Əkrəm Bəydəmirli: – QHT sektoru xilas olunmalıdır

0
21

QHT dövlətin, cəmiyyətin ideoloji silahıdır, düşünən beyinidir. Bu sahənin belə duruma düşməsi məni çox narahat edir. Artıq bir ilə yaxındır QHT sektorunda maliyyələşmə dayanıb.

Milli donor təşkilatı olan QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni formatda QHT-lərə Dövlət Dəstəyi Agentliyi statusunda formalaşmasını anlayışla qarşılayırıq.

Baxmayaraq ki, müəyyən çatışmazlığa baxmayaraq, QHT-lərə Dövlət Dəstəyi Şurası yaxşı mexanizm olaraq xeyli uğurlu layihələrin icrasına nail olmuşdu. Ədalət naminə demək lazımdır ki, vaxtılə həmin qurumda çalışan çox fədakar və intellektli insanlar Vətəndaş Cəmiyyəti İnstitutlarının inkişafına əvəzsiz töhfələr veriblər.

Bu gün isə təəssüflə qeyd etməliyik ki, Azərbaycanda QHT sahəsində ciddi maliyyə problemi həllini tapmayıb. Bu da QHT-nin fəaliyyətinə mənfi təsir göstərir. Maliyyə çatışmazlığına görə, QHT sistemindəki ekspertlər bu sahədən uzaqlaşırlar. Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi isə problem olaraq qalmaqdadır.

QHT sahəsi ilə bağlı uzun-uzadı yazı yazıb, problemıəri yenidən təkrar etməyə lüzum yoxdur. Ona görə də əsas mətləbə keçib bəzi təklifləri səsləndirmək istərdim.

Birincisi, QHT-nin mövcud problemlərdən qurtulması və inkişafı ilə bağlı yol xəritəsi hazırlanmalıdır.

İkincisi, keçmiş QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti, səhvləri öyrənilməli, hətta müəyyən korrektələrlə həmin qurumun müsbət təcrübəsi yenidən tətbiq olunmalıdır.

Üçüncüsü, standartlar tətbiq olunmalıdır. QHT-nin fəaliyyəti, kadr və ümumilikdə intellektual potensialı və digər məqamlar nəzərə alınaraq bu standartlar müəyyən edilməlidir. Həmin standartlara uyğun olaraq müsabiqə daxilində və müsabiqədən kənar QHT-yə vəsaitlər ayrılmalıdır. Bəzən böyük ideyaların, innovativ təşəbbüslərin həyata keçirilməsi üçün ayrılmış vəsaitlər yetərli olmur. Bir çox hallarda kiçik qrantlar geniş layihələrin, səmərəli ideyaların ciddi effekt verməsinə mane olur.

Dördüncüsü, bəzi şəxslər var ki, bir sıra qht-lər yaradaraq müsabiqə dövründə həmin təşkilatların hər birinə qrant almaq istəyir. Bəzən buna nail olurlar. QHT sahəsində uraçılıq, bu sahəyə kütləvi axın, kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə “QHT bumu” uğurlu variant deyil. Bu gün bəzi şəxslər qazanc götürmək məqsədilə öz yaxınlarının, tanışlarının adlarına xeyli sayda QHT yaradıblar. Ötən illər ərzində eyni şəxslərə məxsus olan həmin təşkilatlar müxtəlif yerlərdən maliyyə vəsaitləri əldə etsə də ortada ciddi nəticə və hesabatlılıq yoxdur. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu problemə son qoymalıdır.

Beşincisi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi alternativ maliyyə mənbələri haqqında düşünməlidir. Bura dövlət qurumlarını, sahibkarlıq subyektlərini və digər qrant verməsi ehtimal olunan strukturları əlavə etmək olar. Çünki bu vaxta qədər bəzi nazirliklər qrant müsabiqələri elan edərək öz çevrəsinə daxil olan təşkilatları yekunda qalib elan ediblər. Əslində bu qaranlıq məqamlar ciddi araşdırma təələb edir.

Altıncısı, xarici donorlarla Azərbaycanın milli maraqları çərçivəsində əməkdaşlığın dərinləşməsi, Azərbaycan QHT-lərinin həmin xarici donorlara əlçatanlığını təmin etmək məqsədilə praktiki addımların atılması zəruridir.

Yeddincisi, Azərbaycan Gənclər Fondu ilə bağlı bəzi naratedici məqamlara nəzər salmaq istərdim. Həmin qurum yalnız gənclər təşkilatlarının layihələrinə dəstək göstərir. Qeyri gənclər təşkilatlatlarının layihələri isə heç qəbul edilmir. Əslində bu ayrı-seçkilik doğru deyil. Təşkilatlar arasında yalnız layihənin keyfiyyətinə, ideyanın səviyyəsinə görə, fərq qoymaq olar. Bundan əlavə bu gün kifayət qədər qeyri gənclər təşkilatlarında gənclələrlə bağlı layihələrə rast gəlmək mümkündür. Mənim fikrimcə, burada təşkilatın adına görə deyil, təqdim olunan layihələrin gənclər üçün nə qədər aktual olduğuna görə, dəyərləndirmə aparmaq lazımdır.

Səkkizincisi, icra olunan layihələrin monitorinqi davamlı şəkildə yerli qht-lər, müstəqil ekspertlər tərəfindən aparılıb hesabatlar hazırlanmalıdır. Təəssüf ki, belə monitorinq aparan təşkilatlar yoxdur.

Doqquzuncusu, QHT-lərin geniş fəaliyyətinə dəstək olmaq üçün mövcud qanunlarda zəruri dəyişiklər etməklə bərabər, QHT-lər üçün maksimum güzəştlər tətbiq olunmalıdır.

Əvvəlki yazılarımda qeyd etmişdim. Bu gün bir daha xatırlatmaq istərdim. QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvləri çox ciddi missiyanı yerinə yetirməlidirlər. Öncə həmin şəxslər Cənab Prezidentin etimadını doğrultmalı, Vətəndaş Cəmiyyətinin inkişafına töhfə verməli və ən əsası QHT iqtisadiyyatının yaradılması istiqamətində fədakarlıq göstərməlidirlər.

Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır. Nəhayət QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrininin elanını və icrasını təcili həyata keçirməlidir. Bu gün, postmüharibə dövründə maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır.

Medonline.az

27.08.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code