Müşfiq Əliyev: – Kəlbəcər və Laçın rayonlarında bərpa – quruculuq işləri sürətləndiriləcəkdir!

0
75

Bildiyimiz kimi, Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir. Prezident İlham Əliyev Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir, müvafiq göstərişlər verir. Daşkəsənə və Goranboya son səfərləri zamanı Prezident İlham Əliyev Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi. “CNN Türk” kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir. Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı. Bütün bunlardan əlavə olaraq, qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri də durmadan davam etdirilir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev səfər zamanı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub. İndi “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir. Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir. Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir. İndi həmin yoldan Azərbaycan tərəfi istifadə edir. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ona görə bu yolu da hərbi qənimət saymaq olar. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir. Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu. Bütün Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda Prezident İlham Əliyevin göstərişi ilə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin-Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Hava limanları sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq. Azad edilmiş ərazilərdə quruculuq bərpa işlərini əsasən Azərbaycan şirkətləri aparır. Azərbaycanla bərabər böyük layihələrdə qardaş Türkiyə şirkətləri də fəal iştirak edirlər. Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Prezident İlham Əliyev səfərləri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunur, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır. Hər kəs bilir ki, AXC-Müsavat cütlüyünün oynadığı mənfi rol, xalqımızın başına çoxlu faciələr gətirməklə yanaşı, dövlətimizi də çox ciddi problemlərlə üz-üzə qoydu. Belə ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər. AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir. Bu gün, əlbəttə ki, elm adamlarının, media və təhsil işçilərinin üzərinə çox məsuliyyətli bir vəzifə düşür. Dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar. Türkiyədə indiyədək vaxtilə Osmanlı dövlətinin tərkibində olmuş ərazilərin yalnız türkcə toponimlərindən istifadə edilir. Amma nədənsə bizdə xüsusi hallar istisna edilməklə KİV-lər bu məsələdə həssaslıq göstərmir, tarixi torpaqlarımızın adlarını erməni, rus, gürcü və ya fars toponimləri ilə verirlər. Bu etinasızlığa Prezident İlham Əliyev etiraz etdi. Birmənalı şəkildə indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir. Prezident İlham Əliyev çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən tez-tez istifadə edir, bu toponimlərin populyarlaşdırılması Azərbaycanın ictimai fəallarının, elm və media işçilərinin vəzifəsidir. Eyni zamanda, bu müharibə erməni mifologiyasının tamamilə məhv olması deməkdir. İkinci Qarabağ müharibəsi ilə Erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu. Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik. Erməni “sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil ki, uzun illər istənilən hərbi vəzifəni yerinə yetirə bilən görkəmli erməni generallar, sərkərdələr haqda mif yaradılmışdı. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar, gizləndilər. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar – onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və “vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Onların mədəniyyəti, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Erməni faşizmini ifşa edən kitablar dərc edilir, təqdimatlar da olacaq. İşğal dövründə, təbii sərvətlərimizin də talan olunmasına kömək edən xarici şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər.

Meşələr ermənilər tərəfindən məhv edilib. Talanın miqyasını müəyyən etmək üçün “Azərkosmos”un imkanlarından da istifadə edilir. Ağacla dolu olan altmış min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar. Ermənilərin bir hissəsi Kəlbəcər rayonunda qanunsuz məskunlaşmışdılar. Ancaq azərbaycanlılara məxsus olan bütün evləri yerlə-yeksan ediblər. Bütün bunlarla yanaşı, Prezident Ermənistana və hamilərinə açıq mesaj verdi. Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər Azərbaycan torpaqlarıdır, yeni sərhədlər də oradan keçəcək. Bakı İrəvana və qeyri-adekvat fikirlər səsləndirən havadarlarına mövqeyini nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul olunmalıdır, lazım olarsa Azərbaycan sərhədçiləri hazırkı mövqelərdən də irəli gedə bilərlər. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Məlumat verildi ki, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi gedir. Bu infrastruktur hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyə imkan yaradır. Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır, ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. İndiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

 

 

 

                                                                                                                                Hörmətlə,  Müşfiq Əliyev

 

                                                                                                                                  Azərbaycan Respublikası

                                                                                                   Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,

                                                                                Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi

                                                                          Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

 

                                                                                               BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Medonline.az

19.08.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code