“Zəfər sənə çox yaraşır, Vətən!” devizi altında tədbir keçirilib!

0
10

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı, medonline.az, fact-info.az, xebertv.az saytlarının, Polad TV internet televiziyasının informasiya dəstəyi ilə 8 noyabr – Zəfər gününə, 9 noyabr- Dövlət Bayrağı gününə 12 noyabr – Konstitusiya gününə və 17 noyabr – Milli Dirçəliş gününə həsr edilən tədbir keçirildi. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbiri giriş sözü ilə  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı açdı. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu, Şəhidlərin əziz xatirəsi 1 dəq.sükutla yad edildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu son 200-230 il ərzində ermənilərin türk-islam dünyasına qarşı apardıqları terror aktları, Ermənistanın işğalçılıq siyasəti haqqında danışdı. Ş.Sabiroğlu qeyd etdi ki, bəzi qonşu dövlətlərin dəstəyilə Ermənistan son 100 il ərzində Azərbaycanın xeyli ərazisini işğal etdi, insanlar doğma ev-eşiklərindən zorla çıxarıldılar. 1993-cü il iyun ayının 15-də Dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra döyüşən tərəflər arasında müvəqqəti atəşkəs elan edildi. Ordu quruculuğuna geniş imkan yaradıldı. İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə Silahlı Qüvvələrin komplektləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ön plana çəkildi. Həyata keçirilən tədbirlər öz bəhrəsini verdi: 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən savaş Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində tarixi qələbəsi ilə nəticələndi. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrindən azad edildiyi gün –Zəfər günü kimi tarixə düşdü. Ş.Sabiroğlu tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik etdi.

Azərbaycan Tibb Universiteti Rektorunun müşaviri,  İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının Professoru, T.e.d., “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Ağsaqqallar Şurasının sədri Mübariz Allahverdiyev, Birliyin İdarə Heyətinin üzvü, Qarabağ qazisi Zahid Qarayev, Rusiyanın Moskva vilayətində yaşayan həmyerlimiz Fərhad Məmmədov, şairlərdən –Prezident təqaüdçüsü Abil İslam,  həkim-şair Zakir Ağdamlı çıxış edərək Zəfər günü və digər əlamətdar günlərlə əlaqədar Azərbaycan xalqını təbrik etdilər.

Daha sonra incəsənət ustalarının iştirakı ilə bədii hissə davam etdirildi. Azərbaycan Respublikasının Əməkdar Artistləri-Rəhilə Bəndəliyeva, Sevinc Sarıyeva, Beynəlxalq Muğam müsabiqəsinin qalibi Elsevər Muradov, müğənnilərdən Elxan Qaraxanoğlu, İslam Ələsgərli, həmçinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyası Xalq Çalğı Alətləri ansamblının solistləri, Əli Quliyev adına Laçın rayon 1 saylı Uşaq Musiqi Məktəbinin kollektivi, məktəbin müəllimi- müğənni Vüsal Əhmədov  maraqlı musiqi proqramı ilə çıxış etdilər. Nərimanov rayonundakı Eldar Əliyev adına 93 nömrəli tam orta məktəbin 1 c sinif şagirdi Nuray Səlimova, 5 nömrəli Uşaq-İncəsənət Məktəbinin Vokal-Estrada üzrə 2-ci sinif şagirdi İsmayıl Məmmədzadə və başqalarının çıxışları da alqışlarla qarşılandı.  

Tədbirin sonunda bəzi iştirakçılara Birliyin rəhbərliyi adından Fəxri Fərman və Təşəkkürnamə təqdim edildi. Ş.Sabiroğlu tədbirin hazırlanmasında zəhməti olan hər birinə öz təşəkkürünü bildirdi.            

                       Sənan İmanov,

                       Əvəz Almədətov.

                        Leyla Nadirqızı.

                      Bakı, 17.XI.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code