“Səbinə Əliyeva hospitala gəlib bir kitab verib gedib, amma bu 9 ayda maraqlanmayıb ki…”

0
18
Qənirə xanım Paşayeva həmişə fəxr etdiyim deputatlardan biridir. Qeyrətli Azərbaycan qadınıdır. Avropada və digər ölkələrdə həmişə Azərbaycanı təmsil edib, sözünü deyib. Biz əsirlikdə olanda da bizim haqq səsimizi dünyaya çatdırıb. Bizim əsir və girovlara cavabdeh olan dövlət qurumları isə bir dəfə hələ mənimlə maraqlanmayıblar ki, bu 9 ayda nə işlə məşğulam. Amma Bakıya gələn gündən Qənirə xanım bizimlə əlaqə saxlayıb, hospitalda olduğumu da bilir. Bizim Ombudsman Səbinə Əliyeva bir dəfə hospitala gəlib və bir kitab verib gedib. Amma bu günki günə qədər bu doqquz ayda maraqlanmayıb ki, Şahbaz niyə hospitaldan çıxmadı. Yəni əsir və itkinlərlə məşğul olan məmurlar hamısı öz kreslolarından ötrü çalışırlar”
 
Bunu Moderator.az-a açıqlamasında altı il yarım erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Şahbaz Quliyev deyib. Ş.Quliyev əsirlikdən azad edildiyi üçün ölkə rəhbərinə bir daha öz təşəkkürünü bildirib:
 
“Allah İlham Əliyevə can sağlığı versin. Azərbaycanın qaydına qalan Ali Baş Komandanımızdır. Mən də Qənirə xanımla görüşdüm və söhbət etdik. O, çox yaxşı insandır. Bu gün 27 sentyabr 44 günlük Vətən müharibəmizdən bir il ötür. Mən yenə Azərbaycanımızın Prezidenti, Ali Baş Komandanımıza borcluyam ki, sağ-salamat ailəmin içinə gəlmişəm. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə tezliklə ailələrinin yanına qayıtmağı arzu edirəm”. 
 
Ş.Quliyev səhhətindən və ona qarşı olan məmur özbaşınalığından da gileylənib:
 
“Amma bəzi məmurlar var ki, bu doqquz ayda necə yaşadığımı hələ də bilmirlər. Mən yeddi il erməninin içində çəkdiyim zülmü son beş ayda burda çəkməyə başlamışam. Elə bil ki, əsirlikdən xilas olub türmə həyatına keçmişəm. Bir sözlə, mənimlə maraqlanan yoxdur. Bu günki gündə də çox arzu edərdim ki, Şəhidlər Xiyabanına gedib onların məzarlarını ziyarət edərdim. Əsirlikdə olanda mənimlə maraqlanırdılar, amma indi yox. Mən artıq ölkə rəhbərliyinə də bununla bağlı məktub yazmışam və deyim ki, maddi imkanım çox aşağıdır. Gözlərim zəif görür, amma özümə eynək almağa imkanım yoxdur. Gözlərimə qan gəlib, artıq sol gözüm görmür. Ayaqlarımı dizdən aşağı hiss etmirəm, görsəniz, dəhşətə gələrsiniz. Həkim dərman və müalicəvi corab yazıb. Corabın qiyməti 75 manatdır, amma almağa imkanım yoxdur. Ayaqlarım şişib və artıq çirk edir. Bu doqquz ayda evimə bir manat girməyib”. 
 
Ş.Quliyev hələ də Ermənistandan gəldiyi paltarlarını geydiyini bidirib:
 
“Qırmızı Xaç Komitəsindən evimə gəlib şəraitimə baxıb deyiblər ki, niyə sizə kömək edən yoxdur, hələ də Ermənistandan gəldiyiniz paltarı geyinirsiniz. Ermənistanda alınan paltarlar əynimdən çıxmayıb. Siz mənim dərdimi təzələdiniz və istəyirəm ki, özümü təmkinli aparım, amma mümkün deyil. Bir çıxış yolum odur ki, ölüm həyatdan gedim. Mənim Azərbaycan Prezidentinə böyük hörmətim  var, bu günki gündə də hazıram bu topal ayağımla Qarababağa gedib döyüşməyə. Çünki Cənab Prezident məni itlərin ağzından alıb. Elə bil ki, məni ikinci dəfə dünyaya gətirib. Amma bəzi məmurların sinəmdən itələyib kabinetlərinin qapısından geri qaytarması mənə çox pis təsir edir. Çünki mən Qarabağa öz var-dövlətimi, yeddi yaşlı qızımı atıb getmişəm. Heç kəs ailəsini kirayədə ümidsiz qoyub getməz. Bu gün məmurlarımızın hansının övladı bu addımı atıb, risk edib ölümə gedər?! Bizim kifayət qədər cavanlarımız öz körpə balalarını atıb döyüşə gediblər. Mənim də hər şeyim olub. Heç nə istəmirəm”. 
 
Ş.Quliyev ona təyin edilən pensiyayla da dolana bilmədiyini deyib:
 
“Mənə 130 manat sosial pensiya verirlər və son 10 ilin “stajı”nı istəyirlər. Deyirəm ki, onu gedin Ermənistandan alın. Yeddi il mən dəmir üstündə yatıb zülm çəkmişəm və hələ doqquz aydır ki, özümə gəlməmişəm. 130 manatla necə dolanım?! Evimizin nə işığı yanır, nə qazı, nə də suyu gəlir. Çünki borcumu ödəyə bilmirəm. Mənim ailəm bunun üstündə dağıldı və bununla maraqlanan da olmadı. Gözümün ağı-qarası bir qızım var idi, o da çıxdı getdi. Amma ailə quranda reklam etdilər ki, Şahbaz Quliyev ikinci dəfə ailə qurur. Anamın ürəyi partladı öldü, sağ olsun Prezidentimiz heç olmasa anamı gördüm. Ancaq Azərbaycanın bu vəziyyətində bəzi məmurların qapısında duran o hambala oxşayan, papanın-mamanın gül balalarına demək istəyirəm ki, özlərinə sənət tapsınlar. Günümə bir milyon da versələr onlar kimi gedib qapıda durub elə iş görmərəm. Qeyrəti olan oğlanlar bu gün Murovda qarın içində yeriyə bilmir. 
 
Bizim məmurlar bilmir ki, Qarabağ və orda zülm çəkmək nədir. Gəlsinlər mənim 20-50 minlik maşınlarımı versinlər. Özümü də sağaldıb həyata qaytarsınlar və heç onların pensiyasını da istəmirəm. Dilqəm Əsgərov kəndində, mən də burda zülm çəkirəm. Rəhmətlik Həsənin də iki qızı var, amma heç kim onlarla maraqlanmır”. 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code