Peyvəndlər nədən və necə hazırlanır? – Professor açıqlayır

0
11
Koronavirus infeksiyası, dünyada yayılmış müxtəlif viruslar, onların yoluxma və öldürücülük dərəcəsinə görə biri-birindən fərqli xüsusiyyətləri barədə araşdırmalar təqdim edən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, Tibb elmləri doktoru, professoru Musa Qəniyev bu dəfə peyvəndlərlə bağlı yazıb.
 

Qeyd edək ki, alimin viruslarla bağlı təqdim etdiyi elmi sübutlar, geniş məlumatlar cəmiyyətdə maraq doğurub.
 
Musa Qəniyev hesab edir ki, COVİD- 19-dan qorunmanın ən etibarlı yolu peyvənddir.
 
 
Onun sözlərinə görə, peyvəndə həqiqi münasibəti şərtləndirən əsas amil insanların bu haqda düzgün maarifləndirilməsidir. Çünki əks hal müxtəlif və ziddiyyətli məqamların yaranmasına yol açır:
 
“Məlumdur ki, peyvəndlərin tərkibi və hazırlanma texnologiyası istehsalçı sirridir və onun ictimailəşdirilməsi yalnız patent sahibi olan hüquqi varisinə məxsusdur. Lakin indi pandemiya dövrüdür. İnsanların mənəvi rahatlığı üçün peyvəndlərlə bağlı bir çox ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir. Hazırki və bundan sonrakı paylaşımlarda qarşıya qoyulan əsas məqsəd COVİD-19 əleyhinə istifadə olunan və istifadəyə tövsiyə olunacaq bütün peyvəndlər haqqında, mövcud reallıqla insanların maarifləndirilməsidir”.
 
Professor qeyd edir ki, dünyada COVİD -19 əleyhinə peyvəndlər müxtəlif texnoloji platformalar əsasında hazırlandığından, birinin digərinə nisbətən üstün və çatışmayan cəhətləri var. O, əvvəlcə “İnaktiv” və “canlı, zəiflədilmiş” peyvəndlər haqqında yazıb:
 
“İnaktiv peyvəndlər. COVİD-19 əleyhinə inaktiv peyvəndləri hazırlamaq üçün SARS-CoV-2 virusu xüsusi təbii hüceyrə kulturasında becərilir. (“VERO”- yəni təbii hüceyrə adlanan bu kultura yaşıl Afrika meymunlarının böyrək hüceyrələri epitelindən alınır) Növbəti mərhələdə, virus kimyəvi yolla inaktivləşdirilir.
 
Bu cür vaksinlərin hazırlanması çox asandır, lakin hüceyrə kulturasında olan virusun produktivliyi və kütləvi istehsal zamanı biotəhlükəsizliyinin qorunmasına zəmanət sual altında olur. Kimyəvi emala məruz qaldıqlarına görə bu vaksinlərin tərkibində alüminium hidroksid və ya digər adyuvantlar ola bilər. Bu vaksinlərin təyinində, orqanizmin immun sistemi virusu bütün struktur eləmentlərinin tamlığı ilə görür. Odur ki, əmələ gələn immun cavab tək virusun SHCO-14 zülal fraksiyasına qarşı deyil, bütünlükdə virusa qarşı (örtük təbəqə, matriks və nukleoprotein) əmələ gələcək. Yəni bu peyvəndlərin potensial fəallığı kifayət qədər yüksək olmalıdır. Paralel olaraq, onların əlavə effekti də müasir peyvəndlərə nisbətən daha yüksək olur. Belə vaksinlərin hazırda istifadə olunan əsas nümayəndəsi Çin vaksini olan “CoronaVac” (“Sinovac”)-dır.
 
 
İnaktiv peyvəndlərin hazırlanması ciddi nəzarət və bütün biotəhlükəsizlik tədbirlərinə mütləq şəkildə əməl olunmasını tələb etdiyindən bu işdə əsas məsuliyyət bilavasitə istehsalçının üzərinə düşür. Buna baxmayaraq, daxili bazara deyil, kütləvi istehsala getdiyi halda, alınmış peyvəndlərin potensial fəallığı mütləq şəkildə yoxlanılmalıdır. Yalnız bu yoxlamaların aparılmasına təminat verən müasir tibb avadanlığının olduğu təqdirdə, belə peyvəndlərdən istifadənin ciddi fəsadlara səbəb olma ehtimalı yoxdur. Odur ki, bu məqsədlə güclü tibbi nəzarət sistemi olan inkişaf etmiş ölkələr üçün nəzərdə tutulan peyvəndlərin (“ikinci əl peyvəndlər”) alınması məsləhətdir. Məsələn, “Sinovac” peyvəndinin hazırki dəstlərini bilmirəm, ancaq ilk dəsti, səhv etmirəmsə, qardaş Türkiyə dövlətindən alınmışdır. Bu peyvəndləmə strategiyasında ən düzgün seçim siyasəti idi.
 
Canlı, zəiflədilmiş peyvəndlər. Bu peyvəndlər virusun genetik zəiflədilmiş versiyasını almaq yolu ilə hazırlanır. Virusun zəiflədilmiş ştammı, ya virusun əlverişsiz şəraitə adaptasiya olunması (məsələn, virusun çox aşağı temperaturda və ya insan hüceyrəsi deyil, başqa canlı hüceyrədə inkişafı), ya da virusun rasional yolla modifikasiyaya uğradılması, məsələn, kodonların (genetik kod vahidi), deoptimizasiyası və ya təbii immunitetin tanınmasına əks olan genlərin çıxarılması nəticəsində alınır. Bu halda virus çox zəif dərəcədə replikasiyaya məruz qala bilsə də, bir qayda olaraq xəstəlik törətmir. Lakin orqanizmdə təbii virusun törətdiyi immun cavaba tam uyğun, immun reaksiyaya səbəb olur. Yəni əmələ gətirdiyi immunitet praktik olaraq xəstəlikdən sağalmışlarda əmələ gələn immunitetdən fərqlənmir. Potensial fəallıq və dözümlülük əmsalı isə, hətta inaktiv peyvəndlərdən belə yüksək olur.
 
Bu peyvəndin mühüm üstünlüyü, orqanizmə intranazal (burundaxili) yolla təyin edilə bilməsidir. Nəticədə virusun giriş qapısı olan yuxarı tənəffüs yolunun selikli qişasında güclü immun reaksiya (toxunulmazlıq) yaranır ki, bu da, hətta infeksiyaya yoluxmanı belə statistik olaraq azaldır. Virusun vaksinasiya olunmuş şəxslərdə də replikasiyaya məruz qaldığını (təkrar yoluxma) nəzərə alsaq, bu peyvəndlərin yaratdığı erkən antitel və formalaşmış hüceyrə immun reaksiyası həm də bu halın qarşısını nəzərəçarpacaq dərəcədə alır.
 
Söylədiyim müsbət xüsusiyyətlərilə bərabər bu peyvəndlərin mənfi cəhəti, təhlükəsizliyinin təmin olunması və virusun modifikasiyaya uğradılması üçün uzun zaman müddətinin tələb olunmasıdır. Başqa sözlə, ciddi tədqiqat və nəzarət tələb edən bir proses olmasıdır. Bu cür peyvəndlərə vərəm əleyhinə BCG-ni (Melburun universiteti) misal göstərmək olar. Hazırda COVİD – 19 əleyhinə COVİ-VAC adlı belə bir peyvənd ABŞ və Hindistanın birgə əməkdaşlığı ilə Hindistanın Peyvəndlər İnstitutunda hazırlanmışdır və klinik sınaqlar mərhələsindədir”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code