Cəbrayıl rayonunun işğaldan azad edilməsilə əlaqədar tədbir keçirilib

0
12

4 oktyabr 2021-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmasının bir illiyi münasibəti ilə Cəbrayıl rayonun  Tatar kənd tam orta məktəbi və  Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirildi. Tədbirə məhz döyüş yolu Cəbrayıldan keçən müharibə iştirakçıları, qazilər,  şəhid valideynləri iştirak edirdilər. Tədbir Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlandı və Əlisoltanlı məcburi köçkün qəsəbəsində yerləşən Böyük Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. Vətən müharibəsində iştirak edən qazilərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Murad Rəsulzadə açdı. Daha sonra söz məktəbin tarix müəllimi, müharibə iştirakçısı Vüsal Ramizov Cəbrayıl rayonu və onun tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O qeyd etdi ki, döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.

Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.

 Çıxışdan sonra Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. “Cəbrayılım azad oldu!” adlı kompozisiya tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə iştirak edən qazilər keçdikləri çox ağır, şərəfli döyüş yollarından danışdılar.  Şəhid valideynləri və kənd ağsaqqalları tədbirin keçirilməsinə görə təşəkkürlərini bildirdilər.

Şamil Sabiroğlu,

Medonline.az və sabiroghlu.com saytlarının xüsusi müxbiri

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code