Şəhid Əmral Xəmmədovun adını daşıyan bulağın açılış mərasimi keçirildi!

0
55

Azərbaycanın Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında şəhid olanların sırasında İmişli rayon sakinləri də var. I və II Vətən savaşında 252 nəfər şəhid olub (II Vətən savaşında 47 nəfər şəhid olub).  II Vətən savaşında şəhid olanlardan da biri İmişli rayonunun Çaxırlı kənd sakini, 2 oktyabr 2001-ci ildə doğulmuş Xəmmədov Əmral Zaur oğludur. Aldığımız məlumata görə, Əmral çox erkən yaşlarında ikən atası ilə anası boşanıb. Əmral 2 bacısı ilə ana baba-nənəsinin və anasının himayəsində böyüyüb. Çaxırlı kənd tam orta məktəbini bitirən Ə.Xəmmədov 2019-cu ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılb. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edərək hərbin çətinliklərinə mətanətlə sinə gərib. 2020-ci il sentyabr ayının 27-də II Vətən savaşı başlananda sıravi Ə.Xəmmədovun xidmət etdiyi Tabor da ön xətdə düşmənlərə qarşı amansız mübarizə apardı. Qanlı döyüşlərdən birində-2020-ci il oktyabrın 15-də Ə.Xəmmədov şəhid oldu. Onun meyidinin savaş meydanından çıxarılmasında dayısı Samiq bəy xüsusi dəstək göstərdi. Əmral bəyi Caxırlı kənd qəbristanlığında dəfn etdilər. Babası Balamirzə Musayev nəvəsinin adının əbədiləşdirilməsi üçün xatirə kompleksi və Bulaq inşa edilməsi üçün əllərindən gələni əsirgəmədi.

Şəhid Ə.Xəmmədovun doğum günündə Xatirə Kompleksi və Bulağın açılış mərasimi oldu. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev, şəhid General-mayor Polad Həşimovun anası Səmayə xanım, şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid İzzət bəyin anası Vəfa xanım, şəhidin qardaşı Elvin bəy, həmçinin, “Qafqaz Media” ictimai birliyinin sədri Hacıxanım Azadə Hüseynova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az və sabiroghlu.com saytlarının rəhbəri Şamil Sabiroğlu, Rusiyanın Rostov vilayətində yaşayan sahibkar, RF “Birlik” Konqresinin Rostov vilayəti üzrə vitse-prezidenti Leyla Əhmədova, İmişlidə nəşr edilən “Xalq sözü” qəzetinin baş redaktoru Nizami Aslanoğlu, İmişli rayonunun tanınmış ziyalıları- Əyyub Hüseynov, Ələsgər Ağayev, seyid Ramiz Qədirov, meyxana ustası, həm də ilahiyyatçı  Hacı Elşən Xəzər,  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri Hacıxanım Kifayət Bayramova, Birliyin üzvləri-Qurban Bayramov, Aynurə Rüstəmova, tanınmış bloger Elçin Ləmbəranski və başqaları iştirak edirdilər. Çıxış edənlər şəhid Ə.Xəmmədovun qısa, lakin, şərəfli ömür yolundan söhbət açdılar. Xatirə Kompleksinin inşasında, həmçinin, I və II Vətən müharibələrində iştirak edən qazilər, şəhid anaları “Qafqaz Media” ictimai birliyinin sədri Azadə Hüseynova tərəfindən xüsusi diplomlarla təltif edildi.

Şəhidin doğmaları və qazilər açılış rəmzi olan qırmızı lenti kəsdilər. Xeyirli və uğurlu olsun.

Redaksiyadan: Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən şəhid Əmral Xəmmədov ölümündən sonra “Cəsur döyüşçü”,”Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhu şad olsun. Amin.

Sənan İmanov, Şamilə Şamilqızı.

03.10.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code