Cəfər Cəfərov: Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 il ərzində ölkəmizə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlamışdır.

0
383

Müsahibimiz  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfərov Cəfər Məmməd oğludur.

Salam, dəyərli Cəfər müəllim. Bildiyimiz kimi, 2021-ci il avqustun 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətinin 100 ili tamam oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Universitetin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Ötən 100 ilə nəzər salsaq, nələri qeyd etmək olar?

– Salam, Şamil müəllim. Xoş gördük. Bu il Respublikamızın elmi-pedaqoji mühitində olduqca önəmli rol oynayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasından 100 il ötür. Bu ölkəmizin elm və təhsil ictimaiyyəti üçün əlamətdar bir hadisədir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 17 aprel 2021-ci il tarixli, 2583 nömrəli Sərəncam universitetin ölkəmizin inkişafındakı strateji rolunun vurğulanması baxımından olduqca əhəmiyyətlidir.

Bir əsr öncə, 1921-ci ilin 26 avqustunda cəmi 6 tələbə və 8 müəllimlə fəaliyyətə başlamış Azərbaycan Dövlət Pedaqoji Universiteti uzun yol qət etmişdir. Azərbaycanın ilk pedaqoji ali təhsil müəssisəsi olan ADPU 100 il ərzində ölkəmizə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları verərək zəngin ənənələrə malik elm və təhsil müəssisəsi kimi tanınmışdır. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmışdır. ADPU təkcə, respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığını uğurla icra etmişdir.

Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırılmasını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oynamış, onların sonrakı inkişafına yaxından dəstək göstərmişdir. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indiki Təhsil İnstitutu), 30-40-cı illərdə fəaliyyət göstərən ikiillik müəllimlər institutları, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Xankəndi Pedaqoji İnstitutu və Bakı Slavyan Universiteti ya Pedaqoji İnstitutun ayrı-ayrı fakültələrinin bazasında yaradılmış, ya da  institutun pedaqoji kadrlarının köməyi ilə fəaliyyətə başlamışdır.

Yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi da universitetin yetirmələri arasında yer alır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 11 prezidentinin 3-ü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov, Həsən Abdullayev, 5 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli məhz bu universitetin məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Vətənimizin ərazi bütövlüyü uğrunda mənfur düşmənlə mübarizə aparmış Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, Şakir Salahov, “Zəfər” ordenli general-polkovnik Əli Nağıyev, “Azərbaycan Bayrağı” ordenli Malik Bayramov, 44 günlük Vətən müharibəsində torpaqlarımızın mənfur düşməndən azad olunması yolunda canlarından keçmiş şəhidlərimizdən 12 nəfəri, o cümlədən savaşda yeganə xanım şəhidimiz olan Arəstə Baxışova müxtəlif illərdə ADPU-nun tələbələri olublar.

ADPU-nun 100 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 5 dəfə ADPU-da olmuşdur.

Pedaqoji Universitet son 5 ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali təhsil müəssisəsində həm maddi-texniki baza, həm tədris, həm sosial həyat, həm də elmi fəaliyyət uğurla inkişaf edir.

Universitet Bakıdakı 4 kampusu, Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabaddakı 5 filialı, tərkibindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci və baza məktəbi ilə ölkənin ən geniş şəbəkəyə malik ali təhsil müəssisələrindən biri kimi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərin tədris proqramlarına daxil olan bütün fənlər üzrə bakalavriat səviyyəsində professional və zəruri kompetensiyalara malik müəllimlər yetişdirir. Bu gün 18000-ə yaxın tələbə və 2000-ə yaxın əməkdaş olmaqla 20000 nəfərlik nəhəng bir ailə ahəng içində fəaliyyət göstərir. Universitetdə 67 elmlər doktoru, 61 professor, 273 dosent, 354 fəlsəfə doktoru çalışır. ADPU-da gəncləşdirmə siyasətinə geniş yer verilir, universitetin məzunları işə cəlb edilir.

Universitetdə imtahan sisteminin test üsulundan yazılı üsula keçməsi isə sözün əsl mənasında təhsilin keyfiyyətinə can verib. Məsələn, 2019-ci ildə ADPU məzunlarının müəllimlərin işə qəbulu (MİQ) imtahanlarındakı nəticələri 2016-cu ildəki nəticələrdən təxminən 400% daha yaxşı olmuşdur.

Pedaqoji Universitetdə adlı təqaüdlərin təsisi, tələbələrin digər həvəsləndirici işlərə cəlbi, müəssisə rəhbərliyinin mütəmadi olaraq tələbələrlə görüşlər (həmçinin onlayn) keçirməsi tələbələrin tədrisə olan marağını daha da artırır. Belə ki, hazırda universitet tələbələrinin təxminən 70 faizə qədəri təqaüd alır və ADPU-da dövlət təhsil siyasətinin tələblərinə cavab verərək yaxın gələcəkdə bu nisbəti daha da artırmaq istiqamətində işlər aparılır. Bütün bunlardan əlavə, sözügedən dövrdə ali təhsil müəssisəsində şəffaf seçki sisteminin yaradılması və təkmilləşdirilməsi işi başa çatdırılıb.

Hazırda ADPU-nun 53 xarici ali təhsil müəssisəsi ilə birbaşa əlaqələri mövcuddur. Türkiyənin 11 universiteti ilə “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq edilir. Erasmus+ mübadilə proqramı çərçivəsində Erasmus+ tərəfdaş universitetləri arasında tələbə, akademik və inzibati heyətin mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edir. ADPU, həmçinin Avropa Müəllim Hazırlığı Şəbəkəsi (ETEN) və Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (İAUP) üzvüdür.

ABŞ-ın Corc Vaşinqton Universiteti ilə “Təhsil idarəetməsi” ixtisası üzrə ödənişsiz beynəlxalq ikili diplom proqramı uğurla davam edir. Artıq proqramda 50 tələbə təhsil alır.

Universitetin həm də elmi mərkəzə çevrilməsinə yönələn tədbirlər çərçivəsində Elmi-Tədqiqat Mərkəzi yaradılmış, 6 dövri elmi jurnal təsis edilmiş və onlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilmişdir. Magistrantların elmi-tədqiqat işlərinin dərc edilməsi məqsədilə Azərbaycanda ilk dəfə “Magistrant” dövri elmi jurnalı təsis edilmiş və ilk nömrəsi işıq üzü görmüşdür. Universitetin elmi plagiatla mübarizə üzrə daxili sistemi qurulmuşdur. Əməkdaşların beynəlxalq istinadlı jurnallarda çap olunmuş əsərlərinin sayı son 5 ildə dəfələrlə artmışdır. Bu nəticələr “Clarivate Analytics” elmi bazası tərəfindən də qiymətləndirilmiş, ADPU mükafatlandırılmışdır.

Pedaqoji Universitetdə professor-müəllim heyətinin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi üçün işlək mexanizm (reytinq sistemi) yaradılıb. Sistem üzrə son ildə 150 ən yüksək nəticə əldə edən müəllimə əlavə ödənişlərin edilməsinə başlanılıb, keyfiyyət təminatı şöbəsi yaradılıb.

2020-ci ildə universitetin mütəxəssisləri bütün müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlayıb və bunlar Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Bu proqramlarda həmçinin pedaqoji internaturanın təşkili də nəzərdə tutulur.

ADPU-nun SABAH qruplarında 4 ixtisas üzrə tələbələr təhsil alır. Universitetdə cari tədris ilindən bəzi ixtisaslar üzrə ingilis bölməsi yaradılıb. İlk dəfə olaraq magistratura səviyyəsində təhsil üzrə MBA (Təhsilin təşkili və idarə edilməsi), Təlim və tədrisin təşkili və metodikası üzrə SABAH magistratura və Gənclərlə iş ixtisaslaşmaları üzrə mütəxəssis hazırlığına başlanılır. STEAM bacarıqları olan yeni nəsil müəllimlərin hazırlanması yönündə işlər aparılır. ADPU-da STEAM laboratoriyası yaradılıb, seçilmiş professor-müəllim heyətinə Təhsil İnstitutu ilə birlikdə müvafiq təlimlər keçirilib və yeni tədris ilindən yuxarıda qeyd olunan ixtisasların tələbələrinə “STEAM” fənni tədris ediləcəkdir. Həmçinin inklüziv təhsil yanaşmasının geniş tətbiqinə və müvafiq ixtisaslarda inklüziv təhsil fənninin tədrisinə başlanılıb.

Ölkənin ikinci ən böyük universitet kitabxanasına malik olan ali təhsil ocağı kimi, BP şirkəti ilə birgə kitabxana fondunun elektronlaşdırılmasını nəzərdə tutan irimiqyaslı layihə yekunlaşmaq üzrədir.

Bununla belə, bu gün 100 yaşını qeyd edən Pedaqoji Universitet yeni yüzilliyə daha çevik və yeni hədəflərlə daxil olur. XXI əsrdə elm və təhsilin sürətlə dəyişdiyi şəraitdə Azərbaycan müəlliminin vəzifələrini düzgün müəyyən etmək baxımından universitet 2025-ci il üçün nəzərdə tutulan strateji planında bir çox istiqamətləri nəzərə alacaqdır.

 

-Mövcud vəziyyətlə bağlı yubiley tədbirinin təntənəli şəkildə keçirilməsi mümkün olacaqmı?

-Bu, qlobal koronavirus pandemiyası ilə bağlı dünyadakı və ölkəmizdəki  vəziyyətin gedişindən asılıdır. Şükürlər olsun ki, dövlətimizin gördüyü çevik tədbirlər nəticəsində Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır və əhalinin böyük əksəriyyəti könüllü vaksinasiyadan keçib və təhsil müəssisələri də ənənəvi tədrisə qayıdır. Lakin istənilən halda sağlamlıq ən önəmli məsələdir və yubiley tədbirinin təşkili, onun forması və miqyası da bununla bağlı olacaqdır.

Biz universitet olaraq hər iki – həm onlayn, həm də ənənəvi varianta hazırlaşırıq və bu istiqamətdə işlər sürətlə davam edir.

Həmçinin onu da qeyd etmək lazımdır ki, biz yubiley tədbirlərinə ötən ildən hazırlaşırıq və bu istiqamətdə artıq xeyli işlər görülüb, ölkəmizin bir çox tanınmış universitetlərində onlayn və ənənəvi olmaqla ADPU-nun yubileyi qeyd olunub, bir çox konfranslar keçirilib.

 

-Pandemiya ilə bağlı bütün ölkədə  təhsil distant formada həyata keçirilir. Bakalavr və magistratura pillələrində həm illik təhsilin, həm də yekun qiymətləndirmə imtahanlarının, dissertasiya müdafiələrinin onlayn formada həyata keçirilməsi savadsızlaşdırmaya, gələcəkdə ixtisasından əyani şəkildə xəbərsiz mütəxəssislərin artmasına gətirib çıxaracaqmı? Distant təhsilin keyfiyyətinə inanırsınızmı?

Distant təhsil də təhsilalma formalarından biridir və bu dünya praktikasında geniş tətbiq edilir. Pandemiya səbəbi ilə bütün təhsil sisteminin onlayn platforma üzərinə keçirilməsi texniki baxımdan ilk başlarda müəyyən problem yaratsa da, bunun savadsızlaşdırmaya gətirdiyini düşünmürəm. Əksinə, bu bizim üçün bir növ fürsətləri qiymətləndirmə imkanıdır. Baxın, inşallah, pandemiya da keçəcək, amma əldə etdiyimiz və təkmilləşdirdiyimiz distant təhsil həllərinin köməyi ilə biz bütün tələbələr üçün təhsilin daha əlçatan olmasını təmin edə bilərik. Bu baxımdan bundan sonra distant və ənənəvi tədrisin, o cümlədən elektron dərs bazalarının əlaqəli, hibrid şəkildə tətbiqi şübhə doğurmur.

Lakin, istənilən halda əyani tədrisin əhəmiyyəti, xüsusən, spesifik ixtisaslarda göz önündədir. Artıq sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Amma bununla belə, kütləvi toplanmaların qarşısını almaq, həmçinin ixtisas və fənn spesifikaları nəzərə alınaraq ehtiyac olacağı təqdirdə ali təhsil müəssisələri tərəfindən müəyyən dərslərin onlayn keçirilməsi imkanları da var.

 

– 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşında düşmən üzərində tarixi qələbənin qazanılmasında xalqımızın da müstəsna xidmətləri var. Siz də bu xalqın bir nümayəndəsisiz. Bu barədə fikirlərinizi bilmək maraqlıdır.

-Tarixi zəfərimizin başlanğıcı olan 44 günlük şanlı Vətən müharibəsinin 1 ilini və əziz  şəhidlərimizin anım gününü böyük qürur hissi ilə ümumxalq miqyasında qeyd elədik. O tarixi günlər elə anlar idi ki, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dediyi kimi, xalqımız “dəmir yumruq” kimi birləşmişdi. Həmin zaman hər bir Azərbaycan vətəndaşı kimi, sözsüz ki, mənim də qəlbim fərəh hissi ilə aşıb-daşırdı. Müharibə günlərində universitet və filialların kollektivi Azərbaycan ordusuna könüllü ianələr etdi, tələbə təşkilatlarımız, könüllü tələbələrimiz genişmiqyaslı onlayn aksiyalar keçirdi, sosial şəbəkələrdəki informasiya savaşında gecə-gündüz durmadan çalışdılar və müvafiq nəticələr əldə olundu. O cümlədən, universitetimizin 100-lərlə məzunu, tələbələri Vətən müharibəsində iştirak etdi və 12 məzunumuz şəhidlik zirvəsinə ucaldı.

Biz universitet olaraq şəhid və qazi tələbə və məzunlarımızın ailələri ilə daimi əlaqə saxlayırıq. Universitetin müvafiq strukturları və tələbə təşkilatlarının nümayəndələri şəhidlərin ailələrini ziyarət edir, onlar haqqında kütləvi məlumatlar hazırlanaraq mətbuatda dərc edilir. Yeri gəlmişkən, onu da deyim ki, universitetin 100 illiyi ilə bağlı yubiley nəşrləri arasında da bu xüsus nəzərə alınıb və universitet yarandığı gündən bu günə qədər onun bütün şəhid, qazi və xüsusi qəhrəmanlıqları ilə seçilən tələbə və məzunları haqqında xüsusi nəşr hazırlanıb.

Şamil Sabiroğlu,

Medonline.az

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code