“Aşqabad sammiti strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq”

0
44

“Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirin, toplantının əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi aydındır. Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən vacib məsələlər sırasındadır”.

 

Medonline.az Report-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

 

O deyib ki, istər tədbirdəki çıxışlarda, istərsə də Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin reallaşdırdığı ikitərəfli görüşlərdə Azərbaycanın regionda və dünyada artan rolunun təqdir edilməsi, ölkəmizin tarixi Zəfərinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması rəsmi Bakının uğurlu siyasətinin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi: “Azərbaycanın İƏT-in fəal üzvü kimi beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində hər iki quruma üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması xarici siyasətimizin prioritet istiqamətlərindəndir”.

 

V.Rəhimzadə qeyd edib ki, Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsi, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin geniş miqyas alması, həmçinin dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi konkret rəqəmlər əsasında diqqətə çatdırılıb: “Bu uğurlarımız Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dünya Bankı daim Azərbaycanın adını ən islahatçı ölkələr sırasında qeyd edir. Davos İqtisadi Forumunun hesabatlarında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyi xüsusi önə çəkilərək hər il Azərbaycan reytinq cədvəlində irəliləyir. Onu da qeyd edək ki, Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, təkmil layihələrin icrasına göstərdiyi diqqət də xüsusi yer alır və yüksək qiymətləndirilir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin başa çatmasından sonra Azərbaycan bu reytinq cədvəllərində daha da irəliləyəcək. Həm bu torpaqların malik olduğu iqtisadi potensial ölkənin dayanıqlı inkişafına yönəldiləcək, həm də təkmilləşən yol infrastrukturu Azərbaycanın mövqeyinə öz müsbət təsirini göstərəcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code