Bakıda təcili yardım QITLIĞI – “Maşın azdır, hamısı “vızovdadır”, gələ bilmirlər”

0
10
Pandemiya başlayandan Bakı və ətrafında təcili yardım kollapsı yaşanır. Gündəlik yoluxma 2000-i keçəndə digər çağırışlara “koronavirus xəstələri çoxdur” deyə imtinalar və yubanmalar olurdu. İndi isə yoluxma az, kovid xəstəxanaları bağlı olduğu halda yenə də təcili yardım qıtlığı bitmək bilmir.
 
Medonline.az xəbər verir ki, hər gün sosial şəbəkələrdə yüzlərlə insan təcili yardıma düşə bilmədiyi, çağırışı qeydə alıb gəlmədikləri, təcili yardım briqadasının ən tezi 40-45 dəqiqəyə çatması, bəzənsə səhər alınan çağırışa günorta, hətta axşam çatdıqları barədə şikayətlər, rəylər yazılır.
 
103 qaynar xəttinə düşmək isə bir başqa problemdir.
 
Çağırışı qeydə alan dispetçer həkimi gecikmələrin səbəbini maşın çatışmazlığı ilə əsaslandırır. Hər gün insanlar eyni sözü eşidir:
 
“Maşın yoxdur, hamısı “vızov”dadır. Maşın azdır”.
 
Bu problem nəylə bağlıdır. Bakının artan əhalisi nəzərə alınmadan təcili yardım maşını və briqadalarının tələbata uyğun planlanmaması? Axı prezident böyük və yeni təcili yardım maşınları avtoparkının açılışını etmişdi.
Həqiqətənmi paytaxtda konkret olaraq tibbi maşın çatışmır?
 
Hazırda Bakı üzrə təcili təxirəsalınmaz tibbi yardımda 1600 həkim və tibb bacısı çalışır. Onlar növbəli işləyirlər. Əgər növbəyə bölsək bir iş günündə Bakı kimi şəhərə cəmi 700 həkim və tibb bacısı düşür. Bu rəqəm əlbəttə ki, sayı qeyri rəsmi olaraq 3 milyonu keçən meqapolis üçün dəryada damladır.
 
Üstəlik koronavirus xəstələrinin yoxlanması, testlər, daşınması da təcili yardımın üzərinə düşüb.
 
İsti aylarda dənizdə boğulanlar, bağlarda xəstə olanlar, istidən ürək və beyin insultu olanlar artdığından belə vəziyyətdə maşın yoxdur bəhanəsi xəstələrin problemi deyil. Maşın azdırsa, deməli, yerli icra orqanları, Bakı şəhər Səhiyyə rəsmiləri, Səhiyyə nazirliyi işini düzgün qura bilmir.
 
Hazırda gündə cəmi heç 20 koronavirus xəstəsi təxliyə olunmur, təcili yardımın üzərində pandemiya basqısı yoxdur, amma yenə də maşın çatışmır.
 
İnsanlar yenə də vaxtında, düzgün və keyfiyyətli təxirəsalınmaz yardım ala bilmir.
 
Buna sübut kimi, mətbuatda işıqlandırılan son ölüm hadisələrində təcili yardımın ürəyi tutub gedən, evində ölən və öldürülən insanın üzərinə 40-45 dəqiqə sonra çatmasıdır. Hadisələrdən biri elə Binəqədi qəsəbəsinin içində olan təcili yardım stansiyasının 100 metrliyində baş vermişdi, amma ordan da maşın vızıvdadır, demişik gəlir cavabı vermişdilər. Nəticədə yaralı 45 dəqiqə içində qanaxmadan həyatını itirmişdi.
 
Bu gün səhər yenə facebookda yazıblar:
 
“İstəməzdim ki, bayram sabahınız belə xəbərlə açılsın. Bu gecə ailə üzvümüzün halı pisləşdi. 103-ü yığdıq. Cavab vermirdi. Müxtəlif telefonlardan yığdıq. Sanki bu təcili yardım yox, hansısa qohumumun evi idi, evdə heç kim yoxdur deyə cavab yox idi. İnsan bir anda duruxdu ki, mən hara zəng edirəm? O an anladım ki, bu dəqiqə yaxınım ölsə, mən heç nə edə bilməyəcəm. Soyuq tər basdı. Səhərəyaxın öz yarımstansiyamızın nömrəsini tapıb ora zəng etdik, bizə dedilər ki, hazırda maşın yoxdur, gələ bilməyəcəklər. İstəyirsiz gözləyin”.
 
 
Xatırlatmaq istərdik ki, Təcili tibbi yardım dispetçerinin istər Bakıda, istər rayonda vətəndaşa heç bir halda imtina edib, bunu maşının azlığı ilə əsaslandırması qeyri-qanuni və tibbi etikaya ziddir. Təcili yardımın texniki problemləri vətəndaşın problemi deyil. Azərbaycanın paytaxtı Bakının tələb-tələbata uyğun sayda təcili yardım maşını və briqadası ilə təmin olunması və işin təşkili birbaşa dövlət qurumlarının borcudur.
 
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code