Fitiziatr – pulmonoloq Təbib İbrahimov:- Hansısa xəstənin ölümü peyvəndləmə dövründə baş verdiyi üçün bunu peyvəndlə əlaqələndirməyə çalışırlar

0
71

Müsahibimiz Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin fitiziatr – pulmonoloqu, Tibb  üzrə fəlsəfə doktoru, ehtiyatda olan tibb ximəti baş leytenantı, medonline.az saytının Redaksiya Şurasının üzvü  Təbib Qaraş oğlu İbrahimovdur.

  • Salam Təbib həkim. Bildiyimiz kimi artıq ikinci ildir ki, bütün dünya ölkələri , eyni zamanda vətənimiz Azərbaycan Koronavirus bəlası ilə mübarizə aparır. Bu virusun hər gün yeni bir ştamının mövcudluğu haqqında məlumatlar yayılır. Hazırda Azərbaycanda da sürətlə yayıldığı deyilən Delta ştamının əlamətləri nələrdir? Necə mübarizə aparmaq lazımdır? Sizə bu ştama yoluxmuş xəstələr müraciət edibmi?

 

Qeyd etmək istəyirəm ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də virusun bu forması mövcuddur. Xəstəliyin əsas kliniki simptomları periodik dəyişən hərarətin olması, rinit əlamətləri (burunun selikli qişasının zədələnməsi , selikli ifrazatın axması), tonzillit, quru və bəzən də bəlğəmli öskürək, kəskin  intoksikasiya fonunda ürəkbulanma, qusma, disbakterioz əlamətləri ilə (bağırsaq pozulmaları) özünü göstərir. Təbii ki, bu virusun daha sürətli yayılmasının qarşısını almaq üçün ilk növbədə təmasların sayını azaltmaq lazımdır. Son vaxtlar əksepidemik tədbirlərin aparılmasına qarşı xeyli yumşalmalar müşahidə olundu ki, bu da virusun ölkəmizdə tamamilə azaldığı dövrləri əhatə edirdi.  Həmin vaxtlar toy, nişan mərasimlərinin keçirilməsi bu virusun yenidən artmasının başlıca səbəblərindən biridir. Virusa yoluxmuş bir xəstənin bu məclisdə iştirak etməsi daha çox insanın  yoluxmasına və xəstəliyin sürətlə artmasına gətirib çıxarır. Xəstəliyin daha çox artmaması üçün əksepidemik tədbirlər, sosial məsafə saxlamaq, tibbi maskalardan istifadə etmək, imkan daxilində ictimai tədbirlərdə, toy, nişan mərasimlərində az iştirak etməklə bu xəstəliyin sürətlə yayılmasının qarşısını almaq olar. Həmçinin orqanizmin ümmun qabiliyyətini möhkəmləndirmək üçün çoxlu maye, meyvə-tərəvəz məhsullarından istifadə etməli, düzgün qidalanma rejiminə əməl etməli, eyni zamanda aktiv hərəkət, bədən tərbiyəsi , tənəffüs gimnastikası və s. olunması tövsiyyə olunur.

 

  • Təbib həkim, son günlərdə Covid əleyhinə vaksinasiya zamanı vətəndaşlar arasında ölüm hallarının artması, tromblaşma və ürək-damar problemlərinin yaranması halları olduqca çoxalıb. Bunun səbəbi nədir və vətəndaşlarımıza bu sahə üzrə fəaliyyət göstərən bir həkim kimi nə məsləhət görərdiniz?

 

Açığını deyim ki, Koronavirus əleyhinə vaksin immunizasiyası zamanı ölüm hallarının baş verməsi bizim ölkəmizdə müşahidə olunmamışdır. Sadəcə hansısa xəstənin ölümü peyvəndləmə dövründə baş verdiyi üçün bunu peyvəndlə əlaqələndirməyə çalışırlar.  Bir daha onu demək istəyirəm ki, bunun peyvəndlə heç bir əlaqəsi yoxdur.

Bildiyimiz kimi bir çox xəstəliklər, şəkərli diabet, arterial hipertoniya , insult riski olan xəstələr, ürək qan-damar xəstəlikləri (ürəyin işemik xəstəliyi, miokard infarktı, aterosklerotik kardioskleroz və s.) kimi xəstəliklər kəskin hemodinamik pozulmalarla müşahidə olunur ki, bu tip xəstələr koronavirus infeksiyası üçün yüksək riskdir. Belə xəstələr Koronavirus infeksiyasına yoluxduqda daha ağır keçirirlər, hətta aralarında kəskin ağırlaşmalar, ölüm hallarının baş verməsinə gətirib çıxarır. Ona görə də ağırlaşmaların ağırlıq dərəcəsini nəzərə alaraq əhalinin Koronavirus infeksiyasına qarşı vaksin ümmunizasiyasının aparılmasını sürətləndirmək mütləqdir. Peyvəndləmə nə qədər çox və sürətlə aparılarsa, insanlar arasında bu xəstəliyə qarşı ağırlaşmalar və ölüm hallarının sayının azalmasına gətirib çıxaracaqdır.

Təbib həkim, bu gərgin iş rejimi şəraitində vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün Sizə öz təşəkkürümüzü bildiririk.

Mən təşəkkür edirəm. Var olun.

Könül Həsənli

Medonline.az

18.08.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code