Polkovnikdən MÜHARİBƏ XƏBƏRDARLIĞI: Ruslar Qarabağda bunu edirlər, belə gedərsə…

0
14

Ötən gün rusiyalı sülhməramlıların xüsusi məsuliyyət bölgəsində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusuna qarşı növbəti təxribat həyata keçirdilər. Nəticədə ordumuzun bir hərbi qulluqçusu şəhid oldu. Rusiyalı sülhməramlılar isə məsələ ilə bağlı hər hansı açıqlama yaymadılar. Üstəlik, bu, son bir həftədə baş verən üçüncü hadisədir.

Qarabağda nələr baş verir, sülhməramlılar niyə ağızlarına su alıb oturublar? Baş verənlərin məsuliyyəti kimdədir? Təxribatlar silsilə xarakter alarsa, Azərbaycan Ordusu anti-terror əməliyyatlarına başlaya bilərmi?

Publika.az-ın budəfəki “Cümə söhbəti”ndə Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov bildirib ki, təxribatlar bu cür davam edərsə, Azərbaycan Ordusunun anti-terror əməliyyatlarına başlayacağına heç kimin şübhəsi olmasın.

Ordumuzun ehtiyatda olan polkovniki ilə müsahibəni təqdim edirik:

– Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidəki qanunsuz erməni silahlı birləşmələri növbəti dəfə təxribat törətdi. Nəticədə ordumuzun bir əsgəri şəhid oldu. Bu təxribatlar nədən xəbər verir?

– Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması və erməni silahlı terrorçu dəstələrinin təxribatı birbaşa rusiyalı sülhməramlıların təhriki və iştirakı ilə bağlıdır. Ona görə də biz burada başqa heç kimi günahlandırmamalıyıq. Yəni Rusiya sülhməramlıları Qarabağda üzərinə düşən missiyanı yerinə yetirmək istəmir. Bu da Moskvadan verilən göstəriş əsasında həyata keçirilir. Kreml çoxgedişli oyunlar oynayır. Rusiya elə fikirləşir ki, insanlar bunların həmin hoqqalarını başa düşmür, anlamır. Əslinə qalsa, biz hər şeyi görürük. Ölkə başçımız bir neçə dəfə sülhməramlılarla bağlı diplomatik formada pozitiv fikirlər səsləndirib. Prezident İlham Əliyev bu fikirlərlə qarşı tərəfə Azərbaycan tərəfinin görmək istədiyi formanın mesajını verib. Yəni biz istəyirik ki, rusiyalı sülhməramlılar öz vəzifələrini lazımi şəkildə yerinə yetirsinlər. Üzərlərinə düşən işləri görsünlər. Buna baxmayaraq, bu günə qədər sülhməramlılar tərəfindən heç bir iş görülməyib. Biz hələ erməni qanunsuz silahlı və terrorçu dəstələri tərəfindən rus əsgərlərinin öldürülməsinin və başqa hadisələrin şahidi olacağıq. Sülhməramlılar Qarabağdakı qanunsuz silahlı birləşmələrlə bağlı çoxdan ölçü götürməli idilər. Onlar ötən il regiona daxil olandan qısa müddət sonra bu işi görə bilərdilər. Amma təəssüflər olsun ki, hər hansı ölçü götürülmədi. Bu gün baş verənlərə görə də birbaşa Rusiya məsuliyyət daşıyır. Baxın, Nikol Paşinyan və Ermənistanın müdafiə naziri Moskvaya getdi. Arşak Karapetyan orada müəyyən təlimatlar alandan sonra vəziyyət bir qədər də gərginləşdi.

– Bəs Moskva Qarabağda gərginliyin azaldılması ilə bağlı niyə tədbir görmür?

– Bu sualın çox sadə cavabı var. Rusiya Müdafiə Nazirliyi Qarabağda 2 gün bundan qabaq Azərbaycan hərbi polisinin avtomobilinin atəşə tutulması ilə bağlı açıqlama yaydı. Ümumi sözlərlə ifadə edilib. Heç bilmirsən ki, atəşi kim açıb, nə olub… Kalona atəş açıldığı bildirilir. Amma hansı kalona atəş açılması haqqında nəsə deyilmir. Bilirsiniz, ruslar hoqqabazlıqla məşğuldur. Onlara Qarabağda sakitliyin olması sərf eləmir. Sakitlik olacağı təqdirdə Azərbaycan tərəfi bildirəcək ki, yerdə qalan məsələləri özüm həll edəcəyəm, yəni sizə ehtiyac yoxdur. Ona görə də öz nəzarət etdiyi bölgələri yenidən qaynadırlar. Aləmi bir-birinə qatırlar. Guya hansısa iş görürlər.

 

– Sizcə, rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə vəziyyət bundan sonra necə olacaq?

– Açığını deyim ki, vəziyyət bu cür davam edə bilməz. Özünüz də görəcəksiniz ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz kəskin etirazını bildirəcək. Çünki biz Azərbaycan zabitlərini və əsgərlərini kiminsə hoqqasına qurban verə bilmərik. Biz bu kimi məsələləri bir günə, bir həftəyə həll etmək iqtidarındayıq. Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrini tərk-silah etmək üçün bizə o qədər də güc lazım deyil. Bizim kifayət qədər imkanlarımız var. Hələ ki, səbir, dözüm nümayiş etdiririk.

– Qarabağda ermənilərin Azərbaycan Ordusuna qarşı təxribatları silsilə xarakter alsa, onlara qarşı anti-terror əməliyyatları keçirilə bilərmi?

– Buna heç kimin şübhəsi olmasın. Biz o yaranı birdəfəlik kəsib atmalıyıq. Proseslər də ona doğru gedir. Başqa variant qalmır. Biz oturub gözləməyəcəyik. Mən erməni traktorçunun vurulması hadisəsindən danışmaq istəyirəm. Azərbaycan Müdafiə Nazirliyi həmin ərazidən demək olar ki, 4 kilometr məsafədə yerləşir. Adamdan soruşarlar ki, həmin traktorçunu bizim əsgər snayper atəşi ilə necə vura bilərdi?! Bunu rusların özləri ermənilərlə bir yerdə elədilər.

– Bu hadisənin detalları necə olmuşdu?

– Ruslar və ermənilər hoqqabazlıq etmişdilər. Əvvəlcə traktorun tırtıllarını atəşə tutmuşdular. Sonra da erməni düşüb baxmaq istəyəndə onu snayper atəşi ilə vurub öldürdülər. Bunun üzərindən sükutla keçdilər. Əslinə qalsa, biz bu cür məsələlərin üzərinə getməliyik. Bu faktlar bizim əlimizdə var. Yəni siz bu məsələdə bizi necə günahlandıra bilərsiniz ki, biz sizdən 3 kilometr 600 metr məsafədə yerləşirik. Həmin traktorçu da rusların məhz iki addımlığında vurulub. Siz hansı vicdansızlıqla Azərbaycanı ittiham edə bilərsiniz?! Yenə deyirəm, rusiyalı sülhməramlılar Qarabağda ermənilərdən də ağır hoqqalarla məşğuldurlar. Çünki ermənilərin gözləri elə qorxub ki… Fikirləşirlər ki, Azərbaycan yenidən dronları qaldıra, onlardan istifadə edə bilər. Rusiyanın başıpozuq dəstələri Qarabağda əyyaşlıqla, sərxoşluqla, əxlaqsızlıqla məşğuldur. Belə deyək də, özlərini həmin ərazidə quldurbaşı kimi aparırlar. Bunu adı ilə demək lazımdır. Onlara ayıb olmalıdır. Hələ Rusiyanın sülhməramlılıq tarixində bu cür rüsvayçı, biabırçı missiya olmamışdı. Biz onu da gördük. Bunu etməməlidirlər. Azərbaycanın səbri sonsuza qədər deyil. Biz çox sərt addımlar ata bilərik. Həmin sərt addımlar da ondan ibarətdir ki, Azərbaycan Türkiyə və digər müttəfiqləri ilə bu məsələni qısa bir müddətdə həll etmək gücündədir.

– Ağdamın Mərzili kəndində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi var. Adətən biz Rusiya tərəfinin oradan məlumat yaydığını görürük. Bu Mərkəz baş verən təxribatların qarşısını almaq gücünə malikdirmi?

– Qarabağla bağlı bütün söz sahibliyi həm Amerika, həm də Fransa tərəfindən Rusiyaya verilib. Görün Ağdamda hansı məsafədə monitorinq mərkəzi yerləşir. Rusiya Prezidenti Vladimir Putin də sonuncu dəfə həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşərkən söylədi ki, monitorinq mərkəzinin fəaliyyətini çox yüksək qiymətləndirir. Ruslar görünür, özlərini ağıllı sayırlar. Necə yüksək qiymətləndirmək olar?! Biz ictimaiyyət nümayəndələri olaraq bir dəfə də görməmişik ki, həmin monitorinq mərkəzi hansısa hadisəyə reaksiya versin. Onlar sadəcə olaraq hər gün hesabat doldururlar. Həmin hesabatlar da Ankaraya, Bakıya və Moskvaya ötürülür. Vəssalam, başqa iş görülmür. Rusların yanaşması ümumiyyətlə, əcaibdir. Biz rusların yanaşmalarına görə oğullarımızı itirə bilmərik. Goranboylu balamızın, şəhid olan Əfqanın nə günahı var idi?! Xidmətini keçirsən, ümid edirsən ki, müharibə bitib, hər şey qaydasına düşüb… Özü də son erməni təxribatlarını incələyəndə ortaya çox maraqlı məqamlar çıxır. Biz deyirik ki, münaqişə başa çatıb. Bizdə oktyabrın 1-dən 31-nə kimi çağırışdır. Hərbi çağırışçılarımız xidmətə yollanır. Azərbaycan insanı həyəcan keçirir ki, müharibə necə qurtardı ki, filan yerdə əsgərimiz yaralandı, filan yerdə hərbçimiz şəhid oldu. Hətta bu təxribatlara görə qarşı tərəfə təzminat ödətdirmək də mümkündür. Hesab edirəm ki, bunu etmək lazımdır. Çünki özlərini çox yekəxana aparırlar. Baş verənlərin qarşısını yerindəcə almasaq, çox böyük hadisələr olacaq. Sülhməramlılar Qarabağda çox böyük yaramazlıqlarla məşğuldurlar. Həmin yaramazlıqlar da bizim üçün çox böyük başağrıları ilə müşayiət oluna bilər. Biz baş verənlərə diplomatik formada reaksiya veririk. Amma qarşı tərəf bundan istifadə edir, düşünürəm ki, bədəli çox ağır ola bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code