“Polad Həşimov qərargah rəisi olanda aprel döyüşlərində iştirak ediblər…” – Şəhid əsgərimizin atası…

0
9
“İki qızım və iki oğlum var, Elməddin də ortancıl oğlum idi. Elməddin əsgərliyini Goranboyun Tapqaraqoyunlu kəndində xidmət edib. Şəhid generalımız Polad Həşimov orda qərargah rəisi olub və Elməddin də kəşfiyyatçı kimi xidmət edib”
 
Bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan əsgər Elməddin Əlizadənin atası  Sübhi Əlizadə deyib. Şəhid atası Elməddinin ordu sıralarına könüllü getdiyini bildirib:
 
“Həmin vaxt 2016-cı il Şanlı aprel döyüşləri başlayıb və Elməddin də Talış və Lələ təpə uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin xidmətini başa vurduqdan sonra Bakı Tikiş Sexində işləyirdi və onu sonuncu dəfə Türkiyəyə kursa göndərmişdilər. Türkiyədə vizasının vaxtı bitdiyi üçün Azərbaycana gəldi və sənədlərini düzəldirdi. Onda o biri oğlum da əsgərlikdə idi və Elməddin dedi ki, “qardaşım gəlsin və onu da götürüb Türkiyəyə gedim”. 
 
“Onun döyüş yolu Ağdamdan başladı və Şuşaya qədər getdi…”
 
 
“O, özü hərbi forma tikirdi, onların dizaynını verirdi. Elə oldu ki, sentyabrın 27-də döyüşlər başladı və könüllü olaraq müraciət etdi. Səfərbərlik iki dəfə onu geri qayıtardı, amma sonra Elməddin dedi ki, “məni döyüşə aparmasınız, Müdafiə Nazirliyinə müraciət edəcəm”. Sonra Elməddin Biləsuvara gəldi və 25 nəfər döyüşçü yoldaşlarıyla birlikdə oktyabrın 1-də onu yola saldıq. Onun döyüş yolu Ağdamdan başladı və Şuşaya qədər getdi. Sonuncu dəfə noyabrın 6-da danışdıq və dedi ki, “salamatçılıqdı, özünüzdən muğayat olun. Anamı, qardaşımı qoru”. (Ağlayır) Noyabrın 9-da isə Şuşada Daşaltı kəndində şəhid oldu. Elməddin bu döyüşlərdə də kəşfiyyatçı idi. Şuşada çiynindən yaralansa da, yarasını sarıyaraq döyüşə davam edib. Amma ikinci dəfə snayperlə vurulub.  
 
Elməddinin adının yaşadılması üçün yaşadığımız kəndə Şəhid bulağı tikdirmişəm. Göstərdiyi xidmətlərə görə Elməddin ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şuşa və Füzuli medallarına görə də siyahıya adını saldırmışıq, çünki Prezident bununla bağlı əlavə sərəncam verəcək. Qarşıdan Elməddinin il mərasimi yaxınlaşır, buna hazırlaşırıq. Çox çətindir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code