Dölət bayrağı dövlətçiliyin rəmzlərindən biridir.
Dövlət bayrağına sevgi vətəndaşın dövlətə sevgisinin ifadəsidir.
Bütün zamanlarda dövlət bayrağı müqəddəs hesab edilib. Tarixin qədim dövrlərində də belə olub, indi də belədir.
Dövlət bayrağı günü zaman anlamında tarixin dünənlərinə ehtiramla bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdi, iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində dalğalandırılmışdı. Bu, Azərbaycanın dövlətçiliyinin ilhaqı parçaladığının təsdiqi idi və dünya bu hadisəni Azərbaycanın dövlətçilik tarixində hadisə adlandırmışdı…
1988-ci ildə Azərbycanda milli-azadlıq hərəkatı kükrəyəndə, xalq müstəqillik, azadlıq mübarizəsinin mücahidi olanda Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət bayrağı bu hərəkatın mənəvi stimulu olmuşdu. Rus imperiyasının ilhaqından xilas olmaq, Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək üçün milyonlar vahid tələblərin tələbkarı kimi indi Azadlıq meydanı adlandırılan meydana toplaşmışdı. Onda meydanda dalğalandırılan üçrəngli bayraq bu mübarizənin sonunda dövlət müstəqilliyi dayandığını bildirirdi. Xalqın səsləndirdiyi şüarlardan biri də “Bir kərə yüksələn bayraq bir daha enməz!” dönməzliyi olmuşdu. Bu, sələf-xələf münasibətinin aliliyinin təsdiqi olmaqla bərabər, dövlətçiliyə sədaqətin işığı kimi yaşadılırdı, izlənilirdi…
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Azərbaycanda işləyəndə də, Moskvada da Azərbaycanın bütün sahələr üzrə inkişafını düşünən, qarşıya çıxan maneələri yüksək siyasi peşəkarlıqla, malik olduğu böyük nüfuzu ilə aradan qaldıran böyük siyasi xadim Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının istiqamətlərindən birini gerçəkləşdirdi, 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bu, milli-azadlıq hərəkatının kükrəyişində böyük stimul oldu.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağı bərpa olundu.
Ulu öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Cəmiyyət bu müdrik kəlamları yaşam fəlsəfəsi bilirdi. Yeniyetmələr, gənclər bu yaşam fəlsəfəsi ilə formalaşırdı.
Birinci Qarabağ müharibəsində olmuş bir hadisəni xatırlayıram: Döyüşdə sonralar Azərbaycanın Milii Qəhrəmanı adına layiq görülən Yusif Mirzəyev hiss edir ki, bir qədər aralıda döyüşən əsgər atışmır. Yaxınlaşanda görür ki, əsgər şəhid olub, sağ əlində sinəsindən azca çıxarda bildiyi bayrağımız var. Yəni əsgərlər döyüşə bayrağımızla gedirdi, bu bayraq onların döyüş əzmi olub, qələbə ruhu olub.
Ramil Səfərov Azərbaycanın Dövlət bayrağının yad ölkədə qeyri-rəsmi mühafizəkarı olmuşdu…
Tarix təsdiqləyir ki, xalqımız dövlətçilik tarixində dövlət bayrağını həmişə müqəddəslik zirvəsində yaşadıb, ruhunu bu ucalıqda dalğalanan bayrağın ruhu bilib. Bayrağımıza kəc baxan gözləri ovub, bayrağımıza uzanan əlləri kəsib…
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bütün bayramlar əzizdir. Bütün bayramlar dövlət əhəmiyyətlidir. Bütün bayramlarımız kimi Dövlət Bayrağı gününü də böyük könül xoşluğu ilə qarşılayırıq. Dövlət Bayrağı Günü hər bir azərbaycanlının qürurla yaşadığı, yaşatdığı günlərdəndir.
Respublikamızda Dövlət bayrağına münasibət dünyanın düşüncələrinə daha böyük sevgilərlə inteqrasiya edilir. Hamı qürurla deyir ki, “Bayrağım – varlığım, bəxtiyarlığım”. Xalqın Dövlət bayrağımıza sevgisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir kəlamı ilə tamamlanır: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı istər dövlətçilik tariximizdə, istərsə də dövlətçilik tariximizdə bayrağın yeri baxımından qürurverici Sərəncam kimi tarixləşdi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq dedi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Vətən müharibəsi xalqın da, ordunun şəxsi heyətinin də Dövlət bayrağına münasibəti daha da duyğusal, müqəddəs səviyyədə təsdiqləndi. Birinci Qarabağ müharibəsində olduğu kimi Vətən müharibəsində də döyüşlərə bayrağımıızın işığında gedən əsgərlərimiz Cənab Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayırdı. Qələbələrimizin nəticəsi olaraq işğaldan azad edilmiş yaşayış məntəqələrində Azərbaycanımızın Dövlət bayrağı dalğalandırılırdı. Məğlub dövlətin dövlət bayraqları layiq olduğu yerə atılırdı.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş Hadrutda çıxışında dedi: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”. Bu kəlamlar səviyyəsində, mahiyyəti bu kəlamların eyni olan kəlamlar işğaldana zad edilmiş ərazilərimizdə də xalqın qürurunu yüksəltdi. Xalq müzəffər Sərkərdənin bu kəlamlarının davamı kimi işğaldan azad edilmiş ərazilərdə aparılan və aparılacaq quruculuq işlərinin iştirakçısı, Dövlət bayrağımız quruculuq prosesində də xalqın birlik rəmzi olacaq.
Dövlət bayrağı günü hər bir azərbaycanlının könül bayramıdır, ömrünü Azərbaycana bağlayan qürur bayramıdır.
Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayrağım” şeirini xatırlayıram:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Bu misralar hər birimizin düşüncələrimizdədi, hər birimiz bu misraları özümüzlə qoşa yaşadırıq…
Bayram MƏMMƏDOV,
Milli Məclisin deputat köməkçisi,
Əməkdar müəllim