“Rusiya MN-in Qapanlını öz məsulliyyət zonasına daxil etməsinin heç bir əsası yoxdur…”

0
28
“Bu kənd 30 ilə yaxın atəş altında qalsa da, daim ordumuzun nəzarətində olub və orada tarix boyu heç bir erməni də yaşamayıb…”
 
“Xocalı soyqırımı baş verən gün “Qurtuluş” taboru,  “Azadlıq” taboru və Tərtər polis taborunun birləşmiş qüvvələri ilə Qapanlı istiqamətindən Seysulana hücum etdik…”
 
“Mən Tərtər rayonunun strateji əhəmiyyətinə yaxşı bələdəm. Çünki həm 1992-ci  ildə məhz həmin ərazidə hərbi əməliyyatda iştirak etmişəm, eyni zamanda son 30 ilə yaxın müddətdə Qarabağ qazisi kimi erməni hərbi birləşmələriylə təmas xəttində yerləşən bir kənd olan  Qapanlıda müxtəlif ictimai tədbirlərə qatılmışam, sakinlərin güzəranlarıyla maraqlanmışam. Bu kəndin əhalisi həm  birinci Qarabağ savaşında, həm Aprel döyüşlərində, eyni zamanda son 44 günlük savaşımızda da qəhrəmanlıq nümayiş elətdirib. 30 ildən çox müddətdə Qapanlı daim qonşuluqdakı keçmiş Ağdərə rayonunun Seysulan, Qırmızıkənd və s. kəndləri istiqamətindən daim atəş altında qalıb, neçə-neçə şəhidi, yaralısı olub. Amma sakinlər öz yurdlarını tərk etməyib”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Rusiya Müdafiə Naziriyinin rəsmi saytında təqdim edilən dislokasiya xəritəsində Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil etməsinə münasibət bildirən tanınmış Qarabağ qazisi, keçmiş Bərdə taborunun komandiri istefada olan mayor Gəray Əsədov ifadə edib.
 
“Təəssüf ki, II Qarabağ savaşında da Qapanlı kəndi ilə qonşu erməni terrorçu  yuvaları olan Seysulan, Qırmızıkənd və Yarımca kəndləri  işğaldan azad edilməyib. Və yəqin ki, həmin kəndlərin ərazisində hələ də  işğalçı erməni silahlı birləşmələri yerləşir. Buna rəğmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin Qapanlını öz məsulliyyət zonasına daxil etməsi üçün heç bir əsası yoxdur. Çünki həmin kənd 1991-ci ildən bəri bütün dövrlərdə Azərbaycan ordusunun nəzarətində olub. Bu kəndi 1993-1994-cü illərdə ermənilər işğal etməyə çalışsalar da, qəhrəman ordumuz və yerli əhali ciddi müqavimət göstərərək, şəhidlər verərək düşməni kəndin ərazisindən uzaqlaşdıra biliblər” –deyə  keçmiş tabor komandiri bildirib.
 
Qarabağ qazisi Qapanlı kəndi ilə üzbəüz Seysulan kəndini erməni işğalından azad etmək üçün keçirilmiş əməliyyatda iştirakından da danışıb.
 
“1992-ci ilin fevralında Tərtər şəhəri yaxınlığında yerləşən  “ Qurtuluş” taborunda  bölük komandiri kimi xidmət edirdim. Ayın 25-də gecə xəbər aldıq ki, artıq ermənilər Xocalıya hücuma başlayıb. Komandirlərimiz belə qərara gəldi  ki, onsuz da Xocalının özünə gedib kömək etmək imkanımız yoxdur. Heç olmasa, oradakı düşmən qüvvələrin diqqətini bir az yayındırmaq üçün biz də bu istiqamətdəki Seysulan kəndinə hücum edib ermənilərə zərbə vuraq. Fevralın 26-da “Qurtuluş” taboru,  “Azadlıq” taboru və Tərtər polis taborunun birləşmiş qüvvələri ilə Qapanlı istiqamətindən Seysulana hücum etdik. Əvvəlcə düşmənin müqavimətini qırıb kəndə daxil ola bildik. Ermənilər xeyli itki verdi. Amma biz də 2 nəfər şəhid verdik. “Qurtuluş”un ilk komandiri Cahangir Kərimov  və  digər bir döyüşçümüz şəhid oldu. Düşmənə güclü dəstək gəldi və biz geri çəkilməyə məcbur olduq. Amma 1992-ci ilin yayında ordumuzun uğurlu əməliyyatları nəticəsində keçmiş Ağdərənin özü və digər bir çox kəndləri kimi  Qapanlı yaxınlığındakı Seysulan, Qırmızıkənd və Yarımca da  işğaldan azad olundu. Lakin təəssüf ki, sonradan ermənilərin Rusiyanın dəstəyi ilə güclü əks-hücumu sayəsində həmin kəndlər yenidən işğal olundu. Ancaq yenə də deyirəm, Qapanlı kəndi atəş altında qalsa da, daim ordumuzun nəzarətində olub və orada tarix boyu heç bir erməni də yaşamayıb. Odur ki, Rusiya Müdafiə Nazirliyi öz yanlışını təcili düzəltməli və 10 noyabr sazişinə uyğun olaraq ermənilər yaşayan kəndlərdəki qanunsuz silahlı birləşmələri ləğv etməlidir” –deyə  istefada olan mayor vurğulayıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code