Vətənə sədaqət tarixi

0
61

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: “Azərbaycan Ermənistan qoşunlarının bütün ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu”.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı Ermənistan sülh danışıqlarından yayınır, regionda status-kvonu saxlamaq istəyirdi. Bu vəziyət Azərbaycanın ərazisini parçalamaq istəyi idi. Azərbaycanın bu vəziyət ilə barışmayacağını dəfələrlə, həm də qətiyyətlə bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistana da, onun işğalçılığını dəstəkləyən dövlətlərə də Azərbaycanın siyasi strategiyasının qətiyyən dəyişməyəcəyini demişdi: “Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”. Bu qətiyyət işğalçı dövləti sülh danışıqlarına gətirməli idi. Ermənistan bilməli idi ki, danışıqlar baş tutmadığı halda münaqişəni Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir.

Beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu bildirirdi. Ordunun gücünü təkcə ən müasir silahlar, uçuş aparatları, döyüş texnikaları müəyyənləşdirmir, bu gücü həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı müəyyənləşdirir. Yəni dünyanıın iri dövlətlərinin hərbi ekspertləri Azərbaycan Ordusunun şəxsi heyətinin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığını yüksək dəyərləndirirdi. Müharibələr tarixi təsdiqləyir ki, əsgərinin döyüş əzmi, qələbə ruhu aşırı səviyyədə olmayan ordu qalib gələ bilməz.

Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrinə hazır idi. Ordumuz bu əmrlə, bir məqalədə deyildiyi kimi, səngərləri sərhədlərə köçürəcəkdi.

Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də bütün istiqamətlərdən Azərbaycanın ərazilərinə hücuma keçdi. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.

Vətən müharibəsi başlayanda Birinci Qarabağ müharibəsinin iştirakçıları da, qazilər də, tələbələr də döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət edirdi. Ölkə başçısının müvafiq sərəncamı ilə qismən səfərbərlik elan edildiyinə görə bu müraciətlərin az hissəsinə razılıq verilmişdi; Vətən müharibəsi xalqın müharibəsi idi. “Kürəyində xalqın nəfəsini hiss edən əsgər daha güclü olur” – tezisi var və bu tezis birmənalı şəkildə gerçəklikdir. Vətən müharibəsində xalqın orduya inamı, güvənci, qələbə üçün gərəkli, böyük stimul idi.

Azərbaycan Ordusu düşmənin qurduğu, illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini – müdafiə sistemini darmadağın etdi. Hərbi publisistikada ehtiramla yazılan, ehtiramla oxunan bir deyim gerçəklik idi: Azərbaycançılıq erməniliyi döyüş-döyüş ölümə yaxınlaşdırırdı.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra tanıdığım bir ailənin hərbi xidmətdən tərxis edilmiş əsgər oğlu deyirdi ki, döyüşlər vaxtı komandirimiz mənə çatan məktubu Gəncədən bir şəhid anası yazmışdı: “Adını bilmirəm, oğul, sənə oğlum deyirəm, şəhid oğlumun qardaşı deyirəm. Siz döyüşün! Siz qələbə qazanacaqsınız! Şəhid analarını da, şəhid qardaşlarımızın ruhunu da nigarançılıqdan qurtaracaqsınız. Siz Azərbaycan əsgərisiniz! Döyüşün, şəhid oğlumun qardaşları, döyüşün! Zəfər sizin Zəfəriniz olcaq!”.

Döyüşçünün yaddaşında qalan bu kəlmələr də müharibə tariximizdir. Belə oğulların qətiyyəti də, Vətənə sevgisi də silah idi. Bu silah döyüş əzmini, qələbə ruhunu daha yüksək səviyyədə yaşadırdı.

Vətən müharibəsində xalq ölkə başçısının ətrafında daha sıx birləşdi. Bu birlik gücü idi.

Azərbaycan əsgəri döyüşə-döyüşə irəliləyir, yaşayış məntəqələrini azad edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa hər müraciəti bir qələbə ovqatı olurdu. Xalq bu ovqatı Böyük Qələbənin hissəsi kimi yaşayırdı.

Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşməni qorxuya salmışdı. Düşmənin əsgər və zabitləri də, muzdluları da döyüşçülərimizin təkcə silahlarından deyil, həm də vətənsevərliyindən çəkinirdi. Erməni əsgəri Narek Djaninyan xarici mətbuatlarda ictimailəşdirilən bir fikri dediklərimizin təsdiqidir: “”400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil”.

Başqa bir erməni hərbçisi Andrey Nalbanzyanin etirafı da Azərbaycan əsgərinin gücü, qüdrəti haqqında gerçək təəssüratdır: “Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi”.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğaldan azad edildi. Bu qələbələr Azərbaycan Ordusunun şəxsi heyətinin qələbə ruhunu daha da yüksəltdi.

Şuşa işğaldan azad edildi. Noyabrın 8-i belə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 8 Noyabr Zəfər Günü kimi qeyd olunacaq. Bayram kimi, azərbaycançılığın erməniliyi məğlub etdiyi gün kimi.

Zəfər Günü Azərbaycana sayğısı, ehtiramı olan bütün xalqların bayramıdır. Çünki bu bayram bəşəri Zəfər bayramıdır.

Ölkə başçısının sərəncamı ilə Bakıda açılan “Hərbi Qənimətlər Parkı” da Zəfərə ehtiramın təzahürüdür. Bu park gənc nəslin vətənpərvərlik duyğularını daha möhtəşəmliklə formalaşdıracaqdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Zəfərin məntiqi davamıdır. Füzulidə istifadəyə verilən, Zəngilanda tikintisi davam edən aeroportlar da Azərbaycanın iqtisadi inkişafında yeni mərhələdir. Bu mərhələ hər bir azərbaycanlının Vətən sevgisini daha da müqəddəsləşdirir.

Şuşada keçirilən “Xarıbülbül” festivalında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediklərini Vətən müharibəsi haqqında, Vətən müharibəsində qazanılan Zəfər haqqında ən duyğusal fikir bilirik: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”

8 Noyabr Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qürurunun tamamladığı bayramdır: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

8 Noyabr Zəfər günüdür. Bu bayram azərbaycançılığın bayramıdır. Bu bayram həm də əbədiyyən xalqımızın tarixində Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrəti kimi, Azərbaycan əsgərinin qətiyyət, Vətənə sədaqət tarixi kim yaşayacaqdır.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code