsiniz” deməsi bizim üçün böyük şərəfdir.

“Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində də əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı
formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir. Yeni media haqda qanun layihəsindəki bir müddəaya diqqqətinizi cəlb etmək istəyim təsadüfi deyil. Layihədə nəzərdə
tutulub ki, Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, ölkə hüdudlarından kənarda olan və fəaliyyəti respublikamızın ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün media subyektlərinə, habelə
xaricdə yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə və jurnalistlərə şamil olunacaq. Yəni bu qanunlar təkcə paytaxtdakı media orqanlarına deyil, bölgələrdə fəaliyyət  göstərən bütün kütləvi informasiya vasitələrinə də aiddir.

Təsadüfi deyil ki,Azərbaycanın şəhər, kənd və rayonlarında bütün sahələrdə işlərimizin zamanın tələbinə uyğun, ahəngdar inkişafı nailiyyətlərimizin artmasına zəmin yaradır. Bu məqamda ölkəmizdə şəffaflıq və dürüstlüyün həyat tərzi olması üçün ümumi inkişafımıza əngəl ola biləcək problem  dərhal həllini tapmalıdır. Bu işdə isə jurnalistlərin fədakar fəaliyyətini qeyd etmək lazımdır. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri
arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və
xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.

Azərbaycan mətbuatı xalqımızın qovuşduğu azad, demokratik cəmiyyətin tarixi salnaməsidir və bu danışmaz həqiqətdir. Bu gün Azərbaycan mətbuatı xalqın milli maraqları keşiyindədir. Bunu hər kəs, o cümlədən böyük jurnalist ordusunun hər bir üzvü öz peşə
fəaliyyətində unutmamalı  və mətbu sözün məsuliyyətini dərindən dərk etməlidir.

Nizami Aslanoğlu Gülmalıyev,
“Xalq sözü” qəzetinin redaktoru

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code