Qədim türklərin yaşayış məskəni-Tovuz!

0
273

Tovuz qədim türklərin yaşayış məskəni olub. Qədim tarixi abidələrin sırasına neolit dövrü abidəsi (e.ə. VI əsr) “Göytəpə qədim yaşayış məskəni”, “Torpaqqala”, “Köhnəqala”, “Sultan körpüsü”, “Tağlı körpü”, “Koroğlu qalası”, “Haçaqaya”, “Kürboyu alban məbədləri” və s. aid etmək olar. XIII əsrin əvvəllərində monqolların Azərbaycana yürüşü zamanı (1231-1239) Tovuz böyük yaşayış məskəni olan şəhərə çevrilmiş, hətta, monqollara müqavimət göstərmişdi. Şah İsmayıl Xətainin Azərbaycana rəhbərliyi dövründə (1501-1524) Tovuz və ona bitişik ərazilər Zülqədər tayfasının bir qolu hesab edilən Şəmsəddül tayfasının irsi mülkiyyətinə verildi və inzibati cəhətdən Qarabağ (mərkəzi Gəncə idi) bəylərbəyliyinə tabe idi. Şəmsəddül mahalı Zəyəmdən qərbə, indi mənfur ermənilərə məxsus bir sıra yaşayış məntəqələrini əhatə etməklə Qazaxa qədər torpaqları əhatə edirdi. Sonralar isə sultanlığa çevrildi və XVIII əsrin ortalarına qədər müstəqil idi.

         Müasir Tovuz rayonu 1930-cu il avqustun 8-də təşkil olunub. Rəsmi məlumatlara görə ərazisi 1942 km 2, əhalisi 177.2 min nəfərdir. Rayon əhalisi əsasən kənd təsərrüfatı və maldarlıqla məşğuldur. Burda şərabçılıq da inkişaf edib. Tovuz rayon sakini Məmməd Cahangir oğlu Məmmədov rayon İcra Hakimiyyətinin Başçısıdır. O, bu vəzifəyə təyin olunanandək “AQRO Kimya ”MMC-nin prezidenti vəzifəsində çalışıb. Tovuz rayonunda 2 şəhər var: Tovuz və Qovlar.Tovuz şəhər Bələdiyyəsinin sədri İsrail Salman oğlu İbrahimov, Qovlar şəhər Bələdiyyəsinin sədri İlham  Bayram oğlu Qocayevdir.

    Dəyərli oxucular, biz,  2020-ci ilin iyul ayında Tovuz rayonunun ərazisində Ermənistan Silahlı Qüvvələrinin apardığı təxribatların şahidləriyik. O zaman Respublika Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər soydaşlarımız öz vəzifə borclarını yerinə yetirərkən şəhid oldular. Düşmən tərəfdən Tovuza uzanan xain əlllər, vətənpərvər övladlarımızın şəhid olması xəbəri Azərbaycan xalqının hamılıqla ayağa qalxmasına, nəticə etibarı ilə Ermənistan üzərində tarixi qələbə qazanmağımıza səbəb oldu. Qələbənin qazanılmasında xidməti olanların hər birinə, başda Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla – təşəkkür edirik.

medonline.az və sabiroghlu.com saytları olaraq  avqust ayından etibarən, düşmən üzərində qələbənin qazanılmasında xidməti olan oğul və qızları Sizə tanıdacağıq. Bu gün Tovuz rayonunda yaşayan bəzi şəhidlər, qazilər və müharibə iştirakçıları haqqında məlumat veririk.

“Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri, ehtiyatda olan mayor Etibar Əli oğlu Vəliyev 1968-ci il iyulun 19-da Tovuz rayonunun Əlibəyli kəndində doğulub. Əlibəyli kənd tam orta məktəbini bitirib, 1985-ci ildə Saratov vilayəti Engelsk şəhər Ali Zenit Hava Hücumundan Müdafiə Komandirləri Məktəbinə daxil olub. 1989-cu ildə bu ali təhsil ocağını bitirib. 2 il  keçmiş SSRİ və Rusiya Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 1991-ci ildə isə, ezamiyyətlə Azərbaycana gəlib.Yenicə formalaşmağa başlayan Azərbaycan Ordusunda xidmətini davam etdirib. Son iş yeri, “N” hərbi hissəsində olub. Ailəlidir, 6 övladı var.

Dəyərli Etibar müəllimlə həmsöhbət olduq. O, rayon rəhbərliyi ilə qurduqları işgüzar əlaqələrdən danışdı. Dedi ki, Tovuz  rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov sadəliyi, səmimiliyi ilə seçilən bir insandır. Cənab Başçı bütün tədbirlərdə, xüsusən də şəhidlərin xatirələrini anma mərasimlərində əhalinin yanında olur. E.Vəliyev, həmçinin, AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva, MM-nin deputatları- Arzu Nağıyev və Ülviyyə Ağayevanın rayon sakinlərinə göstərdikləri qayğıdan da danışdı.Dedi ki, xüsusən, xanım deputat Qənirə Paşayeva bölgənin sakinlərinin qarşılaşdıqları problemlərin həlli naminə əllərindən gələni əsirgəmir. Etibar müəllim deyir ki, Əlibəyli kəndi rayon ərazisində ən çox şəhidi olan 1 yaşayış məntəqəsidir-49 nəfər. Bunlardan 46 şəhid I Vətən müharibəsinin(1990-cı ildən 2020-ci ilədək), 3 şəhid isə, II Vətən müharibəsinin (2020-ci ilin 2 ayı ərzində) payına düşür. Bu kəndin 1 oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb-Qasım Rzayev. 1 nəfər “Azərbaycan bayrağı” ordeninə layiq görülüb-Hamlet Həsənov.1988-ci ildən 2020-ci ilin noyabr ayının ortalarınadək kəndin əhalisi bir-birinə dəstək olaraq Əlibəylini müdafiə ediblər.

Tovuz rayonunun Əlibəyli kənd sakinləri Mehman, Mahir və Nəriman Qəməndər oğlu Əhrahovlar nəinki doğma kəndlərinin, həmçinin, Qarabağın dağlıq hissəsində, o cümlədən də Ağdam rayonunun müdafiəsində ayıq-sayıq dayanmışlar. Qanlı döyüşlərdən birində həm Mehman, həm də Mahir ağır yaralanıb, müalicə aldıqdan sonra yenidən ön xəttə qayıdıblar. Bu ailənin ağsaqqalı Qəməndər əmi də erməni vəhşiliyinin qurbanı olub. Hər 3 qardaş “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin Tovuz rayon şöbəsinin üzvü, Mehman müəllim isə rayon şöbəsi sədrinin müavinidir

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşının qəhrəmanlarından biri də Tovuz rayonunun Cilovdarlı kənd sakini Nəsif Ədalət oğlu Rüstəmovdur. O, 1996-cı il təvəllüdlüdür. 2014-2016-cı illərdə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Biz, Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini, şəhid Əfşan Hüseynovun atası Əbülfəz Hüseynov, şəhidin anası Şəhla xanım  və Ağdam kənd sakini, şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov,  şəhidin anası Nuriyyə xanım ilə də görüşdük. Doğma yurdumuzun ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən şəhidlərin valideynləri Azərbaycan Prezidentinin və xalqımızın bu cür ailələrə göstərdiyi dəstəkdən danışdılar. Dönməz Məmmədov dedi ki, oğlunun 2 yadigarını böyütmək üçün onlara çoxsaylı insandan təklif gəlib. Elə Rusiyada yaşayan həmyerlimiz İlham Rəhimov kimi. Onun təklifi dəyərləndirilib, Eyni zamanda, Milli Məclisin Komitə sədri xanım Qənirə Paşayeva. 44 günlük savaş zamanı daim bizimlə birgə olan Qənirə xanım, həmçinin köməkçisi İlqar Kərimov imkanları daxilində ailəmizə maddi və mənəvi kömək göstərib.

Azərbaycanın tarixi qələbəsi ilə başa çatan II Vətən savaşında zəhməti olan insanlardan biri əslən Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Qənirə Ələsgər qızı Paşayevadır. Qənirə xanım hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədridir. Nəinki tovuzlular, əksər şəhər və rayonların sakinləri Q.Paşayevanın gördüyü işləri yüksək qiymətləndirirlər.

 

Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində, ziyalı ailəsində doğulub.Ali təhsillidir. O, 4-cü dəfədir 105 saylı Tovuz Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilir.O, ötən müddətdə nəinki seçicilərin, həmçinin, ona müraciət edən digər şəxslərin də müraciətlərini cavablandırıb. Qənirə xanım yeganə deputatdır ki, hər gün ən azı 20-30 şəxsi qəbul edir və ya müraciətini aidiyyəti üzrə dövlət orqanlarına göndərir. Məsələn, 2005-ci ildə deputat seçildikdən az sonra Əyyublu kəndinin 40 – dan çox azyaşlı xəstə sakininin əlillik dərəcələrinin təyin edilməsinə, 16 ədəd bulağın Düzcırdaxan və Cəlilli kəndləri arasında inşasına nail olub. Qənirə xanım, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri zamanı şəhid olmuş İlqar Zeynallının vaxtilə yaşadığı evə kimi asfalt döşənməsinə nail olub. Onun  bacısı, BDU-nun tələbəsi Fidan xanımın təhsil haqqının ödənməsinə kömək edib, həmçinin, şəhidin qardaşı Sənan Zeynallının ölkəmizin gömrük orqanlarında müvafiq işlə təmin edilməsinə nail olub.Xanım Q.Paşayevanın adından Tovuz rayonunun Məşədilər kənd sakini, şəhid Mirzəyev Eltac Füzuli oğlunun ailəsinə paltaryuyan maşın hədiyyə olunub. Q.Paşayevanın yaxından köməyi ilə Qovlar şəhərində 500 m.dən çox içməli su xətti təzələnib. COVİD 19 pandemiyası ilə əlaqədar Qənirə xanımın adından 2.461 ailəyə ərzaq yardımı  çatdırılıb. Q.Paşayeva rayon ərazisində yaşayan 100-dən çox müharibə iştirakçısının əlillik dərəcəsnin təyin edilməsinə, 20-dən çox ailənnin müayinə və müalicəsinə köməklik göstərib.

(ardı var)

Şamil Sabiroğlu,

Arzu Səfərov.

Medonline.az və sabiroghlu.com saytlarının xüsusi müxbirləri.

1-3 avqust 2021-ci il

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code